• $
  • £

Natiq Rəsulzadə: “Yazıçılar bir-birlərinə oxşamayan adamlardır” - MÜSAHİBƏ

Natiq Rəsulzadə: “Yazıçılar bir-birlərinə oxşamayan adamlardır” - MÜSAHİBƏ
12.02.2016 19:45
Uçurum üzərindən uçuş 

Məşhur yazıçı Natiq Rəsulzadə ilə müsahibəni təqdim edirik: 

- Müasir insan nəyin yaxşı, nəyin pis olduğunu necə bilə bilər? Əvvəllər bunu ədəbiyyat öyrədirdi...

- Və təkcə ədəbiyyat yox! İstənilən sənət janrı, onun əsasında dayanan humanist istiqamətdirsə (çünki mənim gəldiyim qənaətə görə, incəsənət insani olmaya da bilər, faşist propaqandası, milli nifaq salan və s.), oxucuya, tamaşaçıya və yaxud müasir dillə desək, təlabatçıya (bu kəlmə mənə tamamilə yaddır: kolbasa kimi tələb olunan incəsənəti sevmirəm) nəyin yaxşı, nəyin pis olduğunu fərqləndirməyə kömək edir. Amma burada təhlükəli məqam var - əgər desək ki, ədəbiyyat daim sıravi insana həyatında nəyin yaxşı, nəyin pis olduğu barədə yön versə, vurğulasa, bu nəsr nəsihətbazlığına çevriləcək, bu da yolverilməzdir. Nəsihətbazlıq həm yetkin insanlar, həm də uşaqlar üçün həmişə maraqsızdır. Bu təkcə kitabda deyil, kinoda və digər sənət sahələrində bədiiliyi öldürə bilər. İnsanı Tanrı və şeytan müşayiət edir və məhz o, özü öz seçimini etməlidir. Əlbəttə, həqiqi, insani ədəbiyyatda Tanrı seçimi məsələsi müzakirəedilməzdir. Ancaq təəssüf ki, bizim ölkəmizdə oxucu kütləsinin sayı kəskin şəkildə aşağı düşdü, baxmayaraq ki, son dövrlər bu sayı artırmaq ümün cəhdlər göstərilir. Mən dəfələrlə mətbuatda bununçün nə lazım olduğu barədə çıxışlar etmişəm, amma necə deyərlər, danışmaqla deyil ki. Kitab yayımı üzrə mütəxəssislər yetişməlidir. Mən tam əminəm, ola bilməz ki, 10 milyona yaxın əhalisi olan ölkədə tanınmış, populyar müəlliflərin kitabları cüzi rəqəmlərlə tirajlansın. Əgər kitab yayımı yaxşı təşkil edilsə, bu tiraj on dəfələrlə arta bilər. Yeri gəlmişkən, Moskvada 10 il əvvəl oxşar situasiya vardı, sonra bu işi bilən mütəxəssislər yetişdi, bunun özü bir elmdir. Biraz mövzudan uzaqlaşdıq, amma bu mövzu  az əhəmiyyət kəsb etmir... 

- Sizin gözünüzdə, insanın inkişafdan qalmasının səbəbi nə ola bilər? 

- Bu mövzuda bütöv bir traktat yazmaq olar və təkcə bir dənə yox. Ancaq qısaca deyəcəm. Məncə, insanın geri qalmasının səbəbi ilk növbədə paxıllıqdır. Mən çoxlu bu qəbildən olan insanlar tanıyıram, xüsusilə tez-tez üzləşmək məcburiyyətində olduğum məmurlar arasında: bir çox insanın əlindən bir iş gəlmir, ancaq çox şey istəyir, məsələn, tarixdə qalmaq, istəyirlər onlar haqqında danışsınlar, məşhurlaşsınlar, bunu gerçəkləşdirmək üçün onlar nəsr, ssenari yazırlar. Hər şeyin kökündə isə həsəd hissi dayanır, bundan xilas olmaq lazımdır, hörmətsiz məmurlar...

- Kimsə deyib ki, yaxşı nəsr başdöndürən yüksəklikdir. Hər dəfə zirvəni fəth etməyə sizi nə təhrik edir? 

- Bu mənim işimdir... Və mən Tanrıya şükür edirəm ki, bu iş rutin deyil. Bəli, bu başdöndürən yüksəklikdir, çünki ilham, həqiqi ilham sevgidir. Sevgi isə bizlərə qanad verir və bunun sayəsində başdöndürən zirvələri fəth edə bilirik. Hər yazıçının öz zirvəsi var, elə kitablar var ki, oxucular onları oxuyurlar, axtarırlar, uzun illər xatırlayırlar, ancaq hər şey zirvəni fəth etməklə qurtarmır, mən çalışıram bu zirvələr mümkün olduqca çox olsun, hər yeni kitab əvvəlkindən daha güclü olsun. Ədəbiyyat fakültəsində oxuyanda, 20 yaşım olduğum həmin o gözəl dövrlərdə mən özümə şüar seçmişdim (onda hələ başa düşmürdüm ki, istənilə şüar bizim həyatımızda müvəqqəti hadisədir) "per aspera ad astra” – "Tikanların arasından ulduzlaradək”. Mənim həyatımda tikanlar kifayət qədər çox olub, ancaq istədiyim uduza çatmışammı?..

- Stiven Kingin obrazlı ifadəsinə görə, "yazılan kitablar böyük sarsıntı gətirir”. Sizi nə sarsıdır və kədərləndirir? 

- Mən Kingi sevmirəm, çünki o həqiqi yazıçı yox, dahiyanə süjetlər müəllifidir. Bu elə onun dövrüdür. O cəmiyyətin nə istədiyini bilir, buna görə də çox məşhurdur, ancaq bir təsəvvürünüzə gətirin, belə bir yazıçı haqqında dahi üslub ustası Turgenyev nə deyərdi? Ən sevdiyim yazıçılardan olan Anton Çexovun deyimi mənim daha çox xoşuma gəlir: "Sadə yazın, yazın ki, İvan İvanıç Marye İvanovna ilə necə evləndi”. 

Sarsıntıya gəldikdə isə bu çox fərdi məsələdir. Xoşbəxtlikdən həyat sarsıntıdan ibarət deyil, həyat ya Hollivud döyüş, ya da dəhşət filmidir. Elə yazıçılar var, öz ətraflarında və ailələrində gərginliklər yaradırlar, sonra da Heminqueyin işlədiyi kimi bütün enerjiylə işləməyə başlayırlar. Elə yazıçılar da var ki, işləmək üçün daxili harmoniyaya ehtiyac duyurlar. Mən, qeyri-təvəzökarlığa görə üzr istəyirəm (ümid edirəm müvəqqəti), həyatda o qədər şey görmüşəm ki, çox az şey məni sarsıda bilər...  Ancaq məni çox şey kədərləndirə bilər, ilk növbədə ədalətsizlik və mən ədalətsizliklə demək olar, hər addımda rastlaşıram, bu məni təkcə kədərləndirmir, həm də qəzəbləndirir, 40 ildə məndə heç nə dəyişməyib: gəncliyimdə olduğu kimi indi də ədalətsizlik edən, güclülərin qabağında əyilib zəifləri incidən, özlərini inteligent kimi göstərən oğruları, əclafları yumruqlamaq istəyirəm. 

- Bir dəfə Yunq yazmışdı ki, bütün suallara cavab yaxınlaşmaqda olan qaranlığa tərəf dönüb "onun səndən nə istədiyini soruşmaqdır”. Sizin daim uçuruma baxmağınıza təhrik edən nədir? 

- Bilirsinizmi, mənim orijinal və xarici dillərdəki kitablarımın sayı deyəsən, artıq 40-ı keçib. Ancaq məsələ əlbəttə, kəmiyyətdə deyil, mən hələ də özümü yetərincə fəal deyil, tənbəl yazıçı kimi hiss edirəm, mənə elə gəlir ki, boş yerə vaxtımı çox sərf edirəm; ancaq hər dəfə ağlıma bir şey gələndə, mən sanki xəstələnirəm, adi həyatın ritmindən çıxıram, hətta evdən çıxmamağa çalışıram, çünki özümü hədsiz qəribə aparıram, küçədə tanışların və az tanıdığım insanların fərqinə varmıram, cavab almayanda inciyirlər, pul itirə və gərginlikdən maşın altında qala bilərəm. Bir sözlə, belə olanda mənimçün evdə qalmaq daha yaxşıdır. Ağlıma, daha doğrusu qəlbimə bir fikir gələndə, bu məni həqiqətən narahat edir, məni xəstə insan kimi qızdırma və əsməcə tuta bilər. Və məncə, mən ən gözəl, ən çox oxunan və 40 ildir ki, oxunmaqda davam edən əsərlərimi belə qızdırmalı halda yazmışam. Mən tez yazıb bundan qurtulmağa çalışıram, çünki açıq desəm, bu vəziyyətdən qorxuram, bu çox yorucudur və mən artıq gənc deyiləm. Ancaq hər dəfə də bu uçuruma baxmaq, onun üzərindən uçmaq istəyirəm, insan qəfildən qanadlananda, ona elə gəlir ki, düşməyəcək, sanki yuxudaymış kimi uçacaqsan və düşməyəcəksən. 

- Ədəbiyyatda qeyri-nomativ leksikondan istifadə etmək məqbuldurmu? 

- Sənətdə, o cümlədən ədəbiyyatda hər şey ölçü çərçivəsində olmalıdır, ölçü hissi olmayan həqiqi istedad olmur. Eduard Limonov adlı bir rus var, azad söz meyarını əsas tutaraq öz cızma-qarasında açıq-saçıq şeylər yazıb. Hə, sonra? Güldülər, təriflədilər, söydülər... və unutdular. Hardadır indi o? Harda istəsəniz, təkcə ədəbiyyatda yox. Təəssüf ki, Azərbaycanda da bir qism gənc var ki, qeyri-normaik leksikondan istifadə edərək, açıq-saçır yazırlar. Bu mənə Aleksey Tolstoyun bir povestindəki  maraqlı anı xatıradır, o Almaniyada yaşayan rus-emiqrantdan yazır: "Hətta vətəndaş müharibəsinin o qanlı-qadalı illərində o oxucuların damarını sanca bilmişdi. O vaxtdan sancmaq onun peşəsi olub”. Bu gənc yazarlar sancmağı özlərinə peşə seçiblər, başa düşmürlər ki, həqiqi ədəbiyyat bundan çox uzaqdır, onun başqa dəyərləri var. Həqiqi...

Mən öz zamanımda, sovet senzurasının kəsib-doğradığı dövrdə qalmaqallı, bestsellər çevrilmiş kitab yazmışdım, kitabda erotik məqamlar vardı və dar dünyagörüşlü senzura bunu pornoqrafiya hesab etmişdi: kitabda həmçinin respublikada baş verən neqativ hallar barədə də yazılmışıd: rüşvətxorluq, narkomaniya, fəhişəlik və s. barədə. İndi sadəcə olaraq onların haqqında danışılmasını, fərqinə varılmasını, daha dəqiq desəm qışqırılmasını istəyən gənclərin heç yuxusuna da girməz ki, o kəskin senzura bıçağının altından belə əsəri keçirmək mümkün ola bilər. Necə deyərlər, kaş onlar o vaxt bunu yoxlayardılar, indi hər şeyin asan olduğu dövrdə onlar cəsarətli görünməyə çalışırlar, qoy olsun, ancaq ölçü hissini itirmək olmaz. Təbii ki, itirəsi bir şeyləri varsa. 

- Kişilər nədən danışmamalıdır? 

- Yaşdan və xarakterdən asılıdır, mən indi, məsələn, çox şey barədə danışmıram. Ancaq düşünürəm. 

