"Qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil"
"Qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir".
ANN.Az-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn ABŞ səfirliyində jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
Amos Hokstayn bildirib ki, dünyanın əksər ölkələrindən fərqli olaraq, bizdə enerji sahəsində bir və ya beş şirkət deyil, 4000-ə yaxın şirkət fəaliyyət göstərir: "ABŞ prezidenti və ya mən müraciət edib desək ki, qiymətlərin artması üçün hasilatı azaldın, o şirkətlər bizi dinləməyəcək”.
O əlavə edib ki, dünya enerji bazarında təklif artımı müşahidə olunur və qiymətlər aşağı düşür: "Lakin qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir. Məhz OPEC qiymətlərin dəyişməsinə təsir edən qurumdur. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını təmin etmək üçün hasilatı azaltmaq barədə qərara gəliblər”.
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi həmçinin "Türk axını" layihəsinə də münasibət bildirib:
""Türk axını”, "Şimal axını” və istənilən layihədən asılı olmayaraq vacib məsələ budur ki, Avropaya qaz təchizatının diversifikasiyası istiqamətində səylər göstərməliyik. Əmin olmalıyıq ki, Avropanın enerji, qazla təminatı sayəsində müxtəlif mənbələrdən prinsiplər tətbiq edilir. Hər hansı boru xətləri, enerji təzhizatı hər hansı bir dövlətin müstəqilliyi, suverenliyi əleyhinə silah kimi istifadə olunmalı deyil. Qeyd edim ki, bu kimi prinsiplər Avropada çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Ukraynada da böyük əhəmiyyətə malik məsələdir”, - deyə A.Hokstayn əlavə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər