• $
  • £

İçəri Şəhərdən olan “şəkili” – MÜSAHİBƏ

İçəri Şəhərdən olan “şəkili” – MÜSAHİBƏ
24.02.2016 16:29


Aktyor peşəsinin xüsusiyyətlərindən biri, xüsusilə kinoda o, bir obrazın məhbusuna çevrilir, bu rol onu həm məşhur edir, həm də özünü digər ampulada ifadə etməsinə imkan vermir. Bizim bugünkü həmsöhbətimiz bu xoşəgəlməz vəziyyətdən xilas ola bilib. İllər öncə yaratdığı və on minlərlə qəlbində taxt quran obraz ona imkan verdi ki, həm kinoda, həm teatrda çoxplanlı obrazlar yaratsın. 

Bunun necə baş verdiyini anlaşdırmaq üçün bugün biz Azərbaycanın xalq artisti, kino və teatr aktyoru, Azərbaycan Akademik Milli Teatrının artisti Hacı İsmayılovla söhbət etmişik. 

- Hacı müəllim, çoxları sizi hələ də şəkili hesab etsə də, siz İçəri Şəhərdə doğulub, böyüyüb başa çatmısınız, ətrafdakı mühit sizə təsir etməyə bilməzdi. Uşaqlıq xatirələrinizi bilmək maraqlı olardı

- İçəri Şəhər qeyri-adi məkandır. Qədim qala divarları, dar küçələr, sıx evlər, karvansaray, Şirvanşahlar sarayı  insanda nağıllar aləmi təəssüratı yaradır. Bizim evimiz qalaya dirənmişdi. Yadımdadır, bir dəfə dostuma dedim ki, gedək İçəri Şəhərdə atamın evinə baxaq. Ancaq gəlib çatanda gördük ki, evimizin yerində İtaliya səfirliyi var. Məndə elə təəssürat yarandı ki, elə bil 
uşaqlığımdan məhrum oldum, bütün uşaqlıq qayğılarım, macəralarım qəfildən mənə yalanmış kimi göründü, elə bil o, yerli-dibli olmayıb. Bu, mənə çox pis təsir etmişdi. Ancaq neyləyəsən? Yəqin belə lazım olub.
  
Bakıda əvvəllər damları qırlayardılar, qırçıların başçısı Mehralı kişi (yaxşı insan idi, Allah rəhmət eləsin) bu evin sahibiydi, mən burada doğulub, böyümüşdüm. Sonradan bütün ömrü boyu Xəzər dənizi gəmiçiliyində işləmiş, orden-medallara layiq görülmüş atam mənzil əldə etdi və biz tanınmış Kasparov evinə köçdük. Atam xasiyyətcə çox ədalətli, konkret insan idi, anamsa evdar qadın idi.  
İçəri Şəhərdə yaşadığımız dövrə gəldikdə isə, bu ümumiyyətlə mənim həyatımda ən xoşbəxt günlər idi. Uşaqlığımızda heç düz-əməlli topumuz belə olmasa da, biz əski-üsküdən özümüzə top düzəldib futbol və digər oyunlar oynayırdıq.

Sonra yadımdadır, dişli qala divarlarında qaçırdım, indi onlara dhşətlə baxıram və fikirləşirəm ki, bunu necə eləmişəm? 

Xatirimdə bir əhvalat qalır, onda yaşım heç 3-4-dən yuxarı olmazdı. Atam mənə ya Astraxandan, ya Krasnovodskdan dodaq qarmonu və kolbasa gətirmişdi, onun dadlı qoxusunu hələ də xatırlayıram! Mən kolbasa tikəsini və qarmonu götürüb həyətə çıxdım. Birdən mənə aşağı məhəllədən bir oğlan yaxınlaşdı və qarmonu göstərməyimi istədi, onu qəfil əlimdən alıb qaçdı, mənsə yerimdə eləcə donub qalmışdım. O incikliyimi hələ də xatırlayıram. 

- Sizin Hacıağa adlı böyük qardaşınız da olub? 

