Rasim Əliyevi öldürməkdə təqsirli bilinənlərin məhkəməsi başladı

Jurnalist Rasim Əliyevin ölüm faktı üzrə məhkəmə zərərçəkən tərəfin vəsatətlərinin təmin olunmaması ilə başlayıb.
ANN.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum jurnalist, ANN.TV-nin reportyoru Rasim Əliyevi döyərək öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Məhkəmə prosesinə sədrliyi Eldar İsmayılov edib.
Hazırlıq iclasında təqsirləndirilən və zərərçəkən tərəflərin hüquqi varislərinin şəxsiyyəti müəyyənləşdirilib.
Daha sonra zərərçəkmiş tərəfin hüquqlarını müdafiə edən vəkillər - Fariz Namazov və Əsabəli Mustafayev həkimlərin məhsuliyyətə cəlb edilməsi, eləcə də adları şahid qismində olmayan şəxslərin yenidən dindirilməsi ilə bağlı vəsatəti hakimə təqdim ediblər. Lakin hakim Eldar İsmayılov onları təmin etməyib. Yalnız şahid qismində bir neçə şəxsin dindirilməsi ilə bağlı vəsatətə yenidən baxılacağını bildirib.
Məhkəmə baxışı 12 yanvar saat 10:30 təyin edilib. Xatırladaq ki, avqustun 8-də ANN.TV-nin əməkdaşı Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar. İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da "Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının "Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "Facebook” səhifəsində tənqidi fikirlər yazmış ANN.TV-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib. Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar.
R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib. İstintaq zamanı R.Əliyevə məxsus "iPhone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən "Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib.
Orxan Aslanlı
www.ann.az
Son xəbərlər
Daha çox 