Obamanın siyahısındakı rus hakerlər KİMLƏRDİR?
ABŞ prezidenti Barak Obamanın haker hücumları ilə əlaqədar Rusiyaya qarşı qəbul etdiyi sanksiya qərarında 2 rusiyalı hakerin adı var.
İKT.lent.az-ın "Republic” saytına istinadən yaydığı xəbərə görə, sanksiya siyahısında adları olan Yevgeni Boqaçov və Aleksey Belan ABŞ Federal Təhqiqatlar Bürosu (FBİ) tərəfindən axtarışa verilib. Təhlükəli haker sayılan Y. Boqaçovun yaxalanmasına səbəb olacaq informasiya verən şəxsə ABŞ Dövlət Departamenti 3 milyon dollar mükafat vəd edib.
Anapa şəhərində qeydiyyatda olan Y. Boqaçov internetdə "Lastik”, "lucky12345”, "Monstr”, "Pollingsoon”, "Slavik” niklərindən istidfadə edib. ABŞ hüquq-mühafizə orqanları hesab edir ki, bu şəxs "Zeus” virusunu yayan qrupun üzvlərindən olub. Bu troyan 2007-ci ildə ortaya çıxıb və sosial şəbəkələr vasitəsilə yayılan ilk virus sayılır. "Zeus” vasitəsilə serverlərə, şəxsi kompüterlərə və mobil cihazlara hücumlar təşkil edilib. Hakerlər parolları, şəxsi identifikasiya məlumatlarını, bank kartlarının nömrələrini və digər bilgiləri bu yolla ələ keçiriblər. FBİ hələ 2009-cu ilin yayında bu qrup haqqında təhqiqata başlayıb. 2011-ci ilin sentyabrında virus proqramının yeni versiyası internet şəbəkəsinə buraxılıb və 1 milyondan çox kompüter "yoluxdurulub”. ABŞ hüquq-mühafizə orqanları qrupun vurduğu ziyanın ümumi miqdarının 100 milyon dollardan çox olduğunu bildirirlər.
2012-ci ilin avqustunda ABŞ-ın Nebraska dairəsi federal jürisi Y. Boqaçovun arxasında gizləndiyi psevdonimə qarşı rəsmi ittiham irəli sürüb. 2014-cü ildə ilk dəfə olaraq ABŞ hüquq-mühafizə orqanları "lucky12345” psevdonimini Boqaçovla əlaqələndirməyə nail olublar və ona qarşı yeni ittihamlar irəli sürülüb. "Boqaçovun bizə məlum olan sonuncu yaşayış yeri Anapa şəhəri olub. Onun dəniz gəzintilərini xoşladığı və yaxta ilə Qara dənizə çıxdığı bəllidir. Boqaçov Krasnodarda daşınmaz əmlak sahibidir”, - deyə FBİ-ın açıqlamasında bildirilir.
Digər haker - Aleksey Belan isə Riqada doğulub və "Abyr Valgov”, "Abyrvaig”, "Abyrvalg”, "Anthony Anthony”, "Fedyunya”, M4G, "Mag” niklərindən istifadə edib. Onun Rusiya və Latviya vətəndaşlığı var. "Belan Rusiya vətəndaşıdır və Rusiya pasportu var. Rusca danışır, Yunanıstana, Latviyaya, Maldiv və Tailanda səfərlər edir. Eynəkdən istifadə edir. Məlum olan son yaşayış yeri Afinadır”, - deyə FBİ-ın məlumatında bildirilir.
ABŞ hüquq-mühafizə orqanlarına bəllidir ki, A. Belan 2012-ci ilin yanvarından 2013-cü ilin aprelinə qədər Nevada və Kaliforniyada 3 iri online mağazanı qarət edib və müştəri məlumat bazasını ələ keçirib. Bazada ABŞ vətəndaşlarının məlumatları və milyonlarla akkauntun şifrəli parolu olub. A. Belan daha sona bu bazanı satmağa cəhd edib. 2012-ci ilin sentyabrında Las Veqasdakı Nevada dairə məhkəməsi, 2013-cü ildə isə San-Fransiskodakı Kaliforniya dairə məhkəməsi Aleksey Belanın həbsinə order verib. Onun yaxalanmasına kömək edəcək informasiyaya görə 100 min dollar mükafat vəd olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər