“İş özü hər şey barədə öz sözünü deməlidi” - MÜSAHİBƏ

Uşaqlıqda hər birimiz mütləq heykəltaraş rolunda çıxış etmişik və heç xəbərimiz də olmayıb ki, düzəltdiyimiz işlərdən biri (kimisində çox pis, kimisində yaxşı) "kiçik heykəltaraşlıq” adlı viziual incəsənət nümunələrindən biri adlandırıla bilər. "Kiçik plastika” və ya "Kiçik formalar plastikası” adlanan bu heykəltaraşlıq ilkin məişət dövrünə, insanın dünyanı kiçik amuletlər formasında ifadə etdiyi dövrə gedib çıxır. Elm adamları müəyyənləşdiriblər ki, ilk miniatür heykəltaraşlıq nümunələri 25 min il əvvəl yaradılıb. Son əsrlərdə mini heykəltaraşlığa olan maraq cəmiyyətlərin inkişafı və tələbatlarından asılı olaraq ya artıb, ya azalıb.
İşin təkrarsızlığı, onun yüksək sənət ölçülərinə cavab verməsi əlbəttə ki, onu düzəldənin istedadından və bacarığından asılıdır. Bu gün bizim qonağımız da miniatür icəsənət sahəsində xarüqələr yaradan Rizvan Mirhadızadədir. Onunla müsahibəni oxucularımıza təqdim edirik.
- Rizvan, siz nəyə görə, miniatür heykəltaraşlıqla məşğul olmağa başladınız?
- Uşaqlıqdan rəsm əsərləri çəkməyi sevirdim. Valideynlərim həkim idilər, ancaq anam yaxşı şəkil çəkirdi, kamançada çalırdı, müharibə illərində hətta radioda çıxışlar etmişdi. Onun işlədiyi poliklinikada "multfilmlər” göstərdiyimi xatırlayıram. Vərəqlərə şəkillər çəkirsən, onları ez-tez vərəqlədikcə, şəkillər hərəkət effekti yaradır. Fasilələrdə tibb bacıları buna baxmaq üçün qaçıb gəlirdilər. Musiqi məktəbinə gedirdim, pianinoda və gitarada çala bilirdim. Sonra "Ağac üzərində oyma” ixtisasıyla buraxılışı bitirdim.
Buraxılışı bitirdikdən sonra, xüsusi yarımillik kurslara yazıldım, kinostudiyada cizgi filmləri sexində rəssam-fazaçı kimi işə başladım. Bizim cigi filmlərimizdən biri, 1973-cü ildə çəkdiyimiz "Bulud niyə ağlayır” Bakıda keçiriən VII Ümumittifaq Kinofestivalında mükafata layiq görülmüşdü.
- Hansı materialla işləyirsiniz?
- İlk növbədə plastilinlə. İşləmək biraz çətindir, obyektlər balaca olduğundan lupa lazım olur. Həm də plastilinə nəfəs dəyəndə yumşalır, ona görə də qaş düzəldəndə, göz çıxara bilərsən (gülür). İşi bitirdikdən sonra, gips formasını hazırlayıram, artıq detalları aradan qaldırıram. Ancaq formanı dəyidirəndə, plastilin məni aldada bilər. Ona görə də ağ plastilinə keçmişəm, o, ağ gipsə yaxındır, işdəki əskiklər dərhal gözə çarpır. Krem rəngli plastilin daha yaxşıdır. Kiçik işlərdə çoxlu təhriflər baş verir, böyük formada isə onlar yoxa çıxırlar. Mən məsələn, dairəvi fiqurlardan qaçıram. Çünki barelyefin öz qanunları var. Burun – bizim sifətimizdə ən hündür nöqtədir. Bu nöqtə ümumi fona nə qədər yaxındırsa, onla düzgün işləmək heykəltaraşın ən böyük ustalığıdır.
Metallarla işləmək daha xoşdur, mislə, bürünclə. Qızıl, gümüşlə işləmək isə heç xoş deyil, çünki sonra artıq qalan metal tozundan baş çıxarmalı olursan. Axı onlar qiymətli metallardı, həta tozlarıyla belə hesablaşmalısan.
