“Ya əraziləri qaytar, ya da…”, müharibənin mümkün ssenarisi
2017-ci ilin sonlarına qədər Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünü hazırlayırlar. Serj Sarkisyan "Ermənistan” telekanalının "R-Təkamül” proqramına müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan istifadə edib. Dağlıq Qarabağdakı qondarma rejimin "parlament”i 3 il müddətinə "prezident”ini seçib. ABŞ Suriyanın şimalında hərbi gücünü artırmaqdadır. Ukraynanın şərqində yaradılan "Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı "Malorusiya dövləti”nin yaradılmasını elan edib. Müsəlmanların ilk qibləsi olan Məscidi-Aksa ətrafında vəziyyət gərginləşməkdə davam edir.
İyulun 21-də Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş baş tutub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.
Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.
"Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə konkret planın müzakirəsi və onun implementasiyasını (həyata keçirilməsi) təmin etmək lazımdır”. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti”yə açıqlamasında deyib.
E.Məmmədyarov qeyd edib ki, ermənistanlı həmkarı ilə Brüsseldə keçirilən görüşdə Minsk qrupunun həmsədrləri prezidentlərin görüşünün keçirilməsini təmin etməyi xahiş etdilər.
"Görüşlər münaqişənin həlli prosesində əhəmiyyətli elementdir. Lakin bu görüşlər görüş xətrinə keçirilməməlidir. Əgər prezidentlər səviyyəsində görüş təşkil ediləcəksə, həmsədrlər tərəfindən münaqişənin nizama salınması üzrə planın müzakirəsi və onun implementasiyasını təmin etmək lazımdır. Buna görə biz həmişə danışıqların substantiv xarakterinə ehtiyacın olduğunu xüsusi vurğulayırıq”, - deyə nazir qeyd edib.
Xarici işlər nazirinin sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra substantiv danışıqlar yolu ilə münaqişənin həllinə imkan verməmək üçün Ermənistan tərəfi müxtəlif təxribat və bəhanələrə əl atıb.Nazirin qənaətinə görə, Ermənistan hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə çalışır.
İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dağlıq Qarabağdakı qondarma rejimin "parlament”i iyulun 19-da Bako Saakyanı yenidən 3 il müddətinə "prezident” seçib. Gizli "səsvermə”nin nəticəsinə görə, Saakyana "parlament”in 33 "deputat”ından 28-i səs verib. Onun rəqibi – "Hərəkat-88” Partiyasının lideri Eduard Aqabekyan 4 səs toplayıb.
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin saxta "prezident seçki”si keçirməsi Ermənistanın növbəti siyasi təxribatıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 19 iyulda qondarma rejimdə qanunsuz "prezident seçki”sinin keçirilməsi məsələsi ilə bağlı deyib.
"Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər, çünki bu, geosiyasi oyunların nəticəsidir”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "RİA Novosti” agentliyinə müsahibəsində deyib.
Azərbaycan müdafiə naziri Zakir Həsənovun Ermənistanın qürrələndiyi "İskəndər” raket kompleksini məhv etmək gücünə malik silahlarımızın olması haqda dedikləri İrəvanda təşvişlə müzakirə edilir.
Digər tərəfdən, Ermənistandakı "İskəndər”lərin erməni hərbi birləşmələrinin arsenalına daxil olmadığı, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tərkibində olduğu, həmçinin, Moskvanın bu raket komplekslərini İrəvana verməsinin arxasında siyasi məqsədlərin mövcudluğu şübhəsizdir. Bunu ermənilərin özləri də etiraf edir.
Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında 2017-ci ilin sonlarına qədər baş tutacaq görüşün əsas təşkilatçısı olacaq. Bu barədə Rusiya XİN-dəki mənbə "İzvestiya” qəzetinə bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünü hazırlayırlar.Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün Moskva-Vyana videokörpüsündə bildirib.
"Həmsədrlər bundan sonra da öz səylərini intensivləşdirəcəklər, iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünə hazırlaşırlar. Yüksək səviyyədə yeni görüşün hazırlığı baxımından tərəflərlə işin səviyyəsinin artırılması üçün addımlar atılacaq", - deyə o qeyd edib.
Bu informasiyalar fonunda Ermənistan prezidenti Serj Sarkisyanın erməni mediasına müsahibəsində dediyi fikirlər diqqət çəkir. Erməni siyasi şərhçi Sarkis Artsruni Sarkisyanın prezidentlərin görüşünə getmək istəmədiyini yazır: "Onun müsahibədə dediyi fikirlər də bunu göstərir. Lakin Sarkisyan bu görüşə getməyə məcburdur, çünki Moskvanın təşəbbüsünü rədd edə bilmir”.
Serj Sarkisyan "Ermənistan” telekanalının "R-Təkamül” proqramına müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan da istifadə edib. Sarkisyan heç bir variantda geri çəkilməyəcəklərini bildirib: "Biz davamlı olaraq güzəştlər haqda danışırıq, lakin münaqişə daha 20 il də həll olunmasa, yenə də geri çəkilməyəcəyik”.
O, Ermənistanın hədəflərini açıqlayıb və qeyd edib ki, "öz müqəddəratını təyin etmə” prinsipini əsas götürürlər.
"İkinci şərt kimi Dağlıq Qarabağla Ermənistanın quru sərhədləri olmalıdır. Bu iki mövqe bizim üçün əsasdır. Üçüncü şərt isə Dağlıq Qarabağda təhlükəsizliyin etibarlı zəmanətləri olmalıdır. Bu prinsiplər haqda sənədin tərtib edilməsinə Dağlıq Qarabağın (qondarma DQR rejimi - red.) iştirak etməsi məcburidir”, - deyə Sarkisyan prezidentlərin görüşü öncəsi öz absurd şərtlərini irəli sürüb.
Hərçənd, Ermənistan tərəfinin məhz belə qeyri-konstruktiv mövqeyi nəticəsində uzunillik danışıqlarda heç bir nəticə əldə olunmayıb. Hesab etmək olar ki, Sarkisyanın bu qəbuledilməz şərtləri müharibə variantını yenidən gündəmə gətirə bilər.
Daha əvvəl isə Rusiya Federasiya Şurası razılaşmanı təsdiq edib.
Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlar aparır. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Maliyyə naziri Vardan Aramyan söyləyib. O, danışıqların bu ilin əvvəlindən başladığını bildirib.
Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana 200 milyon dollarlıq hərbi kredit ayırıb. Bu kredit çərçivəsində Ermənistana həmçinin "İsgəndər” raketləri də verilib.
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi təklifilə çıxış edib. Volodin Moskvada Ermənistan parlamentinin spikeri Aroy Babloyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə belə bir təklif səsləndirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz turnesinə çıxır. Prezident 23-24 iyul tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək. Səfərin əsas məqsədi Qətər böhranının həllinə kömək etməkdir.
Türkiyə Rusiyadan S-400 raket sistemlərinin alınması üçün 2,5 milyard dollar ödəməyə razılaşıb.
Rusiya ilə Türkiyə arsında aparılan S-400 sistemlərinin alınması üçün müzakirələr yekunlaşıb və imzaların atılması an məsələsidir. Bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık açıqlama verib.
O, bildirib ki, Rusiya ilə aparılan müzakirələrdə artıq bütün maneələr dəf edilib və imzaların atılması mərhələsinə keçilib: "S-400 mövzusu artıq son nöqtəyə gəlib. Görüşlər müsbət nəticələrlə yekunlaşıb. Sadəcə imzalar atılmalıdır. Məsələ ilə bağlı hələ ki, heç bir problemlə qarşılaşmamışıq”.
ABŞ Suriyanın şimalında - PKK/PYD terror təşkilatının nəzarətində olan bölgədə hərbi gücünü artırmaqdadır. "Anadolu” agentliyi xəbər verir ki, ABŞ hazırda bölgədə iki hava bazası və 8 hərbi məntəqəyə sahibdir.
Haseke, Rakka və Münbiçdəki "əməliyyat nöqtələri”ndə ABŞ-ın xüsusi təyinatlı qüvvələri yerləşir. Tel-Beyder ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bölgədə qurduğu 8 hərbi məntəqədən ən yenisidir.
Münbiçdə iki hərbi məntəqədə yerləşən qüvvələr PKK/PYD-ni Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusundan müdafiə edir.