- "Gör nə qədər şey var ki, onlarsız yaşamaq olmur” (Sokrat). Bəs Natiq Rəsulzadə nə olmadan yaşaya bilməz? 

- Mən həyatda iddiasız insanam, aza da qane ola bilərəm. Ancaq təhqiramiz aza deyil! Həyatda insan, xüsusilə yaradıcı insan ən azından sakit yaşamaq və yaratmaq üçün lazım olan minumuma sahib olmalıdır. Mən bu minimuma qane olaram, ancaq o olmalıdır. 

- İstədiyiniz həyatı yaşaya bilirsinizmi? 

- Demək olar, hə. İstədiyim şeyləri etməyə çalışıram. Həm işdə, həm həyatda. İlk növbədə, əgər bir şeyə nail olmaq istəyirsənsə, onu zövqlə etməlisən. Əgər öz işindən zövq almırsansa, onda çətin ki, oxucu və tamaşaçı da bundan zövq alsın. Əlbəttə, maddi mənada həyat daha yaxşı ola bilərdi, ancaq mən təbiətən işlək insan deyiləm, məndə yaradıcılıq iş həyatıyla uyğunlaşmır, belə şey ümumiyyətlə məndə alınmır, mən o insanlardan deyiləm ki, həm film çəksin, həm də vaqon-vaqon təmiz yağ satsın və ya yaxid aptek biznesi qursun. 

- Sizin yaşınızın üstünlüyü nədir? 

- Həyat təcrübəsi mənim peşəmdə çox vacibdir. Gəncliyimdə kifayət qədər həyat təcrübəm olmadığından mən öz daxili aləmimə, hisslərimə, düşüncələrimə, təəssüatlarıma arxalanırdım. Həyat təcrübəsi əsəri zənginləşdirir, onun detallarını bol edir, onları daha etibarlı və həqiqi edir. Ancaq bir daha deyirəm: yaradıcılıq çox individual məsələdir, yazıçılar bir-birlərinə oxşamayan adamlardır, eləcə də başqalarına. Elə yazıçılar var təkcə öz daxili aləmlərinə arxalanırlar (Kafka da bu qəbildəndir, onu oxuyanda başa düşürsən ki, həyat təcrübəsi azdır, ancaq buna baxmayaraq, dahiyanə əsərlər yaradıb və bununçün yalnızca öz daxili aləminə, mənəvi, fantasmaqorik dünyasına əsaslanıb) və həmçinin elə yazıçılar da var ki, əsər yaratmaq üçün materialı hərtərəfli öyrənirlər, həmçinin tutalım, bələdçinin peşə sferasından yazanda, qatarda bələdçi kimi işə düzəlirlər. 

Və bu düzgündür, çünki detallar və xırdalıqlar əsəri daha inandırıcı edir. Ancaq digər tərəfdən, yazıçı fantaziyası da olmalıdır və ən əsası istənilən əsərdə insan obrazdır, əgər obraz canlı, xarakterik alınıbsa,  onda əsər də alınıb. 

- Biz həyatımızın ilk yarısında qazandıqlarımızı qaçınılmaz olaraq itiririk. Sizin belə itkiləriniz çoxdurmu? 

- Biz gəncliyimizdə dəyərli olan nəyi qazanmışıq ki? Təkcə tələsik səfehliklər, o səfehliklər ki, həyatımızın ikinci yarısında xatırlamağı sevirik və hələ həyatımız təkcə bu iki yarıdan ibarətdirsə. 

- Siz həyatın mənası barədə əbədi suala cavab tapa bilmisinizmi? 

- Bir variantı atıb, digərinə keçməklə axtarmaqda davam edirəm. Ancaq soruşubsunuz deyə cavab verirəm: həyatın mənası odur ki, istənilən situasiyada özün ola biləsən və başqalarının rollarını oynamayasan. Ancaq sizə deyim ki, bu elə də asan iş deyil.

Materialı Bəhram Bağırzadə təqdim edib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol