“Azərbaycan-Rusiya münasibətləri tarixinin ortaq araşdırılması problemləri” mövzusunda dəyirmi masa
Martın 2-də Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin fəaliyyəti çərçivəsində "Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixinin ortaq araşdırılması problemləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun ANN.Az-a verdiyi məlumata görə, bu dəfəki dəyirmi masa Azərbaycan-Tatarıstan elmi əlaqələrinə həsr olunub.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov tədbirdə açılış nitqi ilə çıxış etmişdir. O, bildirdi ki, bu gün AMEA Tarix İnstitutunda əlamətdar gündür: "Bu gün Tarix İnstitutunun "Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin təqdimatı və bu şöbənin fəaliyyəti çərçivəsində ilk tədbir olan tatar alimləri ilə görüşdür”.
"Bizim tatar xalqı ilə ortaq taleyimiz, tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz və mentalitetimiz var. Biz Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspiralı, Yusif Akçuralı, Əlimərdan bəy Topçubaşov, Bəkir Çobanzadə, Əziz (Qazis) Qubaydullin, Nəriman Nərimanov və onlarla digər böyük tarixi şəxsiyyətlərimizlə qürur duyuruq. Hər iki xalq xarici hərbi müdaxilələrin, təqiblərin, repressiyaların, irqi ayrı-seçkiliyin və soyqırımların ağır nəticələrini yaşayıb”, - deyə Yaqub Mahmudov qeyd etdi.
Tədbirdə vurğulandı ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasından sonra Tatarıstan ilə yenidən ikitərəfli əməkdaşlıq başlanmışdır. 1996-cı ildə Ulu öndər Heydər Əliyev və Tatarıstanın prezidenti Mintimer Şaymiyev tərəfindən ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanmışdır. Hal-hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstan Prezidenti Rüstəm Minnixanov tərəfindən Azərbaycan və Tatarıstan respublikaları arasında qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.
Y.Mahmudov bildirdi ki, Azərbaycan Respublikası Moskva, Sankt-Peterburq şəhərləri və Rusiya Federasiyasının bütün regionları ilə əməkdaşlıq edir: "Biz Tatarıstan ilə əməkdaşlığa çox şadıq”.
"Azərbaycan və Tatarıstan republikaları arasında tarixən geniş və hərtərəfli qardaşlıq münasibətləri olmuşdur, hazırda bu münasibətlər daha da möhkəmləndirilir. Bizlər İsmayıl bəy Qaspiralının məşhur "Dildə birlik, fikirdə birlik, əməldə birlik” çağırışına əsaslanmalıyıq”, - deyə Y.Mahmudov bildirdi.
Daha sonra tədbirdə Tatarıstan Respublikası (TR) Elmlər Akademiyasının (EA) vitse-prezidenti, TR EA Şəhabəddin Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Xakimovun "Tatarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun əsas elmi istiqamətləri”, TR EA-nın müxbir üzvü Radik Salixovun "Kapitalizmin inkişafı və türk birliyi”, tarix elmləri namizədi İlnur Mirqaleyevin "Qızıl Orda və orta əsrlər tatar dövlətləri”, Ş.Mərcani adına Tarix İnstitutunun elmi katibi Baxtiyar İzmaylovun "Rusiya dövləti tərkibində tatarlar”, tarix elmləri namizədi Aleksey Buşuyevin "Tatarlar və Tatarıstan 20-21-ci əsrlərdə”, tarix elmləri namizədi Aydar Noqmanovun "Tatarıstan Respublikasının yaşayış məntəqələrinin tarixinin öyrənilməsi”, tarix elmləri doktoru Liliya Qabdrafikovanın "Tatarların tarixi antropologiyası” mövzularında məruzələri maraqla dinlənilmişdir.
Dəyirmi masada Azərbaycan tərəfindən isə AMEA Tarix İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, "Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və başqaları çıxış etmişlər.
Daha sonra tədbirdə TR EA Ş.Mərcani adına Tarix İnstitutunun elmi nəşrlərinin təqdimatı olmuşdur.
Dəyirmi masanın sonunda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə Tatarıstan Respublikası Elmlər Akademiyasının Ş.Mərcani adına Tarix İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqaviləni Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və TR EA Ş.Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Xakimov imzaladılar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox