“İpək möcüzələr” aləmində - MÜSAHİBƏ
Elə məşğuliyyətlər var zaman ərzində ciddi bir işə çevrilir və yeni həyat tərzinin ayrılmaz parçalarından birinə çevrilir. Bizim həmsöhbətimizin də başına belə bir iş gəlib. Tanış olun: Yavər Məmmədov "La Cravatte Italiana” şirkətinin yardıcısı və icraçı direktoru, qalstuk və kişi aksessuarları sahəsində ixtisaslaşan məşhur italyan brendi "Andrew’s Ties” şirkətinin Azərbaycan və Gürcüstandakı rəsmi nümayəndəsidir. İndi bizdə də kişilər ölkədən kənara çıxmamaqla, keyfiyyətli və nəfis aksessuarları əldə edə və sifariş edə bilərlər. Bundan ötrü sadəcə şəhərin mərkəzindəki butikə baş çəkə bilərlər.
- Yavər, siz nəyə görə məhz qalstuk mağazası açmaq qərarına gəldiniz?
- Qalstukları uşaq vaxtından sevirəm – özümün ilk pioner qalstukumu indiyəcən saxlayıram. Onu hər zaman elə taxırdım ki, bircə dənə də qırışı olmurdu. Universitetdə oxuyan zaman tay-tuşlarımdan maraqlı qalstuklarımla seçilirdim. Təhsili bitirdikdən sonra 2011-ci ildə Təhsil nazirliyində işə başladım və İtaliyaya ezamiyyətə göndərildim. Milanda küçələri gəzəndə qalstuk mağazalarına baş çəkib bir neçə qalstuk aldım və fikirləşdim ki, Bakıda belə mağaza açılsaydı, çox yaxşı olardı. Sonra ağlıma batdı ki, bunu elə özüm edim, ancaq işlər istədiyim kimi getmədi... İllər keçdi və mən hər dəfə Milana gələndə, mütləq Endryu adlı sahibkarın mağazasına baş çəkirdim, mənim onunla isti, hətta dostluq münasibətlərim yarandı və o da Bakıda belə bir butikin açılması üçün heç bir maneə görmürdü.
Və budur, illər keçəndən sonra, danışıqlar nəticəsində mənim qarşımda perspektivlər açıldı və endirimlər edildi, nəticədə 2013-cü ilin 10 oktyabrında Bakıda bizim ilk mağazamız açıldı. Açılış mərasiminə İtalyanın Azərbaycandakı səfiri canab Campaolo Kutillo və "Andrew’s Ties” brendinin rəhbəri cənab Paolo Cmafora da təşrif buyurub çıxışlar etmişdilər. Ondan sonra bu mağaza Azərbaycan kişilərinin sevimli məkanlarından birinə çevrilib. Biz isə öz növbəmizdə çalışırıq ki, müştərilərimizi ən nəfis brendlərlə təmin edək.
- Bizim kişilər hansı tərzdə geyinməyi üstün tuturlar?
- Bugün kişi geyimləri bütün istiqamətlərdə inkişaf edir – klassik geyimdən gündəlik geyimlərə qədər. Zövqlər təkmilləşir. əgər bu gün alıcı mağazaya daxil olub sarı və ya yaşıl rəngdə qalstuk tələb edirsə, bu artıq proqresdir. Bundan başqa, bizim kişilər işdə də elaqant görünmək istəyirlər. Kişi biznes stili qadınlarınkından fərqli, daha mühafizəkardır: geyimlərin əsasını qara rəng, tünd-mavi, boz tonlar təşkil edir. Ancaq siz işə tünd-mavi rəngdə kostyumla sarı rəngdə qalstuk taxırsınızsa, onda siz geyiminizə o qədər də rəsmi hava vermirsiniz. Qalstuk məhz o aksessuardır ki, sizə fərdiliyinizi qabartmağa imkan verir.
- Hansı rənglərdəki və bəzəklərdəki qalstukları kişilər daha çox istifadə edir?
- Bugün Azərbaycanda zolaqlı qalstuklardan istifadə etmək istəyənlərin sayı azdır. Birincisi, bu onların sadəcə olaraq xoşuna gəlmir. İkincisi, onlar görürlər ki, rəhbərlik və nüfuzlu şəxslər arasında belə qalstuklardan istifadə edənlər azdır. Bir çox rəhbər işçilər zolaqlı kostyumlar geyirlər, ancaq belə qalstuk taxmağı zövqsüzlük əlaməti sayırlar. Məsələn, açıq rəngli kostyumla tünd rəngli qalstuk taxmaq məqbul sayılır və yaxud əksinə. Bu gün bizdə böyük və kiçik xallı, balaca çiçək olan və ya buta bəzəyi olan qalstuklar üstün tutulur.
