“Sovetski”də yerli əhəmiyyətli 18 abidə aşkar edilib - FOTOLAR
Bakının
"Sovetski” adı ilə tanınan yaşayış ərazisinin ləğv edilməsi ilə əlaqədar burada
yerləşən memarlıq binalarının taleyi şəhər ictimaiyyətini narahat edir.
Məlum
olduğu kimi, artıq mayın 14-də M.Əliyev küçəsindəki 115 saylı memarlıq binası
uçurulub. Vaxtilə bu binada Azərbaycan teatrının görkəmli xadimi A.M.Şərifzadə
yaşayıb. 1910-cu ildə tikilmiş bu
bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il
tarixli qərarı ilə təsdiq edilmiş siyahıya yerli əhəmiyyətli memarlıq abidəsi
kimi daxil edilmişdi.
Artıq həm sakinlərin,
həm də şəhər ictimaiyyətinin müraciəti nəzərə alınıb. Bu müraciətə Yasamal
Rayon İcra Hakimiyyətində baxılıb və nəticəsi barədə ictimaiyyətə məlumat
verilib.
Məlumata görə, Milli
Elmlər Akademiyası "Sovetski” ərazisində dövlət qeydiyyatında olmayan 18 yeni
abidə aşkar edib. Mədəniyyət və Turizm Nazirliyinin təklifi əsasında həm yeni
aşkar edilən, həm də buna qədər dövlət qeydiyyatında olan 95 yerli əhəmiyyətli
tarix və mədəniyyət abidəsinin saxlanılmasına rəy verilib. Saxlanılan abidələrin
siyahısına M.Muxtarov, 83 və M.F.Axundov, 103 saylı binalar da daxil edilib və
mühafizəyə götürülüb.
Qeyd edək ki,
M.Muxtarov küçəsindəki 83 saylı binada "Yuğ” Dövlət Teatrı fəaliyyət göstərib.
İndiyədək bu tikilinin hamam binası olduğu bilinirdi. Əslində isə bu bina məscid
üçün tikilib. Maraqlıdır ki, abidə Nazirlər Kabinetinin sözügedən siyahısına da
hamam binası kimi daxil edilmişdi. Amma Milli Elmlər Akademiyasının son
araşdırmaları nəticəsində bu səhv aradan qaldırılıb və tikili 3700 inventar nömrəsi
ilə məscid binası kimi qeydiyyata alınıb.
Ümumiyyətlə bu binanın
maraqlı tarixçəsi var. Binanın yaxınlığındakı çəkməçi köşkündə işləyən usta
Qasım Qurbanov da öz bildiklərini əməkdaşımızla bölüşüb. Onun məlumatına görə,
bu binanı sovet dövründə hamama çevirməkdə məqsəd məscidi qorumaq olub. Əhali
binanın içində hovuz tikərək onun uçurulmasının qarşısını alıb. Usta Qasım bu
gün isə ərazidəki bəzi memarlıq binalarının artıq söküldüyünü, qoruna bilmədiyi
üçün üzüldüyünü də dilə gətirib. Deyib ki, ərazi hələ söküntüyə hazırlanarkən
bura gələn bir əcnəbi turistin söküləcək binalara necə heyranlıqla tamaşa etdiyini,
onların şəkillərini fotoaparatla çəkdiyini görüb. Əcnəbi bu binaların söküləcəyindən
təəccüblənib, hətta ölkəsində belə binaların olmadığını söyləyib.
Yeri gəlmişkən, Nazirlər
Kabinetinin müvafiq siyahısında haqqında bəhs etdiyimiz binanın 1888-ci ildə, qeyri-rəsmi
məlumata görə isə 1885-ci ildə Hacı Fərəculla adlı şəxs tərəfindən məscid
olaraq tikildiyi bildirilir. Yəqin mütəxəssislər bu məsələyə də dəqiqlik gətirərlər.
M.F.Axundov küçəsindəki
103 saylı binaya gəldikdə isə bu, köhnə Bakının ən məşhur hamamlarından biri - "Şor hamamı”dır. Sovet
dövründə "Sovetski” sakinlərinin ehtiyaclarını ödəyən bu hamam, sonralar
baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb. Bu binanın üzərindəki lövhədə
onun 1889-cu ildə tikildiyi göstərilib. Sakinlərin sözlərinə görə, hamama
bitişik 6 mərtəbəli mülk vaxtilə yüksək vəzifədə işləmiş bir məmura məxsus
olub. Həmin şəxs mülkün ümumi görünüşü korlanmasın deyə, hamamın fasadını da təmir
edib. Lakin sözügedən məmur mülkünü satdıqdan sonra hamamın təmiri
tamamlanmayıb.
Qeyd
etdiyimiz kimi, artıq bu tikilinin də saxlanılmasına rəy verilib və 3664
inventar nömrəsi ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi
mühafizəyə götürülüb.
Foto:
Elçin Məmmədov










www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox