Termometr qırılıbsa, nə etməli?

Qış aylarında adətən xəstəliklər çoxalır və xəstənin vəziyyəti ilə bağlı diaqnoz qoymaq üçün civəli termometrlərdən istifadə olunur. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin statistikasına görə, demək olar hər gün termometrlərin qırılması hallarına rast gəlinir. Belə olan halda nə etmək lazımdır?
Hələ lap uşaqlıqdan valideynlərimiz bizə termometrlərdən ehtiyatla istifadə etməyi tapşırırdılar. Belə ki, termometr qırılarkən içindəki civə bayıra axır və ətrafda olanların zəhərlənmə təhlükəsi yaranır.
Bəs, adamları təhlükədən qorumaq üçün nə etmək lazımdır?
İlk növbədə termometrin qırıldığı məkandan adamlar çıxarılmalı, pəncərələr açılmalıdır. Amma bu zaman qapının bağlı olmasına mütləq diqqət yetirin ki, hava cərəyanı yaranmasın. Əks halda civə yumruları ətrafa yayıla bilər.
Daha sonra mütləq 112-yə zəng edərək FHN mütəxəssislərini çağırmaq lazımdır. Civə ancaq bu qurumun mütəxəssisləri tərəfindən yığılmalıdır.
Bütün dünyada qırılmış termometrlər belə utilizasiya edilir.
Nuray Qasımzadə
www.ann.az