"Sevirəm" parkının daş heykəlləri - FOTOREPORTAJ

Təxminən, 1 ay əvvəl Bakının Xətai rayonunda "Sevirəm” parkının acılışı olub. Əvvəlki yazımızda Azərbaycan rəssamlarının hazırladığı orijinal "Ürək” ekspozisiyalarından danışmışdıq.




www.ann.az
14 heykəltəraşlıq nümunəsinin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Bu fiqurları 24 sentyabr - 2 oktyabr tarixlərində müxtəlif ölkələrdən fərqli mövzularda Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilən Beynəlxalq "Mahnı daş" simpoziumundakı heykəltəraşların əl işləridir. Simpozium Heydər Əliyev Fondu tərəfindən təşkil olunan "Qız Qalası” VII Beynalxalq İncəsənət Festivalı çərçivəsində keçirilib.
Simpoziumun keçirildiyi dövrdə müxtəlif ölkələrdən gələn 14 heykəltaraş - Makedoniya, İspaniya, Macarıstan, İtaliya, Fransa, Bolqarıstan, Meksika, Azərbaycan, Gürcüstan və digərləri öz sənət əsərlərini daşlara həkk ediblər. Qeyd edək ki, heykəltaraşlar əsərlərində Şəmkirin qum daşı və Abşeronun əhəng daşından istifadə ediblər.
Heykəltəraşlıq təsviri incəsənətin qədim növlərindəndir. Azərbaycanda bu sənətin kökləri dərin tarixə malikdir. Hələ qədim dövrlərdə Azərbaycanda xüsusiyyətləri və rənglərinə görə fərqlənən müxtəlif təbii daşlar tapılıb. Onlar arasında xüsusilə, plastik xüsusiyyətinə görə, Abşeron əhəng daşı, Qarabağın çay daşı və qara mərməri, Şəmkirin sarımtıl-ağ rəngli qumu özünəməxsusluğu ilə seçilir.
Bakının Qala qəsəbəsində, açıq səma altında işləyən heykəltəraş üçün konkret tematik məhdudiyyət yox idi. Onlara özlərini ifadə baxımından tam sərbəstlik verilmişdi. Bir neçə gün ərzində dünya sənətkarları fikirlərini özünəməxsus şəkildə daşlarda ifadə etməli idilər. Heykəltəraşlar məhəbbət, həyat və mövzularda əsərlər hazırlayıb. Bəziləri fantaziya və reallığı əks etdirməyə, digərləri isə gələcəyə baxış, insanların istək və ümidlərini göstərməyə çalışıb. Ən əsası isə onların hər birinin öz daş nəğməsini yaratmasıdır.
Ustalar elə heykəllər yaradıb ki, sanki bu daşlar özləri haqqında baxanlara məlumat verir. Cüzeppe Strano (İtaliya) "Xaosun balansı”, Janin Korc Veyintropol (Fransa) "Qəsr”, Migel İsla (İspaniya) "Neksus”, Daniel Lyudviq (Macarıstan) "Baş”, Djaxurul İslam (Hindistan) "Hindistanın kralı”, Qennadi Zakariya (Gürcüstan) "Mənim Şərqim”, Milena Mladenova (Bolqarıstan) "Quşlar-insanlar”, Fransisko Xaver Astroqa (Meksika) "Kral”, Beata Postaj (Macarıstan) "Balans”, Saso Sazdovski (Makedoniya) "Birlik”, Fərəc Rəhmanov (Azərbaycan) "Başlanğıc - Kosmos”, Tural Rzaquliyev (Azərbaycan) "Ritm”, Novruz Məmmədov (Azərbaycan) "İzləyən” və Həsən Haqverdiyev (Azərbaycan) "Obelisk”.
Heykəltəraşların yaratdığı sənət əsərləri tamaşaçını kainat, qanunauyğunluq, insan münasibətləri istiqamətində düşünməyi vadar edir.
Heykəltəraşların fikrincə, Azərbaycanın təbii daşları yaradıcı ideyaların ifadə olunması və incəsənət əsərlərinin yaradılması üçün çox əlverişlidir.
Bəzi müəlliflər əsərlərində hansı fikri qoyduqlarını da qeyd edirlər. Məsələn, Janin Korc Ventrop əsərində göstərməyə çalışib ki, əgər qayğı ilə yanaşsanız, hər bir qıfılı açmaq olar, hər şeyin öz həll yolları var.

Fransız Xaver Аstroqa "Kral" heykəlində insanlıq tarixində görkəmli şəxslərin dövlət quruluşunda əhəmiyyətli rolunun olduğunu göstərmək qərarına gəlib. Onların adları və əsl sənət əsərləri kimi insanların yaddaşında həmişəlik qalacaq.

Fərəc Rəhmanov əsərində daşın dörd tərəfində yeni həyat rəmzlərini kosmik yükləlişlər simvolları formasında əks etdirməyə çalışıb.

Saso Sazdovski "Birlik" əsərində çalışıb ki, bütün dünya insanlarını birləşdirərək, sülh və əmin-amanlığa çağırıb.
Cüzeppe Strano "Xaosun balansı” heykəlində mənfi məlumatların, aqressiyaların, intiharların qarşısını almaq üçün işıqlı yol axtarır.

Qennadi Zakarya əsərində Şərq motivlərindən istifadə etmək qərarına gəlib:
"Gürcüstan və Azərbaycan Qərb və Şərq harmoniyasını özündə təcəssüm etdirərək, qədimliyi və müasirliyi sintez edir. Dünyaya çox memar gəlir, gedir, amma onların işləri bu dünyada illər və əsrlər boyunca qalır. Bu, bəşəriyyətə gərgin insan əməyinin və göz nurunun hədiyyəsidir. Mən isə öz əsərimdə qəlbimə yaxın olan insanları - azərbaycanlıları yerləşdirirəm”.
Azərbaycanlı heykəltəraş Novruz Məmmədov öz heykəlinə haqqdında deyib:
"Mən öz işimdə insan portretini təsvir edirəm. Onun bir gözünü saray qolu ilə əvəzləmişəm. Bu, heykəltəraşlıqda "Güdən" adlandırılır. Oyuq vasitəsilə nəinki, nəzər yetirə bilə, eyni zamanda, doğma şəhərimiz Bakının inkişafını müşahidə edə bilərik. Bir sözlə, heykəltəraşlıq bizə şəhər və sakinlərin həyatını izləmə imkanı yaradır”.

"Sevirəm" parkındakı ürəklərilə daşlar fərqli bir gözəllik və harmoniyasını yaradıb.













Qeyd: Yazıda "Trend” informasiya agentliyinin materiallarından istifadə olunub.
Rüstəm Qasımov
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər