Əliağa Məmmədov: “Kino bizə problemlərdən xilas olmağa kömək edir” – MÜSAHİBƏ
Yaradıcı insanları ətrafında toplamaq və onları vahid komandaya necə çevirmək olar? Çoxsaylı hissələri bütöv bir layihə halına necə salmaq olar? İnsanların dünyagörüşünə təsir edən, onların düşünməyə vadar edən filmlər necə yaranır? Bu suallara cavabı bu sahədə zirvələrə yüksəlmiş bir adam verə bilər – "Cinealliance Company”-nin rəhbəri Əliağa Məmmədov
- Söhbətə başlamazdan əvvəl dediniz ki, bu sizin ilk müsahibənizdir. Biraz özünüz barədə məlumat verərdiniz...
- Mənim iki təhsilim var – əvvəlcə Əzim Əzimzadə adına buraxılışın bədii toxuculuq fakültəsini, sonra isə M. Əliyev adına incəsənət universitetinin sənaye qrafikası fakültəsini bitirmişəm. Diplom işim kitab nəşrlərinin illustrasiyası olduğundan məni dərhal "Yazıçı” nəşriyyatına ştat işçisi kimi işləməyə dəvət etmişdilər, bir neçə ildən sonra isə "Gənclik” nəşriyyatının baş rəssamı oldum. Bu iş mənim həyatımda çox ciddi rol oynadı – mən Rəssamlar İttifaqının, Jurnalistlər ittifaqının üzvü oldum, bir çox rəssamlarla əməkdaşlıq etdim, çox sayda illustrasiyalar çəkdim. Ancaq "yenidənqurma” dövründə nəşriyyat sahəsində vəziyyət o qədər pisləşdi ki, mən peşəmi dəyişmək qərarına gəldim və xalçaçılıqla məşğul olmağa başladım. Bu, həmin dövrdə çox tələb olunan predmet idi, dünya Azərbaycanı özü üçün kəşf edirdi, xalça isə bizim ənənələrimizi özündə əks etdirən detallardan biri idi. Yaradan hər bir xalqa bir cür qabiliyyət verib, Azərbaycana da xalçaçılıq sənətini bəxş edib, təsadüfi deyil ki, Azərbaycanda 600 fərqli məktəb və üslub var.
Özümün eksperimental emalatxanamı və Bakı və Ağsuda xalçaçılıq sexini yaradanda həyatım 180º dərəcə dəyişdi. Çox çətin müharibə dövrüydü – hər yanda, xüsusilə rayonlarda işsizlik, yoxsulluq hökm sürürdü. Biz demək olar ki, əllərindən heç nə gəlməyən qızları işə götürür və onlara sıfırdan öyrədirdik... Qısa müddət sonra biz əla nəticələr əldə etdik – biznes çiçəkləndi, məni tez-tez Avropa paytaxtlarına dəvət edirdilər, mən hətta Londonda bu sahədə avtoritetlərdən biri sayılan və «HALI - International Magazine of Antique Carpet and Textile Arts» jurnalının baş redaktoru Robert Pinnerlə görüşməyə müvəffəq oldum. Ancaq belə fantastik perspektivlərə baxmayaraq, bu səhifəni həyatımda qapamaq qərarına gəldim.
- Niyə?
- Həmin dövrdə biz əsasən xarici partnyorlarla əməkdaşlıq edirdik, qanunvericilik və bank sistemi tam oturuşmamışdı, biz daim çoxsaylı çətinliklərlə üzləşirdik.
- Bəs tələbələriniz necə oldu?
- Zaman ərzində həmin qızlar mədəni və estetik çərçivədə çox irəli getdilər. Ancaq təəssüf ki, biznes axsamağa başlayanda, onlar başqa iş dalınca getməli oldular...
Əlbəttə, xalçaların kitablarla yanaşı, qəlbimdəki yeri çox böyükdür, mən bu səhifələri həyatımdan çıxarmalı olsam da, həmin dövrlər çox məhsuldar idi. Əgər kitablar mənə yaradıcı insanlarla ünsiyyət qazandırdısa, xalçaların sayəsində isə biznesin qaydalarını və incəliklərini öyrəndim. Sonradan reklam sahəsində çalışmağa başlayanda, bu təcrübə mənə çox kömək oldu.
