"Nikolya Şokolad Muzeyi" Gəncədə
Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə məşhur "Nikolya Şokolad Muzeyi"nin eksponatlarından ibarət sərginin açılışı olub. Modern.az xəbər verir ki, sərgidə ümumi kütləsi 700 kq-dan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı-şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş edilib.
Sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev, "Nikolya Şokolad Muzeyi"nin müəllifi Nikolay Popov, "Nikolya Şokolad Muzeyi"nin yaradıcısı Leyn Andrey və şəhər ictimaiyyəti iştirak ediblər. İcra başçısı Elmar Vəliyev bildirib ki, ümumiyyətlə son günlər Gəncə şəhərində əlamətdar hadisələr baş verir.
Bayramlar münasibətilə şəhər ictimaiyyətini və gəncəliləri təbrik edən Elmar Vəliyev qeyd edib ki, Gəncə şəhəri təhsilin, mədəniyyətin beşiyidir və belə hadisələrin Gəncədə olması məqsədə uyğundur. Elmar Vəliyev qeyd edib ki, əsərlərin hər biri yüksək zövq və incəliklə işlənib.
Ekspozisiyada Gəncə şəhərinə həsr olunmuş əsərlər - Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi xüsusiliyi ilə seçilirdi.
Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır.
Nikolay Popov bildirib ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş edilən sərgini bu günədək izləyənlərin sayı 500 min nəfəri keçib.
Kütləsi 65 kq olan "Qız Qalası", 512 hissədən ibarət olan, hündürlüyü 210 sm olan, 45 kq-lıq "Eyfel qülləsi" heykəlləri sərginin əsas eksponatları sırasındadır.
Açılış mərasimində Elmar Vəliyev tərəfindən qonağa xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, sərgi çərçivəsində şokoladdan incəsənət əsəri yaratmağı öyrənmək istəyənlər üçün Nikolay Popov ustad dərsləri də keçəcək.
www.ann.az
Son xəbərlər
Daha çox