- Sizin işdə hansısa oyuncaq alətləriniz varmı?..
- Onlar yüngül olmalıdırlar. İşləyərkən, mən demək olar alətə təzyiq göstərmirəm, onun öz ağırlığı kifayət edir. Mənim alətlərim Lənkaranın şümşad ağacından hazırlanıb; Qubadan gətirilən qara ağacdan olanları da var.
- İşləriniz arasında ən balacası hansıdır?
- Təmiz qızıldan hazırlanmış Məmməd Əmin Rəsulzadənin portret döş nişanıdır ən kiçiyi. Yeparxiyanın sifariş verdiyi bu işi (II Alekseyin portreti olan medalı göstərir) görmək üçün isə mənim 25 günüm vardı. Onun Bakıya gəlişi ərəfəsində mən 65 ədəd medal ekzemplyarı düzəltdim. İşləri patriarxa göstərəndə, çox xoşuna gəlmişdi və o soruşdu ki, necə olub portretini belə dəqiqliklə işləyə bilmişəm. Buna qədər Rusiya sikkə sarayı onun profilləri olan sikkələr buraxırdı. Onu təəccübləndirən məqamlardan biri də ora kilsə slavyan dilində yazdığım söz idi.
- Leskovun tulalı Levşa haqqındakı povesti yadıma düşdü? Bəs siz birə düzəldə bilərsinizmi?
- Birə?.. Yaxşı lətifədir... Tarixdə belələri çoxdur... Bilirəm, var belələri, düyü, yaxud buğda dənəsi boyda işlər, Moskvadan birini görmüşdüm lupayla baxmalıydın. Mən əlbəttə, belə kiçik həcmdə işlər işləmirəm, baxmayaraq ki, mənim çox balaca işlərim var. İş axı ölçüdə deyil. Mənim üçün vacib olan sosial statusundan, yaşından, peşəsindən asılı olmayaraq insanın portretidir. Əgər insanın baxışını, xarakterinin əsas cəhətlərini göstərə bilsəm, işi alınmış hesab edirəm. İş prosesinin özü maraqlıdır, o mənə zövq verir. Ancaq hansısa anda dayanmağı da bacarmaq lazımdır. Çünki istədiyini görmürsən, ancaq eləmək istəyirsən... İşi kənara qoymaq, sonra isə təzə baxışla baxmaq lazımdır. Yoxsa dayanmadan davam etmək olar.
- Siz hansısa müasir texnikadan yararlanırsınızmı?
- Bakıya indi çoxlu müasir maşınlar gətirilir. Məsələn, bir müddət əvvəl məni "Roland” maşını ilə bağlı konsultasiyaya dəvət etmişdilər. Bir çox maşınlar 3D formatında işləyir, onları proqramlaşdırmaq lazımdır. Onlar bir mənada bizim işimizi asanlaşdırırlar, amma... proqramla xarakteri çatdırmaq mümkün deyil. Axı əvvəl-axır foto heç vaxt rəsm əsərini əvəz edə bilməz. Medalları, ordenləri çoxaltmaq baxımından maşınlar yaxşıdır. Portret formasında çətin olmayan işləri də çoxaltmaq olar. Ancaq elə işlər var maşınlar onları edə bilməz. Təsəvvürünüzə gətirin, mən plastilində bir iş görmüşəm, tutalım barelyef və formasının çıxarmağa vermişəm. Lazım gəlsə, o böyüdülməlidir. Böyüdüləndən sonra, rəssam ona öz müəllif yaxmalarını vurur, heykəltaş isə tökmədən sonra işi cilalamalıdır. Ancaq bizim bir çox rəssam və heykəltaraşlarımız bunu etmirlər, o qədər tənbəlləşiblər! Mikelancelo isə öz Musasını o qədər cilalamışdı ki, əfsanəyə görə, iş bitəndən sonra, dayana bilməyib heykələ taxta çəkiclə vurub belə demişdi: "İndi danış görüm!” Onun işi o qədər canlı görünürdü. Bax belə ustalar olub...
