Ermənistan bayrağa görə “Eurovision”dan uzaqlaşdırıla bilər
Müsabiqədən kənarlaşdırılla da bilər
Avropa Yayım Birliyi Ermənistan təmsilçisinin "Eurovision” mahnı yarışmasının yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağını dalğalandırmasını pisləyib.
Bu haqda qurumun bəyanatında deyilir. APA-nın xəbərinə görə, birlik qeyd edir ki, bu cür hallar "Eurovision” mahnı müsabiqəsinin adına xələl gətirir.
Bəyanatda həmçinin bildirilir ki, AYB-nin nəzarət qrupu qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan "AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb.
Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək iclasında müəyyən olunacaq. Nəzarət qrupu qaydaların pozulmasının ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə biləcəyini bəyan edib.
Mayın 10-da Stokholm şəhərində Eurovision mahnı müsabiqəsinin yarımfinalı keçirilib. Yarışmada iştirak edən Ermənistan ifaçısı Dağlıq Qarabağ separatçılarının bayrağını qaldıraraq nümayiş etdirib. Halbuki, müsabiqə rəhbərliyi hələ yarışmadan bir neçə gün öncə, bunun yasaq olduğunu elan etmişdilər.
Mayın 11-də Azərbaycanda yarışmanın yayım hüququna sahib olan İctimai Televiziya Avropa Yayım Birliyinə müraciət edərək həmin hərəkətə görə, Ermənistanın müsabiqədən kənarlaşdırılmasını istəyib. (Azadliq.org)
www.ann.az
Son xəbərlər
Daha çox