- O, mənim ana tərəfdən ögey qardaşım idi. Ticarət sahəsində işləyirdi. Biz onunla çox yaxın idi, inanın, heç doğmalar belə yaxın olmurlar. Hacıağa qayğıkeş, böyük qardaş idi, institutda oxuduğum vaxt maddi mənada mənə çox kömək etmişdi, baxmayaraq ki, əvvəlcə uğur qazanacağıma inanmırdı. Ancaq həyatının son illərdə mənim peşədəki uğurlarımı, sadə insanların mənə olan sevgisini gördü: mənim iştirakımla çəkilən filmlərə həvəslə baxırdı və mənim fəxri ad almağımla qürur duyurdu. Ancaq xalq artistini adını mən təəssüf ki, onun dəfn günü aldım, o mənimlə birgə sevinə bilmədi, buna çox üzülürəm. Amma mən onunla təskinlik tapıram ki, qardaşım mənim uğurlarımı gördü.

- Sizin universitetə daxil olmağınız asan olmayıb, 2 dəfə dalbadal kəsilmisiniz. Sizi ruhdan düşməyən qoymayan nə oldu? 

- Əgər sevgi güclüdürsə, o təslim olmağa və uğursuzluqlardan yorulmağa imkan vermir. Mən sənədlərimi M. Ə. Əliyev adına Dövlət teatr universitetinə vermişdim, ancaq ora daxil olmaq doğurdan da asan deyildi. O vaxtlar məsələ indiki kimi deyildi, teatr ali məktəblərinə çox sayda abituriyent müraciət edirdi, onların əksəriyyət xarici görkəmcə şıq, gözəl, hündürboylu olurdular. Müsabiqə o qədər çətin idi ki, hətta belələri də kəsilirdilər. 

Üçüncü cəhddə mən universitetə daxil ola bildim, ancaq kəsilsəydim yenə də təslim olmayacaqdım və dördüncü dəfə cəhd edəcəkdim. Çünki qarşıma məqsəd qoymuşdum ki, aktyor olacam!

- Sizin ən çox sevdiyiniz yazıçı-dramaturq kimdir? 

- Gəncliyimdə mən Con Qolsuorsinin yaradıcılığını çox seviridim və "Əvvəlincilər və sonuncular” pyesi əsasında qurulmuş tamaşada əsas obraz olan Larrini canlandırmışdım. 

Bizim müasirlərdən isə İlyas Əfəndiyevi sevirdim, onun dramaturgiyası əsasında qurulan tamaşalar mənim formalaşmağımda böyük rol oynayıb. Ümumiyyətlə, onun dramaturgiyası mənim nəslimdən olan aktyorların formalaşmasına böyük töhvə verib. 

- Gəlin indi də sizin "Ad günü” filmində yaratdığınız Mustafa obrazından danışaq, bu düzdürmü ki, filmin rejissoru Rasim Ocaqov sizi kinostudiyanın bufetində dostlarınızla çay içərkən görüb və sınaq çəkilişlərinə dəvət edib? 

- Tamamilə düzdür. Rasim Ocaqov o vaxtlar rejissor kimi təzə-təzə özünü sınayırdı, ona qədər o, filmlərdə operator kimi işləmişdi. Mən özüm də onun özünə olan əminliyini, riskə getmək cəsarətini, heç kimin, hətta özünün də tanımadığı aktyoru filmə çəkmək təşəbbüsünü görüb heyrətlənmişdim. Bütün bunlar onun doğrudan da böyük ustad olduğunu göstərir. Belə xoşbəxt təsadüf mənim yaradıcı həyatımı dəyişdirdi. Film uğurlu alındı və dövlət mükafatına layiq görüldü. 

- İndi bu rolda başqasını təsəvvür etmək çətindir, o, sizin yaradıcılığınızın simvoluna çevrilib. Bəs insanlar üçün sizin ilk növbədə "Ad günü” filmindən Mustafa olmağınız narahat etmir ki? 

- Siz haqlısınız. Ancaq bu qanunauyğunluqdur, deməli, rol insanların o qədər xoşuna gəlib ki, məni bunla əlaqələndirirlər. Ancaq bu rola qədər mən teatrlarda oynayırdım, aparıcı aktyorlardan biriydim. Daha doğrusu, məni teatr aktyoru kimi artıq tanıyırdılar, mənim öz auditoriyam vardı. Ancaq "Ad günü” filmi mənim kino aktyor kimi də təsdiqlədi və bütün ölkədə məşhurlaşdırdı. Bu personaj "möcüzə” idi (gülür). Beləliklə onun hətta davamı olan "İstanbul səfəri” ("Həm ziyarət, həm ticarət”) filmi çəkildi.

