Rio de Janeyroda Respublika Gününə həsr edilmiş rəsm müsabiqəsi
Azərbaycanın Braziliyadakı Səfirliyinin dəstəyi ilə Braziliyanın Rio de Janeyro şəhərində yerləşən Azərbaycan adına bələdiyyə məktəbinin şagirdləri arasında 28 May Respublika Gününə həsr edilmiş rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə iştirak edən 400-ə yaxın şagirdin işləri dəyərləndirilərək, onların 6-ı qalib elan edilib. 2016-cı ilin 30 may tarixində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov tərəfindən sözügedən müsabiqənin qaliblərinə dəyərli mükafatlar təqdim olunub.
Tədbirdə çıxış edən səfir E.Sultanov müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, müstəqilliyini bərpa edəndən sonra ölkəmizin inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri, Azərbaycanın müasir inkişafı və Azərbaycan-Braziliya əlaqələri haqqında məlumat verib. Sonra o, rəsm müsabiqəsinin təşkil edilməsinə görə məktəbin rəhbərliyinə, müəllimlərə və müsabiqədə iştirak edən şagirdlərə təşəkkürünü bildirərək, bu hadisənin Azərbaycanın Braziliyada tanınmasına xidmət etdiyini qeyd edib.
Sonra məktəbinin direktoru Fabio Milioni Azərbaycanın qədim mədəniyyətə və zəngin tarixə malik olması barədə məlumat verərək, müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə məktəb adından Səfirliyə minnətdarlığını bildirib və gələcəkdə bu kimi tədbirlərin keçirilməsində marağını ifadə edib.




www.ann.az
Son xəbərlər
Daha çox