- Reklama ancaq tənbəllər lənət yağdırmır! Siz nəyə görə bu sahəni seçdiniz!
- Bu 90-cı illərin əvvəllərində baş verdi, o zamanlar reklam təzə-təzə inkişaf edirdi, yadımdadır, bir çox tanışlarım mənim işimə şübhəylə yanaşırdılar, onda reklam işiylə bir neçə şirkət məşğul olurdu və demək olar ki, ortada istehsal yoxuydu. 1995-ci ilin axırında mənə ilk böyük layihəni– Azercell-in Azərbaycanda rəsmi açılışına qədər onun brendinin yaradılmasını tapşırdılar. Təbii ki, mən razılıq verdim və ailəmlə birlikdə Türkiyəyə getdim. Bu da mənim taleyimdə həlledici anlardan biriydi, çünki mənim bütün yaradıcı və peşəkar istəklərim, ideyalarım və imkanlarım bir nöqtədə birləşmişdi!
- Əməkdaşlığınız uğurlu alındımı?
- Kifayət qədər yaxşı alındı, Azercell-lə 14 il işlədik, bu da reklam biznesində çox yaxşı göstəricidir. İlk illərdə şirkətimiz çox sürətlə böyüdü, sonra yüksək keyfiyyətdə videoreproduksiya istəyən başqa müştərilərimiz də ortaya çıxdı. 90-cı illərdə bunları yerinə yetirmək çox çətin idi, kadr və təchizat çatışmazlığımız var idi, bu problemləri həll etmək üçün 1999-cu ildə "Cinealliance”-ı yaratdıq. Yeri gəlmişkən, şirkəti yaratmağın təşəbbüskarlarından biri məşhur kinoperator Rafiq Quliyev idi.
"Cinealliance”-ın mövcudluğu ərzində biz çox sayda nəinki reklam produksiyaları, həmçinin sənədli və bədii filmlər, mahnı klipləri, televiziya layihələri ortaya qoyduq, onlardan bəziləri Mədəniyyət nazirliyilə birgə yaradılmışdı. Bundan başqa, Hollivuddan tutmuş yaponlara qədər xarici mütəxəssis və həmkarlarla işləməkdə ən böyük təcrübə bizdəydi.
- "Cinealliance”-ın komandası necə yarandı? Uğurun sirri nədir?
- Bu məsələ məni xüsusilə qürurlandırır! Reklam agentliyi üçün komanda fundamentdir, 15 il ərzində biz nəinki bötöv bir agentlik, həmçinin öz işlərini yüksək səviyyədə görə bilən peşəkar bir komanda qurduq. Sirrlərə gəldikdə isə, bizim uğurumuz daimi inkişafa və kamilliyə əsaslanır. Mən ən müxtəlif Hollivud menecment və məktəblərinin öyrənilməsi və tətbiq edilməsiylə məşğul olurdum. Təchizat - əldə etmək məsələsidir, ancaq biz bu istiqamətdə yeganə şirkətik ki, texniki və yaradıcılıq məsələsində inanılmaz dərəcədə produktiv tandemə nail ola bilmişik. Biz bu yola əvvəlcədən başlamışdıq – müştərilərimizə kompleks həllər təklif edir, nəticəyə görə də məsuliyyət daşıyırdıq.
- Reklam layihəsi üzərində iş nədən başlayır?
- İdeyadan! Sifarişçiyə təqdim etdiyimiz kreativ ideya - məhsulu almaq üçün müştərini təkcə həvəsləndirməməli, həm də onu alması üçün provakasiyaya çəkməlidir. Ancaq ideyanın doğulmasından onun reallaşmasına qədər biz böyük bir yol keçirik. Biz istehlakçının beynində nə baş verdiyini anlamalı, bu və ya digər industriyayla, brendlə bağlı məsələləri analiz etməli, brendin irəli getməsi və çiçəklənməsi üçün yaradıcı həll yolu tapmalıyıq. Bu, brendin spesifikası üçün detallı və uzun iş tələb edir. Effektivlik müştərinin və şirkətin bu istiqamətdə nə qədər ardıcıl olmasından asılıdır.