– Qışda və yayda geyilən qalstuklar varmı?
- Təbii ki. Yaz qalstukları, hündür boylu, hətta yekə göbəyi olan insanlar üçün qalstuklar mövcuddur. Azərbaycanda belələri kifayət qədərdir. Belə insanlar üçün qalstukların uzunluğu 2 metrə çata bilir və biz belələrini taxmağı məsləhət görürük, çünki normal ölçüdə olanlar onların boğazlarında qalır. Qalstukda eleqantlıq etalonu bel kəmərinə dəyməmək və keçməmək sayılır. Həmçinin bizdə qış fəsli üçün ipək qalstuklar və yaz fəsli üçün parlaq rəngli qalstuklar mövcuddur. Hətta yay fəsli üçün də qalstuklar var. Hər bir tədbir üçün qalstuk seçməyi öyrənmək lazımdır – seçim prosesinin özündən zövq almaq lazımdır.
- İnsanın peşəsi, yaşı onun qalstuk seçiminə təsir edirmi?
- Əlbəttə! Qalstuk seçimindən insanın xarakterini, onun cəmiyyətdəki yerini, peşəsini, əhvalını fərqləndirmək mümkündür. Məsələn, heç də hər kişi qırmızı qalstuku seçmir – bunun üçün cəsarət lazımdır. Bir çoxları müəyyən yaşdan sonra onu taxmağı şəninə sığışdırmır, amma bununla razı deyiləm. Məsələn, nazirlikdə işləyən Cəbrayıl müəllim deyə bir yaşlı adam vardı, o həmişə qırmızı qalstuk taxırdı, ondan bir gün niyə belə seçim etdiyini soruşdum, cavab verdi ki, belə, o özünü cavan hiss edir.
- Yavər, indi hansı qalstuk düyünləri dəbdədir?
- Bilirsinizmi Oskar Ualdın çox möhtəşəm bir sözü var: "Gözəl bağlanmış qalstuku həyatda ən ciddi addımlardan biri hesab etmək olar”. Hər bir kişi həyatında heç olmasa bir dəfə sərbəst şəkildə öz qalstukunu bağlamalıdır. Mağazam açılana qədər 20 il ərzində mən qalstuku əlimdə tutur, boynuma taxır, sonra düyün vururdum. Belə asan olduğunu güman edirdim, ancaq gün ərzində mən dəfələrlə onu səhmana salmalı, sıxmalı və ya düyünü boşaltmalı olurdum. Ancaq keçən il bizim mağazamıza İtaliyadan bir qonaq gəldi və qalstuk bağlama şousu keçirdi, ürəyi istəyənlər üçün qapılarımız açıq idi, hətta heç vaxt müştərimiz olmayanalara da. O mənim qalstuku necə bağlamağıma baxandan sonra başa saldı ki, ən ideal variant kişinin qalstukunu öz boğazında düyünləməsidir. Qalstuku düyünləməyin çox variantları var, ancaq yadda saxlamaq lazımdır ki, neynəsəndə düyün bircə dənədir (gülür).
- Sizin butikinizdə karporativ sifarişlər qəbul olunurmu?
- Bəli, yeri gəlmişkən 2014-cü ildə bizim mağazamız dünyadakı 100 ölkənin şirkəti arasında karporativ sifarişlərin həcminə görə ilk yeri tutub. Müştərilərimiz arasında böyük banklar və holdinqlər var. Biz Azərbaycan Beynəlxalq Bankı, Mədəniyyət və turizm nazirliyi, Bank Technique, Xalq Bankın əməkdaşları üçün qalstuklar; Garant Holding, Pasha Holding, Toyota Center Baku üçün hədiyyələr hazırlamışıq. Keçən il Azərbaycanda gənc siyasətçilərin ilk qlobal forumu keçirildi, iştirakçılara Gənclik və idman nazirliyinin xüsusi dizaynı ilə "Andrew’s Ties” brendinin qalstukları təqdim edildi.
Bundan başqa, çoxları bilir ki, dünyanın bir çox universitetlərinin öz xüsusi qalstukları var. Belə bir şeyin Azərbaycanda da olmasını çox istərdim. Hazırda ADA və Azərbaycan İqtisad universiteti üçün qalstuk hazırlamaq barədə ideyama baxılır.
Bizim mağazamızda həmçinin bir xidmət də var – sizin şirkətinizin loqosu ilə eleqant qalstuklar hazırlamaq.
- Qalstukları necə qorumaq məsləhətdir? Sizdə xüsusi futlyarlar varmı?
- Bəli, onlardan qalstuklar çemodanlarda əzilməsin deyə, əsasən səfərlərdə istifadə edilir. Qeyd edim ki, qalstukları heç bir halda yumaq və əzmək olmaz. Onları quru kimyəvi təmizliyə vermək lazımdır, əgər təsadüfən ləkə düşübsə, onda ancaq ləkə düşən yer təmizlənməlidir.
Evə gələndən sonra qalstuku mütləq çıxarmaq və qarderobda xüsusi yerdə asmaq lazımdır. Həmçinin əgər bir qalstuku bugün taxmısınızsa, sabah taxmayın, onda o öz formasını və keyfiyyətini daha uzun müddət saxlayacaq.
Qasltuklar 80-90 dəfə taxmağa hesablanır. Bu, qalstukun "saxlama müddəti” sayılır. Əgər siz bir qalstuku hər gün taxsanız, onun müddəti 1.5-2 aylıq olacaq. İtalyanlar hazırda qalstukun istifadə müddətinin uzadılması üzərində işləyirlər.
- Sizin mağazanızda qiymətlər necədir?
- Təəssüf ki, mənim hesabladığımdan daha yüksəkdir. Bugün bizdəki kolleksiyanın 95%-i təqribən 60 manat ətrafındadır. Biz devalvasiyadan sonra qiymətləri qaldırmadıq ki, hər 3-4 aydan bir bizə baş çəkən sədaqətli alıcılarımızı itirməyək. Həmçinin alıcı təkrarən bizə müraciət edirsə, endirimlər edirik.
- Bizim kişilərə nə məsləhət verərdiniz?
- İlin dövrləri və mövsümlər ərzində qalstukları dəyişməyi. Ən əsası zahiri görkəmə, geyimə fikir verməyi. Mən kişilərdə hər zaman çox vacib hesab etdiyim iki detala fikir verirəm - köynəyin yaxasının və ayaqqıbının təmizliyinə. Çünki məhz onlar bizə səliqədən xəbər verirlər.
Mən öz iş həyatıma hörmətli professorumuz Rafiq Əliyevin yaratdığı özəl universitetlərdən birində rəis müavini kimi başlamışdım. Universitetimizə Çingiz Cuvarlı və Cəmil Quliyev kimi akademiklər gəlirdi. Mən bu ağsaçlı elm adamlarının paltarlarına fikir verirdim: ideal görünən şalvarlar, təmiz yaxalar və pencəklər bərq vururdu. Onları işə yola salan həyat yoldaşlarına, xanımlara, qızlara təşəkkür düşür, çünki kişi nəyisə gözdən qaçıra, fikir verməyə bilər. Ancaq düşünürəm ki, qadın hər şeyə nəzarət etməlidir, kişinin xarici görünüşünə dəxli olan hər şeyə. Məsələn, məndə bu işlərə həyat yoldaşım diqqət yetirir.
- Qalstuklara da?
- İnansanız da – inanmasanız da, hətta televizordakı hansısa verilişə baxanda da xanımım mənim geyimimə, xüsusilə qalstukuma diqqət yetirir (gülür).
- Mağazanızda kolleksiya seçimində yeniliklər olacaqmı?
- Mən Lətif Kərimovun ardından xalça qalstukların hazırlanmansı kimi işə başlamaq cəsarəti tapmışam. Mədəniyyət və turizm nazirliyinin sifarişi ilə bizim brend Qarabağ məktəbinə aid olan xalça və kilimlərin ornamentləri əsasında qalstuk seriyası hazırlayacaq.
Hazırki məqamda mən yeni ideyanın müəllifi və layihənin sponsoru kimi çıxış edirəm – hazırda bu layihənin üzərində İtaliyanın məşhur dizayn firması "Andrew’s Ties” işləyir. Layihənin məğzi qalstuklarda Qarabağ florasına daxil olan və Şuşanın simvolu sayılan xarı bülbülün təsvirini verməkdir. Bu qalstuklarda həmçinin Qarabağın digər atributları – məşhur Qarabağ atları, muğam və xalçalar öz əksini tapacaq... Mənim başladığım və yaxında bitəcəyinə ümid etdiyim layihənin əsas məğzi bizim dövlətçiliyimizin, kültümüzün və tariximizin təbliğidir. Axı qalstuklar məlumat daşıyıcılarıdır. Belə bir qalstuku xariciyə hədiyyə verməklə siz əmin ola bilərsiniz ki, qalstuk sorğu-sual mənbəyi olacaq və ölkənizə qarşı maraq oyadacaq, həmçinin onun ayrılmaz parçası olan Qarabağı yada salacaq.
(Biz müsahibəni götürərkən, artıq məlum oldu ki, yeni dizaynlı qalstuklar artıq hazırdırlar və satışa çıxarılıblar – Red.)
- Bəs bizim Azərbaycan brendimiz nə zaman ərsəyə gələcək?
- Ümid edirəm tezliklə. Mənim irəli sürdüyüm milli qalstuk brendi konsepsiyası "Andrew’s Ties”-ın rəhbərliyi tərəfindən dəstək alıb, ilk Azərbaycan brendi İtaliyada hazırlanacacaq və çox güman "Qarabağ” adlanacaq. İnanın bu mənimçün çox vacib, hətta deyərdim şəxsi məsələdir. Axı mən Qarabağda, Fizulidə müəllim ailəsində dünyaya göz açmışam. Biz Bakıya 1978-ci ildə köçmüşük, ancaq mən o vaxtlar hər yay tətilimi Fizulidə keçirərdim. Mən xaraktercə öz keçmişimə, ana torpağıma hədsiz bağlı insanam – kənd adətlərini çox yaxşı bilirəm və hər cür kənd işini də görə bilirəm. Mənim bir çox qohumlarım musiqiylə məşğul olublar, muğamı çox gözəl biliblər, babam hər zaman istəyirdi ki, mən tarda ifa edim. Ona görə də mən Qara Qarayev adına 8 nömrəli məktəbi bitirmişəm, baxmayaraq ki, musiqiçi olmamışam, ancaq mənim çox gözəl tarım var, təvəzokarlıqdan kənar olsa da, deyim ki, çox yaxşı da ifa edirəm. Düşünürəm ki, məhz musiqi məndə gözəlliyə, zərifliyə qarşı həssaslıq yaradıb, musiqi mənim zövqümü formalaşdırıb, dünyagörüşümə və daxili dünyama təsir edib. Həqiqi qarabağlı kimi öz ata-baba yurdumu təzədən görmək, qoz ağacının altında oturub tarda gözəl bir mahnı ifa etmək istərdim...
- Bəs sizinçün işiniz nə qədər vacibdir?
- Mən hər gün bura gəlirəm, əsas iş bitəndən sonra səmimi deyim ki, bu rəngərəngliyin içində dincəlirəm, mənəvi, estetik zövq alıram. Buranın dizayn ilə özüm şəxsən böyük zövqlə işləmişəm, bu mağazanın hər qarışında mənim zəhmətimin və qəlbimin bir parçası var. Məhz buna görə "Andrew’s Ties” brendi ailəsinə böyük hörmət və minnətdarlıq duyuram. Öz işim mənə ilham verir. Mən hətta azərbaycanlılarla italyanların oxşar cəhətləri haqqında məqalə də yazmışam, məqaləmi Bakıdakı italyan səfiri çox bəyənmişdi.
Mənim İtalyayla bağlayan daha bir cəhət Turindəki Beynəlxalq təhsil mərkəzindəki müəllim fəaliyyətimdir, ildə bir neçə də mən MDB ölkələrindən olan dinləyicilərə maliyyə məsələləri ilə bağlı konsultasiya verirəm. Axı mən 18 ildir ki, maliyyə sahəsində işləyirəm və hazırda Təhsil nazirliyinin maliyyə məsələləriylə bağlı iki böyük layihəsində menecer kimi çalışıram. Azərbaycandakı təhsil islahatlarıyla bağlı layihələrdə maliyyə rəhbəriyəm.
Mən bu balaca "ipək möcüzəsi” ilə Qərblə Şərqi birləşdirən Azərbaycanın inkişafı prosesinə az da olsa öz töhfəmi vermək istəyirəm. Biz şərq insanlarıyıq, ancaq həm də Avropa dəyərlərini rəhbər tuturuq, Avropanın arxasınca getmək istəyirik, ancaq qəlbən Şərqə bağlıyıq.
Bir dəfə alıcılarımızdan biri mənə belə demişdi: "Hobbi biznesə çevriləndə, çox gözəl nəticələr verir. Siz çox yaxşı işlə məşğulsunuz, sizə uğurlar arzulayıram!” Mənim doğrudan da yaxşı işim var, o, ailəmi təmin etməyə, zövqlərimi tətmin etməyə və insanları sevindirməyimə imkan verir.
- Yavər, maraqlı müsahibəyə görə təşəkkür edirik. Sizə işlərinizdə uğurlar arzulayırıq. Sonda oxucularımıza deyəcək sözünüz varmı?
- Azərbaycan regionda və dünyada inkişaf etməkdə olan ölkə kimi ad çıxarır, ölkəmiz gün gündən inkişaf edir. Ona görə də bizim insanlarımıza hər şeydən əvvəl individuallıqlarını qorumalarını arzulayıram, həmçinin geyim məsələsində. Bunu etmək üçünsə onlar tez-tez bizim mağazamıza baş çəkə bilərlər.
Bütün cəmiyyətimizə sülh və əmin-amanlıq arzulayıram, işğal olunmuş ərazilərimizin qayıtmasını, birlik və tərəqqi diləyirəm!
Materialı Bəhram Bağırzadə təqdim edib
www.ann.az
Son xəbərlər
Daha çox