Sizə səmimi deyim: bu rolun uğurlu olmasının əsas səbəkarı rejissor Rasim Ocaqovdur. Axı onun özü şəkiliydi və işinin ustası kimi həyatında gördüklərini, eşitdiklərini, yaşadıqlarını kinoya çevirə bildi. Və ola bilsin, Mustafanın başına gələnlərin bir çoxu nə vaxtsa elə Rasim Ocaqovun başına gəlib, bu onun öz həyatından tarixçə olub. 

- Sizin qəfil populyarlığınız həmkarlarınızın qısqanclığına səbəb olmadıki? 

- Film ekranlara 1978-ci ilin 26 yanvarında çıxdı, səhərsə mən necə deyərlər tanınmış insan kimi oyandım (gülür). Ancaq bir "ancaq” vardı: məni yaxşı tanımadıqlarına görə, çoxları düşünmüşdü ki, mən gürcü, azərbaycanlı Əli obrazını yaradan David Uplisaşvili isə azərbaycanlıdır (gülür).  Ona görə də mən bir müddət "gürcü” kimi tanındım. Amma sonra əlbəttə ki, məsələ aydınlaşdı. 

Rasim Ocaqov təkcə möhtəşəm film çəkməmişdi, həm də çəkiliş meydançasında çox adamla dostlaşmışdı. Filmin əsas dəyəri, məğzi və fəlsəfəsi budur ki, insanlar həmişə insan kimi qalmalıdır, bir-birini dəstəkləməli, dostluqları qorumalıdırlar. 

Sizin sualınıza gəldikdə isə, deyim ki, bizim teatrda həmin dövrdə təzə başlayan aktyor ordusu işləyirdi, onlar zamanla əsl səhnə ustadlarına çevrildilər. Ancaq heç biri mənim kimi fəxri ada layiq görülmədi. Təkcə "Xoşbəxtlik limanı” filmində oynayan Əliabbas Qədirov istisnaydı, o dövlət mükafatına layiq görülmüşdü, mən ondan sona ikinciydim. Bu çox mühüm fəxri adıydı, xüsusilə gnc aktyor üçün. Ancaq mən həmkarlarımın hansısa qısqanclığını hiss etmədim. Bəlkə də buna səbəb film çəkilişindən sonra, mənim bunla xüsusi fərəhlənməməyimdi, axı mənimçün bu sadəcə iş idi. Həmkarlarımın mənə münasibəti filmdən əvvəl də, sonra da, indi də yaxşı olub. 

Fikrimcə, oynanılan rol aktyora təsir edir, mən öz qəhrəmanım Mustafaya oxşayıram. Onun kimi insanların həyada prinsipləri var, onlar həqiqidirlər, yalan danışmamağa çalışırlar. Mən tez-tez deyirəm: "İnsanın insan olmaqdan başqa variantı yoxdur”. 

- Siz faciəvi qəhrəman obrazı yaratmısınızmı? 

- Yox, ancaq mənim belə arzum olub. Mən hər zaman komik rollardansa, dramatik rolları oynamağı, özümü dramatik aktyor kimi sübut etməyi arzulamışam. Ancaq "Ad günü” filmi çıxandan sonra, mənim kino aktyor kimi formalaşmağım başladı. Teatrda isə mən müxtəlif rollar oynamışam, həmçinin ziddi rollar, axı aktyor hər tərəfli olmalıdır. Vacib olan rolun xarakterik, maraqlı olmasıdır.

-  Sizin teatr və kinoda sevdiyiniz rollar hansılardır? 

- Kinoda əlbəttə ki, Mustafa, onsuz neylərəm? (gülür). Ancaq mən Rasim Ocaqovun digər filmlərində də çəkilmişəm axı, o rollar da mənimçün doğmadır. Teatrda isə rollarım lap çox olub, yuxarıda adını çəkdiyim iki rolsa mənimçün daha əlamətdardır. Bu il isə Həsən Həsənovun "Qürbətdən gələn məktublar” tamaşasında, həmçinin fransız ədibi Benjamin Qastinonun bir obrazını canlandırıram, çox uğurlu roldur, məncə, alınıb. Bunlardan başqa Branislav Nuşiçin pyesi əsasında qurulan "Nazirin xanımı” tamaşasında nazirliyin katibi rolunu canlandırıram. Ümumiyyətlə, bizim teatrın 8 teatr quruluşunda məşğul vəziyyətdəyəm. 

- Elə rollar varmı ki, siz hələ canlandırmamısınız, amma istəyirsiniz? 

- Bilirsiniz, mən gəncliyimdə Etel Lilian Voyniçin "Ovod” əsərinin eyniadlı qəhrəmanını canlandırmaq istəyirdim. Hətta onun şəklini özümün rol dəftərinə yapışdırmışdım. Dahi İnnokentiya Smoktunovskinin Hamlet rolunu ifasını gördükdən sonra, bu rolu da ifa etmək istəyirdim. 

Düzdür, mənim istədiyim rolları başqa aktyorlara verilən situasiyalar olub. Belə anlarda ruhdan düşdüyüm olub, fikirləşmişəm ki, mən bu rolu daha yaxşı ifa edərdim. 

İndisə oynadığım rolların sayı kifayət qədər çox olsa da, mən peşəkar maraqla yenilərini gözləyirəm. 

- Tənqidə münasibətiniz necədir? 

- Yaxşı, mən ümumiyyətlə iş zamanı tərifi sevmirəm: həm çəkiliş meydançasında, həm repetisiya vaxtı məni tərifləsələr, özümü itirirəm. Tənqidi daha çox dəyərləndirirəm, ona qulaq asıram, o insanı yalançı istiqamətdən yayındırır və həqiqi cığıra düşməyə imkan verir. Çoxları başa düşməsə də, tənqid təhqir deyil. Yadımdadır, illər əvvəl bizdə "Od gəlini” tamaşası gedirdi, biz unudulmaz sənətkarımız Səyəvuş Aslanla bir səhnəni bölüşürdük. Hədsiz komik səhnələrin birində biz zarafatın dozasını artırdıq, çox güldük, rolların çərçivələrindən çıxdıq. Sonradan məlum oldu ki, zalda bir tənqidçi də varmış, sonrakı gün qəzetdə bizi sərt tənqid edən məqalə yayımlandı. Mən bundan bir ömürlük dərs götürdüm, bu ədalətli idi. Tənqid təhqirdən fərqli olaraq, insanı diz çökdürmür, alçaltmır, əksinə kömək edir. 

- Teatrla publikanın sizi yaxşı qarşılaşdığı yerlərə, qasrtollara gedirsinizmi? 

- Türkiyəyə. Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc” tamaşasıyla Tarsusa, Mersinə, Karamana, Konyaya, Ankaraya, Kayseriyə, İstanbula getmişdik və çox yaxşı qarşılanmışdıq. Elçinin "Mənim sevimli dəlim”də də eyni hal oldu. Ola bilsin, məsələ dil oxşarlığında, mentalitetdə, adətlərdədir, onlar bizi başqalarından daha yaxşı başa düşürlər. Ümumiyyətlə, mən Türkiyəni çox sevirəm, İstanbul ən sevdiyim şəhərlərdəndir. Özü də ki, "Həm ziyarət, hm ticarət” filmi orada çəkilib. 

- Şəhərimizdə baş verən dəyişikliklər xoşunuza gəlirmi? 

- Fikrimcə, hər şey yaxşıya doğru gedir. Tbilisidə olanda bu köhnə, yaşıl şəhər xoşuma gəlmişdi: ancaq yenə də belə bir təəssürat vardı ki, orada zaman dayanıb. Onlarda bizim Bakıda gördüyümüz inkişaf yoxdur. Bunu mənim gürcü dost və tanışlarım da təsdiq edirlər və Bakıdakı dəyişikləri görüb heyran olurlar. Doğrudan da şəhəri tanımaq olmur, o, gözlərimizin qarşısında dəyişir. Həmçinin bizim teatrlarımız da inkişaf edir, təzə restavrasiya edilmiş teatr binaları dünyanın ən məşhur teatr binalarıyla müqayisə edilə bilər. Şəhərimizin gözəlliyinin qayğısına qalan mesenatlarımız bizə böyük miras, gözəl tikililər qoyub gediblər, onları qoruyub saxlamalıyıq. Ona görə də Azərbaycanın prezidentiylə, Birinci Xanımı şəhərin infrastrukturuna, onun memarlıq mənzərəsinə və mədəni irsin qorunmasına bu qədər diqqət ayırırlar. Bugün Azərbaycana bu qədər turistin gəlməsi təsadüfi deyil. 