- Niyə bizdə qeyri-standart reklamlar çəkilmir? "Ana, ata, oğul və qız” möhürüylə basılan reklamlar zinhara gətirib, yeniliyə, qeyri-adiliyə ehtiyac var...
- Ümumiyyətlə, reklam istehlakçıların əksəriyyətini qıcıq edir, çünki reklam onun vaxtını alır, seriala və ya futbol matçına baxmaqdan yayındırır. Ona görə də reklam agentliyinin tapşırığı məhz istehlakçını da maraqlandıra biləcək vizuall həll yolu tapmaqdan ibarət olmalıdır. Qeyri-standart reklam, yaxud savadlı təqdimat yaxşı nəticə verə bilər, ancaq onu müştəriyə və tamaşaçıya çatdırmaq çətindir.
Dünya reklamının demək olar 200 yaşı var və bu böyük incəsənətdir. İncəsənətdə istənilən yüksəlişin tarixi kökləri var və bu rəssama impuls verir. Niyə indiki dövrdə Pikasso, yaxud Matiss, Qarayev və Əmirov yoxdur? Onların yaradıcılığını qiymətləndirəcək adam belə yoxdur. Eyni proseslər də reklam sahəsində baş verir. Əksər istedadlar gedirlər, çünki reklam nəhəglərində daimi iş yeri təklif edilir. Mən reklamçını adi insandan belə fərqləndirirəm, o uçurumun qarşısında dayanıb, hər an yıxıla bilər, amma onun qarşısında möhtəşəm bir mənzərə var!
- Sizə, reklam yaradan insana - reklam istehlakçıda yaratdığı təəssüratı yarada bilirmi?
- Siz güləcəksiniz, amma tutalım ki, məndən evdən diş məcunu almaq xahiş edilib, məsələn, mən bilirəm filan məcun o qədər də yaxşı deyil, amma mən gedib məhz onu alıram, çünki onu TV-də görmüşəm. Reklam öz işini görür.
- Azərbaycanda reklam biznesiylə məşğul olmaq asandırmı?
- Çətindir, çünki elə stereotiplər və arxetiplərimiz var ki, biz onları nəzərə almaya bilmərik. Ancaq bizim cəmiyyətimizdəki ən müsbət cəhət odur ki, biz yaxşı yaşamağı, əylənməyi, mümkünsüz görünən şeyləri arzulamağa qadirik, bu barədə italiyanlarla çox oxşarıq. Məsələn, prestijli bir şirkətdə işləyən almanın heç ağlına da gəlməz ki, saat və ya mexanika maşını kolleksiyası toplasın.
- Nəyə görə, "Cinealliance” film çəkmək qərarına gəldi?
- Bu zamanın tələbidir. Mən kino həvəskarı, kinomanam, nadir hallarda özümə internetdə filmə baxmağa icazə versəm də, ancaq kitab mənimçün daim kağız formasında mövcud olacaq. Bu xüsusi dünyadır. Ancaq bu gün təəssüf ki, kitabla müqayisədə vizual materialın kütlələrə təsir və idarəetmə imkanları müqayisə edilməz dərəcədə böyüküdür. Lenin incəsənətin vacibliyi barədəki məşhur aforizmini boş yerə deməyib ki!
- "Cinealliance”-ın rəhbəri kimi sizin ən ali məqsədiniz nədir?
- Yaradıcı və texniki mütəxəssisləri cəlb etmək və istiqamət vermək, effektli simbioza nail olmaq və nəticə əldə etmək. Ona görə də, əməkdaşlarımın inkişaf etdiyini görəndə, yerə-göyə sığmıram. "Cinealliance”da biz işimizi hədsiz dərəcədə çox sevdiyimizə görə gözəl aura yarada bilmişik.
- Böhranın öhdəsindən necə gəlirsiz?
- Bir müddət əvvəl bir tanışımla görüşmüşdüm, hal-əhval turandan sonra, mən ona öz planlarım barədə emosional formada danışmağa başladım. O mənə böyük heyrətlə qulaq asdı və sonra dedi: "Adi günlərdə sənin çox skeptik görünüşün olur, indi hər şeyin batdığı zaman isə sən nikbinliklə dolusan. Bu səndə hardandır?”
