Məhkəmələr "elektron sistem" qərarını niyə icra etmir?

Bakı Apellyasiya Məhkəməsinə daxil olan işlər hakimlər arasında avtomatlaşdırılmış qaydada bölünəcək. Əvvəllər bu işi məhkəmə sədri icra edirdisə, artıq məhkəməyə verilən işlər elektron sistemdə reallaşdırılır. Yenilik prezident İlham Əliyevin sərəncamına əsasən həyata keçirilir.
Məhkəməyə daxil olan işlərin avtomatlaşdırılmış qaydada bölünməsini ANN.Az-a hüquqşünas Ələsgər Məmmədli və vəkil Əsabəli Mustafayev şərh edib.

Ələsgər Məmmədli elektron məhkəmə sisteminə keçidlə əlaqədar 2 il öncə sənəd imzalandığını bildirib:
"Təəssüf ki, bu sənədin icrası kifayət qədər gecikib. İndi isə bu işin sadəcə Apellyasiya məhkəməsində görülməsi və ya bunun nəzərdə tutulması bəlkə də, müəyyən mənada irəliləyiş olar. Amma ümumilikdə məhkəmə islahatının elektronlaşma sistemi olduqca ləng və problemlidir. Biz bu gün istənilən məhkəmədən informasiya ala bilmirik. İşlərə nə vaxt baxılır? Bəzən məhkəmədən gələn bildirişlər (məhkəmə məktubları) bizə gəlib çatmır. Buna görə də, məhkəmə sistemində ciddi islahatlara ehtiyac var”.
Apellyasiya məhkəməsində işlərin elektron qaydada bölüşdürülməsinə münasibət bildirən hüquqşünas problemin açıq şəkildə aydın olduğunu vurğulayıb:
"Əgər ədalət yoxdursa, məhkəmələr, hakimlər haqlı qərar vermirlərsə, işlərin necə bölünməsinin heç bir əhəmiyyəti yoxdur. İstər avtomatlaşdırılmış qaydada bölünsün, istərsə də məhkəmə sədri işi hansısa hakimə versin, əgər orada neqativ hal varsa, hər şey yenə də əvvəlki kimi olacaq. Bu məsələdə iradə dəyişməlidir”.

Vəkil Əsabəli Mustafayev işlərin elektron qaydada bölünməsinin uzun müddət müzakirə edildiyini dedi:
"Son zamanlarda deyilirdi ki, məhkəmədə işlərin hamısı kompüter vasitəsilə bölüşdürülür. Sədrin burada iştirakı yoxdur. Vəkil olaraq deyə bilərəm ki, bu, ancaq sözdə qalır. Əslində, işlərin bölüşdürülməsində məhkəmə sədrinin böyük rolu var".
"Əgər indi elektron qaydaya keçirilirsə, bunun üçün xüsusi proqram hazırlanmaldır. Həqiqətən də, qərar praktiki olaraq tətbiq ediləcəksə, bu, təqdirəlayiqdir. Ancaq bilirik ki, elə qanunlar var ki, praktikada işləmir. Qərar praktikada da öz əksini tapacaqsa, bu, həm də məhkəmə sədrlərinin səlahiyyətlərini azaldacaq. Çünki biz çox vaxt eşidirdik ki, sədrlər özlərinə yaxın bir qrup hakimləri ayırıb onlara "yağlı işlər” verirlər. Bu da hakimlər arasında narazılıq yaradırdı. İşlərin bölünməsinin isə işləyib-işləməyəcəyini zaman göstərəcək”, - deyə, Ə. Mustafayev əlavə edib.
Qeyd edək ki, prezident İlham Əliyev 13 fevral 2014-cü ildə "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda nəzərdə tutulub:
1. Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə” informasiya sistemi yaradılsın.
2. "Elektron məhkəmə” informasiya sistemi aşağıdakıları təmin etməlidir:
2.1. ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu;
2.2. cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini;
2.3. məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını;
2.4. məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini;
2.5. məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını;
2.6. məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını;
2.7. işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsini və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını;
2.8. qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini;
2.9. sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti”nin yaradılmasını;
2.10. "Elektron hökumət” portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı;
2.11. məhkəmə statistikasının elektron qaydada aparılmasını;
2.12. məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını.
Orxan Aslanlı
www.ann.az
Son xəbərlər
Daha çox 