- Bizə özünüzün bəzi işlərinizdən danışardınız...
- Onların arasında bürünc lövhədə Antarktidanın ən hündür zirvəsi Vinsonda (4892 m) Azərbaycan bayrağı fonunda Heydər Əliyev və İlham Əliyevin portretləri olanları var. Xalqımızın sevimlisi Əliağa Vahidin 100 illik yubileyinə həsr olunmuş xatirə medalı var. Nəsibə Zenalovanın xatirəsinə həsr olunmuş medal var.
- Bəs işləriniz arasında sizinçün qürur mənbəyi olanlar hansılardı?
- 90-cı illərdə mən bizim dövlətçiliyimizin əsasını təşkil edən atributların hazırlanması müsabiqəsində iştirak edirdim. Layihə çərçivəsində detallar barədə müzakirələr gedirdi, xüsusilə çinlər məsələsində, bir çox iştirakçılar beş ulduz qoyulmasına tərəfdar idilər, bunu ona görə deyirdilər ki, Amerikanlarda və bizim türk qardaşlarımızda hərbi ulduzlar belədir. Ancaq mən bizim bayrağımızdakı 8 ulduz məsələsində israr edə bildim. Mən bütün metal furnituraları pulsuz düzəltdim. Bu, mənim balaca şəxsi uğurum idi və dövtət miqyasında vacib işə töhfə idi. Mənə qüurur verən işlərdən biri də gipsdən hazırlanmış barelyefdir, mən onu 90-cı illərin əvvəlində bürüncdən hazırlamışdım. 8 guşəli ulduz formasında bu əsəri "İnqilabımızın üç mərhələsi” adlandırmışam: birinci mərhələ məncə, müqəddəs peyğəmbərimiz Məhəmmədin "Quran"la birgə doğuşudur, o dünyanı dəyişdirdi və insanların düşüncələrində inqilab etdi. Ona görə də bu mərhələnin şüarı kimi müsəlmanların dualarının başlanğıcındakı "Bismillahi rahmanir rəhim” ifadəsini seçmişəm. İkinci mərhələ 1918-20-ci illərdəki AXC idarəçiliyi dövrü və Məmməd Əmin Rəsulzadənin şüarıdır: "Bir kərə yüksələn bayraq bir daha enməz!” Üçüncü mərhələ isə Azərbaycan xalq cəbhəsinin 1990-cı illərdəki inqilabıyla bağlıdır. Ona görə də medalın ortasında "Azərbaycan Xalq Cəbhəsi” yazılıb.
Həmçinin "Simurq” Azərbaycan Mədəniyyət assosiasiyasının prezidenti, professor Fuad Məmmədovun sifarişi ilə "Simurq” mükafatı düzəltmişəm, qanadlarını açmış əfsanəvi Simurq quşu formasındakı bu mükafat Azərbaycan mədəniyyət və incəsənətinə töhfə verənlərə təqdim edilir.
- Sifarişçilər tez-tezmi kapriz edirlər?
- Ancaq hesab ödəyəndə (gülür). Sonradan problem çıxmasın deyə, mən hər mərhələdə müştəriylə danışıq aparıram. İş bitəndə isə müzakirə tamamlanır.
Heç vaxt öz işini "təmizə çıxarmamalısan”. O hər şey barədə özü danışmalıdır. Həmçinin mənim barəmdə də.
- Bizim incəsənətdə çatışmayan nədir?
- Peşəkarlıq. İndi belə bir tendensiya yaranıb: kimlərsə, sənətdə bir şey əldə edən kimi cızma-qaraya keçirlər, ən azı mən belə düşünürəm...
- Buna abstraksiya deyirlər...
- Çox gözəl. Onda bir sual, həmin adam akademik portret çəkə bilərmi? Əgər yox, onda o necə rəssamdır? Bir çox abstraksionist rəssamlar əvvəlcə ciddi klassik məktəb keçiblər, sonrada isə bundan yayınıb, eksperiment etməyə başlayıblar.
Mən elə insanlar tanıyıram, buraxılışlarda vaxt keçiriblər, sonrasa İncəsənət universitetinə daxil olublar, ancaq predmetlərin perspektivdə itməsi nəzəriyyəsindən belə xəbərsizdilər və bu kimi sadə şeyləri bilmirlər. Çünki bazaları yoxdur. Axı universitetdə belə elementar şeyləri öyrətmirlər. Güman eləyirlər ki, əgər bura daxil olubsa, deməli, hazırlanıb. Hətta buraxılışa da hazırlıqsız girmək çətindir, bunun üçün insanlar yaradıcılıq evlərində, pionerlər evində və əlbəttə, kitabxanada hazırlıq keçirdilər. Gənclərə təcrübə lazımdır.
- Yeri gəlmişkən, siz ədəbi seçiminiz nədir?
- Elmi fantastikanı, tarixi, məşhur şəxsiyyətlər, müxtəlif xalqlar və mədəniyyətlər barədə bədii-bioqrafik kitabları mütaliə etməyi hər zaman sevmişəm... Təkcə evimdə deyil, hətta emalatxanamda belə kitabxanam var. Kitablar hər zaman əl altındadır.
- Bəs hansı musiqini dinləməyi sevirsiniz?
- Müxtəlif: The Beatls, hard rok, Amerikan qrupu Çokaqonu, Karlos Santananı. Məndə onun qızıl diski var. İşdə tez-tez dinləyirəm. Özüm də çalıram, hər halda musiqi məktəbini bitirmişəm.
- İnsanlarda nə xoşunuza gəlir, nə gəlmir?
- Mənimçün ən vacibi dürüstlükdür. Həyasız insanları sevmirəm, onları heç kim sevmir, hətta həyasızlar özləri də (gülür).
- Reallaşdırılmayan layihələriniz, arzularınız varmı?
- Bilirsiniz, mənim bütün yaradıcılığımdan qırmızı xətt keçən bir ideya var: milli sikkə sarayımızın yaradılması, bu, ölkənin müstəqilliyinin və sərbəstliyinin göstəricilərindən biridir. Belə təkcə sikkələr deyil, döş medalları, heraldika nümunələri yaratmaq olar. Mənim bu sahəylə bağlı kifayət qədər sifarişlərim də olur, ancaq bu şəxsi fəaliyyətdir, istərdim bu məsələdə dövlətin dəstəyi olsun. Peşəkarlardan ibarət kollektiv yığılsa, bizim cəmiyyətimizin tarixi-fəlsəfi irsinin təbliği baxımından yüksək bədii səviyyədə işlər ortaya qoymaq olardı.
Mən dəfələrlə Prezident Administrasiyasına bu barədə yazmışam, ancaq təəssüf ki, cavab ala bilməmişəm.
Sonra məşhur hərbçi və siyasi xadimlərin məsələn, 1918-ci ildə azərbaycanlıları erməni qırğınlarından xilas edən Ənvər, Nuru paşa kimilərin portretlərindən ibarət seriya yaratmaq fikri var. Həmçinin Azərbaycanın bütün tarixi şəxsiyyətlərinin portretlərinin yaradılması ideyası var. Sadəcə vaxt lazımdı...
- Rizvan, maraqlı müsahibəyə görə təşəkkür edirik sizə. Sonda bizə demək istədiyiniz varmı?
- "GALLERY” jurnalına oxucularla ünsiyyət qurmağa imkan yaratdığı üçün təşəkkür edirəm. İnanıram ki, xalqımız işğal olunan torpaqlarımızı geri qaytaracaq, haqq-ədalət yerini tutacaq.
Öz vətənini sevmək hər gün baş verənlərə ürəkdən bağlı olmaq deməkdir. Söhbət xalqdan, dövlətdən gedəndə, şəxsi şeyləri kənara qoymaq lazımdır...
www.ann.az