"Bilmirəm”, - mən səmimiyyətlə dedim, işim mənə böyük zövq bəxş edir. Düzdür, bəzən mən melanxoliyada oluram, təbiətcə mən ziddiyətli insanam, mənlə ünsiyyətdə olmaq da asan deyil, şirkətdə əməkdaşlar üçün yaratdığım atmosfer ya cəhənnəm, ya da cənnət olur. "Cinealliance”-ın ruhunu duymayanlar üçün cəhənnəmdir, o mənada cənnətdir ki, burda yaradıcı iş üçün bütün şərlər mövcuddur. Bizim komandamız əsl həmfikirlər ailəsidir və mən onların arasında özümü yaxşı nəticə əldə etmək üçün qoruyan, istiqamət və motivasiya verən ata kimi hiss edirəm.
- Sizdən kinoman kimi soruşuram, nəyə görə kinoteatrlarda müasir Azərbaycan filmi görmürük?
- Problemlərdən biri odur ki, biz tamaşaçımızı itirmişik, Azərbaycan kinosunun yaxşı prokatının olması üçün isə iki yüz min tamaşaçı tələb olunur. Bakı – kino şəhəri olub, festivallarda kino biletləri üçün növbələrində saatlarla dayandığımız yadımdadır. Məncə, bu ənənə yaxın zamanlarda yenə bərpa olunacaq, üstəlik, kinozalların artması üçün daimi işlər görülür. Distrübüterlərdən biri hətta mənə demişdi ki, axır vaxtlar bakılılar təkcə komdiyalara deyil, Berqmanın filmlərinə də baxmağa gəlirlər.
- Bizim gənclik Berqmana baxır?
- Bir dəfə Londonda Britaniya Kino mükafatını olan BAFTA-nın əsas hakimlərindən biriylə söhbət edirdim, o mənə dedi ki, hətta Böyük Britaniyada cəmi 3 faiz hazırlıqlı tamaşaçı var, qalanları əyləncə üçün kinoteatrlara gedirlər. Kino şəxsiyyət yaradır, cəmiyyət yaxşı, ciddi kinonu qəbul etməyə hazırlıqlı olmalıdır.
- Cəmiyyət heç vaxt özü özünü reallaşdıra bilməz. Biz- kütləyik, hara sür desələr, orada sürəcəyik!
- Siz hardasa haqlısınız... Ancaq bizlər, Azərbaycan kinosunun gələcəyindən narahat olanlar, əllərimizi salıb oturmuruq. 10 il əvvəl "Cinealliance”-ın dəstəyilə Orxan Fikrətoğlu "Ərazi” adlı müstəqil, qısa metrajlı filmini çəkdi. Amerikaya işgüzar səfərlərimdən birində məni onu Amerika universitetlərindən birində nümayiş etdirdim və tələbələr bu filmlə bağlı referat yazdılar. Mən dünyanın o başında yaşayan insanların bizim reallığımızda yaşayırlarmış kimi, filmin ideyasını, məğzini aça bilməsindən heyrətə düşmüşdüm.
Əlbəttə, Orxanın filminə sponsorluq etməklə mən risk etmişdim, ancaq praqmatiklərə necə başa salasan ki, belə filmlər çəkməklə biz yeni film dili yaratmış və qabağa getmiş oluruq.
- Onda biz öz filmimizi nə vaxtacan gözləməliyik?
- Məncə, bu tezliklə baş verəcək... Bir müddət əvvəl "28 mall”a baş çəkmişdm, orada müşahidə etdim ki, ticarət mərkəzində adam seyrək idi, ancaq kinozal ağzına qədər doluydu, bu o deməkdir ki, insanlar kinoya bilet alırlar və 2 saat ərzində reallıqdan uzaqlaşırlar. Kinonun sehri də elə bununla bağlıdır, o bizə problemlərdən xilas olmağa kömək edir.
Materialı Bəhram Bağırzadə təqdim edib.
www.ann.az