- Ailənizdə aktyor peşəsini seçən başqa biri varmı? 

- Həyat yoldaşım texniki personalın üzvü kimi bir zamanlar teatrda işləyib. Beləliklə, bizi teatr birləşdirib və bizim ulduzlarımız birləşib (gülür). Bizim iki övladımız var: oğul və qızımız, amma onlar aktyor peşəsinə tamamilə biganədirlər. Nəvələrimiz ilə körpədirlər, ona görə də aktyorluq barədə düşünmək hələ tezdir. 

- Dağlıq Qarabağ münaqişəsi barədə nə düşünürsünüz? 

- Bilirsinizmi, siyasət çox mürəkkəb məsələdir, Qarabağ problemi isə bizim ümumi ağrımızdır. Hər kəsdə bu ağrı bir cürdür, hər kəs bu problemi anlayır, özü üçün görür. Mən əminəm ki, bu nə vaxtsa həll olunacaq, çünki Azərbaycan heç vaxt bu itkiylə razılaşmayacaq. Ancaq bununçün vaxt lazımdır. İndi çoxları deyir ki, problemi hərbi yolla həll etmək lazımdır, ancaq mən düşünürəm ki, bu məsələ sülh yoluyla həll oluna bilər, bizim dövlətimizin siyasətiylə. Biz sizinlə bəzi şeyləri bilməyə, vacib nüanslardan xəbərsiz ola bilərik. Mən siyasətlə məşğul olmuram, ancaq maraqlanıram, xəbər kanallarına boş yerə baxmıram ki. Siyasət peşəkarların işidir. Amma biz hər zaman anlamalıyıq ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, onun gözəlliyi, səsi, muğamıdır və bu belə də qalacaq. 

- Sizin ən böyük arzunuz nədir? 

- Mənim ən böyük arzum aktyor olmaq, şöhrətlənmək, qəbul edilmək idi, Allaha şükür, mən bu arzuya çatdım. Həyatdan mən çox şey gözləmirəm. Ümumiyyətlə, insana çox şey lazım deyil. Mənim ailəm, övladlarım, nəvələrim, mənzilim, maşınım - hər şeyim var. Təkcə bağ evim yoxdur, ancaq balaca həyətyanı sahə istərdim, orada ağaclar, çiçəklər becərmək, kiçik dirrik düzəltmək, orada əlləşmək istərdim (gülür). 

Bu, şəxsi istəkdir, ümumi istəyimiz isə Azərbaycanı çiçəklənən, firavanlaşan görməkdir. 

Bir yerimizdə saymırıq, inkişaf gedir, Allah eləsin bu davam etsin. Mən məsələn, başqa bir yerdə yaşaya bilməzdim: hətta qısa müddətlik də qastrollara gedəndə, doğma yerlər üçün darıxmağa başlayıram. 

Bəzən evlər arasından "Sovetski”dəki evimə gəlirəm. Bunlar təbii ki, memarlıq abidələri deyillər, adi evlərdir, ancaq mən onlara ilk dəfə görürmüşəm kimi baxıram. Çünki bilirəm ki, bir müddətdən sonra onlar olmayacaqlar, onlar da mənim gəncliyimin xatirəsinə çevriləcəklər. İnsan bundan ibarətdir: biz yaşanılan xoşbəxt anları yenidən yaşamaq istəyirik, keçdiyimiz cığırlardan bir daha keçmək, xoşbəxtlik dəqiqələrini təkrarlamaq istəyirik... Ancaq unutmaq olmaz ki, indiki an da bir müddətdən sonra keçmişə çevrilir, ona görə də həyatın hər anını, dəqiqəsini axıra qədər yaşamaq lazımdır. 

Mən bütün səmimiyyətimlə həmvətənlərimə gözəl anlar arzulayıram, həyatlarının mənalı olmasını və gələcəyə inamlı olmalarını diləyirəm.
 
-Hacı müəllim, çoxsaylı pərəstişkarlara öz istdadınızla bəxş etdiyiniz sevinc və xoşbəxtlik dolu anlara görə sizə təşəkkür edirik. Sizə can sağlığı və yeni maraqlı rollar arzulayırıq!

Materialı Bəhram Bağırzadə təqdim edib. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol