İlin sonunda manatı nə gözləyir? - AÇIQLAMA

Azərbaycanda dolların məzənnəsinin 1,7039 manat səviyyəsində müəyyən edilməsi ölkə üçün tarixi rekord hesab olunub. Məzənnənin bu səviyyədə müəyyən edilməsi ötən günlə (dolların noyabr 15-nə olan məzənnəsi - 1.6954 manat) müqayisədə 0,5% artım deməkdir.
Dolların manata nisbətdə məzənnəsinin günü-gündən artdığını nəzərə alsaq, ilin sonuna kimi hansı səviyyədə olacağını sual altına qoyur.
ANN.Az məsələ ilə əlaqədar iqtisadçı-ekspertlər - Qubad İbadoğlu, Oqtay Haqverdiyev və Natiq Cəfərlinin fikirlərini öyrənib.

Qubad İbadoğlu - iqtisadçı ekspert
İqtisadçı-ekspert Qubad İbadoğlu ilin sonuna kimi dolların bahalaşmaqda davam edəcəyini dedi:
"Azərbaycan manatı tək dollar qarşısında deyil, eləcə də, digər ölkələrin valyutası ilə münasibətdə zəifləyəcək. Dolların hansı səviyyədə bahalaşması, bazardakı tələb və təklifdən asılıdır. Hazırda, bazarda tələb təklifi üstələyir. Ancaq bunun hansı məzənnədə formalaşacağını demək çətindir. Çünki Mərkəzi Bank istənilən vaxt valyutaya müdaxilə edir”.
"İlin sonuna 6 həftə qaldığını, Mərkəzi Bankın həftədə iki dəfə hərrac keçirdiyini və hər hərracda təxminən, 1 qəpik səviyyəsində bahalaşmasını nəzərə alaraq, dolların məzənnəsinin 1 manat 80 qəpikdən çox olacağı ehtimal edilmir. Mərkəzi Bank üzən məzənnə rejimi tətbiq edildiyini bildirsə də, sərbəst üzən məzənnə tətbiq edilmir. Bu baxımdan, AMB və ARDNF milli valyutaya müdaxilə etməklə, ilin sonuna qədər məzənnənin kəskin şəkildə artmasına imkan verməyəcək”, - deyə iqtisadçı əlavə edib.

Oqtay Haqverdiyev - iqtisadçı ekspert
Ekspert Oqtay Haqverdiyev dolların ilin sonuna kimi 1manat 90 qəpik səviyyəsinə qədər artacağını proqnozlaşdırır:
"Bu məzənnə də, süni yaradılan məzənnədir. İdarə olunduğuna görə, bu gün üçün məzənnə belə lazımdırsa, saxlanılır, lazım olmasa, buraxılacaq. Hər bir inkişaf etmiş ölkədə məzənnə siyasəti tələb-təklif əsasında müəyyən edilir. Əgər təklif varsa, artacaq, yoxdursa, aşağı düşəcək. Bu, bazar prinsipləridir. Biz hələ ki, bu səviyyəyə gəlib çatmadığımıza görə, məzənnə tənzimlənir. Əhalinin yaşayış durumu aşağı olduğuna görə, müəyyən səviyyədə tənzimlənmə olmalıdır. Ancaq ölkədə yaşanan iki devalvasiya və neftin qiymətinin ucuzlaşması bir çox problemlər yaratdı. Dolların bahalaşma tendensiyasını əvvəllər də müşahidə edirdik, amma neft hesabına buna o qədər də, əhəmiyyət vermirdik. Ümumiyyətlə, Mərkəzi Bank devalvasiya siyasətini düzgün şəkildə qurmadı. Hələ neftin qiyməti 100 dollar olanda, AMB yavaş-yavaş devalvasiya etməli idi. Kəskin devalvasiyaya getmək isə hazırki duruma gətirib çıxardı”.
İqtisadçı dolların ilin sonuna kimi 2 manat səviyyəsində olacağı fikri ilə razılaşmır:
"Hazırda, elə bir zərurət var ki, manat öz real qiymətinə çatmalıdır. Amma bu, birdən-birə olan məsələ deyil və olmamalıdır. Yaxın 4-5 il ərazində manat öz yerini tutacaq. İlin sonuna qədər isə 1manat 80 qəpik – 1 manat 90 qəpik civarında dəyişəcək. Dolların məzənnəsi bu sürətlə artsa, hələlik, 2 manat olacağı gözlənilmir”, - deyə, O. Haqverdiyev qeyd edib.

Natiq Cəfərli - iqtisadçı ekspert
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ilin sonuna kimi bir çox proseslər var ki, təzyiqlərin artırılmasına xidmət edəcək:
"Bu, həm ölkədaxili, həm də beynəlxalq aləmdə baş verən proseslərdən asılıdır. Daxili problemlər ondan ibarətdir ki, hər ilin sonu valyutaya tələbat son dərəcədə artır. Bu, idxal məhsullarının ölkəyə gətirilməsi (xaricdən ölkəyə gətirilən məhsulların dollarla satılması), turizmlə əlaqədar vətəndaşların xarici ölkəyə getməsi və digər buna bənzər proseslərlə əlaqədardır. Xarici məsələlərdə isə dekabrın 14-də FES-in dolların uçot dərəcəsinə yenidən baxıması ilə bağlı ola bilər. Artıq 90% proqnozlaşdırılır ki, uçot dərəcəsi artırılacaq. Bu, dolların bütün dünyada eləcə də, Azərbaycanda bahalaşmasına gətirib çıxaracaq. Daxili və xarici problemləri nəzərə alaraq, ilin sonuna kimi manatın dəyər itirməsi sürətlənə bilər. Son zamanlar biz bu prosesin şahidi oluruq. Azərbaycan Mərkəzi Bankı manatın dəyərdən düşməsi ilə razılaşsa da, kəskin devalvasiyaya getməkdən çəkinir. Məzənnə siyasəti bu cür davam etsə, ilin sonuna qədər dolların manata olan məzənnəsi 1 manat 90 qəpik səviyyəsində müəyyən ediləcək”, - deyə ekspert bildirib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının noyabrın 16-na rəsmi məzənnəsini 1,7039 AZN/USD səviyyəsində müəyyən edib.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər