Restoran tənqidi: "Mari Vanna"da qonaq olmaq
Elcan Bədəlov
20-ci əsrin sonlarında dünya xəritəsindən Sovet İttifaqı silindi. 15 bacı-qardaş ölkə bir günün içində nəinki qohumluqlarını sonlandırdılar, hətta bəzi hallarda bir-birləriylə düşmən oldular. İndiyədək sovetlərin, yoxsa müstəqilliyin daha yaxşı olması barədə mübahisələr səngimir. Bir tərəfdə möhtəşəm kino, fundamental elm, sosial müdafiə və pulsuz səhiyyə - digər tərəfdə isə bağlı sərhədlər, elementar qida növləri də daxil olmaqla əmtəə defisiti mövcud idi. Yəqin çoxları restoranların qıt menyusunu xatırlayır... Ancaq bir tərəfdən biz SSRİ-yə hər birimizin evinə daxil olan internasional mətbəxi ortaya çıxardığına görə də minnətdar olmalıyıq. Azərbaycan dolması, Ukrayna borşu, paytaxt salatı, Qafqaz kababı, özbək plovu və gürcü xaçapurisi...
SSRİ-nin dağılmasından dörddə bir əsr keçib, ancaq SSRİ xalqları mətbəxinə olan sevgi nəinki azalmır, əksinə, gün-gündən artır. Təəccüblü deyil ki, bir çox ölkələrdə sovet "yönlü” mətbəxi olan restoranlar açılır. Bakıda uzun illər belə yeməklər təklif edən balaca restoranlar olub, yeməkləri də babat olub, ancaq könül daha dolğun və əhatəli mətbəx istərdi. Bizim masaya və milli mətbəxlərə olan tələbatımızı nəzərə alsaq, belə restoranın açılması sadəcə zaman məsələsiydi.

Keçən il mayında qurmanlar və dadlı yemək xoşlayanlar üçün Bakıda "Mari Vanna” qapılarını açıq elan elədi. Bakı - Moskva, Sankt-Peterburq, London, Nyu-York və Vaşinqtondan sonra, eyni adlı restoranın açıldığı 6-cı məkan oldu.
"Mari Vanna" duz-çörəyilə seçilən və qonaq qəbul etməyi sevən simvolik Mari Vannanın yaşadığı mənzil üslubunda qurulan restorandır. Qeyd etmək yerində düşər ki, "Mari Vanna"nın dizaynerlərinin zövqü hər bir qonaqda nostalji duyğular yaradır. Burada büzməli, krujevalı salfetlər üzərində xrustal vazalar və vanilli suxarılar var. Rəflərin üzərinə artıq nadir sayılan antikvar boşqablar düzülüb, foyedə isə üzərində sovet evdar qadınlarının sevimlisi olan köhnə telefon apparatı olan komod var. Masa və oturacaqlar ziyarətçiləri keçmişlərə, bizim köhnə nəslin yaşadığı proletarlar ölkəsindəki təvəzökar həyat tərzinə aparır.
İndi isə bilavasitə şam yeməyi haqqında bir neçə söz.
Hər zaman olduğu kimi birinci masaya somolye Anatoli yaxınlaşdı. Qəfildən sanki sehrli çubuğun köməyilə masaya restoranın orijinal tinkturası gəldi. Bir neçə dəqiqədən sonra gecənin şərabı seçildi. Heyratamizdir, bu adam hər dəfə məni müdrik seçimiylə təəccübləndirə bilir. Böyük ehtimal, Bakıda onun səviyyəsində mütəxxəsis azdır. O təkcə bizim üçün əla içki seçimi məsləhəti vermir, həm də xoş ovqatını sizinlə paylaşır. Tanışlıq sərhədlərini aşmadan uğurlu zarafatlar edir. Restoranda belə adamın olması əladır. İlk təəssüratdan çox şey asılır, bu sizin gecənizin necə keçəcəyini müəyyən edə bilir.

Menyuya baxdıqdan sonra ofisiant bizdən sifarişi götürdü: toyuq paşteti, bitki yağı əlavə edilmiş təzə salat, paytaxt salatı, rəndələnmiş kartofda befstraqon və püredə toyuq şniseli.
Bir müddət keçəndən sonra yeməklər gəlib çıxdı. Taxta lövhə üzərinə qoyulmuş çovdar tostu və şüşə bankada paştet. Dekor əvəzinə, yaşıl soğan və çerri pomidorları. Salatlar xrustal vazalarda qoyulmuşdu, sanki bununla keçən əsrin 70-ci illərinin atmosferini yaratmağa çalışırdılar. Yeməklər barədə heç bir irad ola bilməzdi, sadəcə möhtəşəmiydilər. Yeri gəlmişkən, əgər siz dad əlavəsi istəyirsinizsə, salata ətirli yağ əlavə edə bilərlər. Paytaxt salatı bişmiş kolbasayla hazırlanmışdı, çox dadlı idi. Çoxları deyə bilər: "Kolbasanın nə dəxli var?” Cavab verim: paytaxt salatının olivye salatından fərqi də elə budur.
Yeməklərdən zövq aldıqdan sonra biz fasilə etmək və siqaret çəkmək qərarına gəldik. Restoranda siqaret çəkməyə icazə verilmir, ona görə də biz xüsusi təcrid edilmiş bir yerə keçdik. Bunu çox düzgün qiymətləndirirəm, axı restorana uşaqlarla gələn çoxlu müştəri olur. Siz isə siqaret çəkənsinizsə, "Kurilka” adlanan yerə keçib, divanda oturub bir qədəh içkiylə zövq ala bilərsiniz.
Sonra biz öz yerimizə qayıtdıq, növbə isə əsas yeməklərə çatdı: bunlar püredə toyuq şniseli və rəndəlnmiş kartofda befstraqon idi.
Biraz tarix barədə.
Şnisel kəlməsi almanca "schnitzen” – kəsmək sözündəndir, əvvəllər Vyana mətbəxinə daxil olan və dana ətindən hazırlanan yemək adından gəlir, bu təam 19-cu əsrdə geniş yayılmışdı. Bu, suxarı və ya unla unlanmış və qızmar yağda dərin basdırılaraq qovurulmuş dana, donuz, qoyun, toyuq, hinduşka döşü ətindən olan nazik təbəqədir. Düzgün hazırlanmış şnisel qızıl-narıncı rənginə çalır və ağızda xırçıldayır.

Befstraqonov və ya "stronoqov-üsullu” qovyadina xırda doğranmış qovyadina hissələrindən hazırlanmış və smetan sousu əlavə edilmiş rus mətbəxinin populyar yeməklərindəndir. Bir versiyaya görə, zəngin adam olan qraf Straqonov Odessada hər bir mədəni və şıq geyinmiş insanın yanaşa biləcəyi "açıq masa” açıbmış. Qrafın aşpazlarlarından biri Fransa mətbəxi texnologiyasını (qovurulmuş ət və onun yanında sous) rus mətbəxi usuluna (sous ayrıca verilmir, ətə qatılaraq təqdim edilir) birləşdirib.
Digər versiyaya görə isə Stroqonovun fransız aşpazı Andre Düpon qocalıqdan dişləri tökülmüş qrafın məmnuniyəti üçün bu yeməyi ixtira edib.
Qarşımda dayanan yeməyin şəklini çəkmək istəyirdim. Toyuq şniseli çox əntiqə görünürdü. Bu aşpazın peşəkarlığından xəbər verirdi. Dadı isə daha möhtəşəm idi. "Mari Vanna”ya baş çəkməzdən iki həftə əvvəl mən bu təamı Vyananın məşhur restoranlarından birində sifariş vermişdim. Sənin öz şəhərində şniselin daha yaxşı hazırlandığı restoranın olması gözəl hissdir. Püre normasında südlə və yağla təqdim edilmişdi. O, əl üsuluyla düzəldilmişdi, ona görə də mənim qarnirə qiymətim yüksəkdir!
Şniselin porsiyası o qədər böyük idi ki, mən onun yarısını zorla yedim. Bundan başqa, xanımımın befstraqonu necə iştahla yediyini görəndə, mən onu da yoxlamaq istədim.
Ətlər tən bərabər bölünmüşdü. Dadlı və çox xoş qoxulu idi. Aşpazların işi hər bir tərifdən yuxarıda dayanırdı.
Növbə desertə gəlib çatdı. Son aylarda desert menyuları xeyli genişlənib. Buna baxmayaraq, keyfiyyət yüksəkdir. Çox düşünmədən biz "Kiyev” tortu sifariş verdik.
Bu tort mənim zəif nöqtəmdir, hər dəfə o məni qayğısız uşaqlıq illərimə qaytarır. Məsləhət görürəm, buna görə mənə minnətdar olacaqsız.
Şam başa çatdı. Gecə alınmışdı, biz restoranı xoş ovqatda tərk etdik. Uzun müddətdi belə dadlı yemək yeməmişdim.
"Mari Vanna” açılandan bəri dəfələrlə baş çəkmişəm. Onların gündəlik fəaliyyətlərini müşahidə etmək, təkcə menecerlərlə deyil, işçilərlə, aşpazlarla söhbət çox maraqlıdır. İstənilən məkanda olduğu kimi "Mari Vanna”da da qalxma və enmələr olub. Ancaq bununla belə, restoran öz səhvlərindən nəticə çıxarıb və inkişaf edib, hər zaman faydalı məsləhətləri dinləyib və müştərilərin rahatlığını nəzərə alaraq, dəyişikliklər edib. Prinsipcə, hər bir restoran məhz belə fəaliyyət göstərməlidir.
Sonuncu ziyarətdən sonra, mənim qənaətim daha da möhkəmləndi – "Mari Vanna” Bakının ən yaxşı restoranlarından biridir.
www.ann.az
Son xəbərlər
Daha çox