Almaniya Türkiyəyə qarşı silah və ehtiyyat hissələrinin ixracının dayandırılması ilə bağlı sanksiya tətbiq edib. Almaniya ilk növbədə hərbi iş birliklərini dondurub, silah və hərbi avadanlıqların satışını təxirə salıb.
ABŞ raket proqramı və "düşmən fəaliyyəti” ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək niyyətindədir. Bu haqda jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.
ABŞ Prezidenti Donald Tramp iyulun 18-də İranın 2015-ci ildən nüvə sazişinin öhdəliklərini yerinə yetirdiyini qəbul edib. Ağ Evin yaydığı informasiyaya görə, dövlət katibi Reks Tillerson İranla əldə olunmuş sazişin yerinə yetirilməsi ilə bağlı hesabatı Donald Trampa təqdim edib. Həmin sənəd prezident tərəfindən Konqresə göndərilib.
ABŞ və İsrail İranın Suriyanın cənubunda gücünü artırmasına imkan verməyəcək. Bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser söyləyib. O, Suriyada atəşkəsin İranın maraqlarına xidmət etməməsi gərəkdiyini söyləyib.
Qeyd edək ki, bundan öncə İsrailin baş naziri Benyamin Netanyahu Suriyadakı atəşkəsi dəstəkləmədiyini bildirib. O, ABŞ və Rusiyanın əldə etdiyi atəşkəsin İranı Suriyada gücləndirəcəyini vurğulayıb.
Tehranın bu addımı ABŞ Senatının iyunun 15-də qəbul etdiyi qərara cavab olub.
ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı sistemini (Laser Weapons System) sınaqdan keçirib. Bu barədə CNN telekanalı məlumat verib. Məlumata görə, bu, faktiki olaraq dünyada ilk işlək lazer silahıdır.
LaWS sisteminin sürəti 50 min dəfə qitələrarası ballistik raketin sürətindən artıqdır. ABŞ hərbçiləri şərti hədəf qismində pilotsuz ucan aparatı seçiblər (PUA). Nəticədə qanadı alışan PUA dənizə düşüb.
Qətər böhranının yaranmasına səbəb olan bəyanatın yerləşdirildiyi Qətər dövlət xəbərlər agentliyinə kiberhücum Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təşkil edilib. Bu haqda ABŞ kəşfiyyatında çalışan məmurlara istinadən "Vaşinqton Post” nəşri bildirib.
"Türkiyə əgər ərəb dünyasına gizli-gizli girərək müdaxilə etməyə çalışırsa, bu dövr keçdi”. Bunu haqda Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim deyib.
"Türk qardaşlarımız ərəb dünyasında gizli, yaxud da müəyyən ölçüdə arzuolunmaz hərbi müdaxilə dövrünün çoxdan bitdiyini anlamalıdır. Əgər Türkiyə qurucu rol oynamaq istəyirsə, bunu ancaq xoş qarşılayarıq. Ancaq bu rolu hərbi bazalar və hərbi müdaxilə ilə oynamaq istəsələr, bu, yaxşı olmayacaq”, - deyə o bildirib.
Suriya müxalifəti Prezident Bəşər Əsədin devrilməsindən artıq imtina edib.Bu sözləri öz Tvitter səhifəsində Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov paylaşıb.
Qeyd edək ki, bundan öncə Fransa Əsədin devrilməsinin Paris üçün artıq prioritet olmadığını bildirib. Eyni fikri bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp da söyləyib.
Əsədin devrilməsi məsələsində hələlik İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə fikrini dəyişməyib.
"İŞİD terror təşkilatı məğlubiyyətdən sonra diversiya taktikasına keçə bilər”.Bu haqda Şimali İraq kürd anti-terror güclərinin nümayəndəsi Lahud Təlabani bildirib.
Təlabaninin sözlərinə görə, təşkilat diversiya taktikasına keçməklə "Əl-qaidə” terror təşkilatını xatırlatmağa başlayacaq.
Beynəlxalq Polis Təşkilatı (İNTERPOL) 173 kamikadzenin yer aldığı siyahını açıqlayıb.
Lahur Təlabani həmçinin İŞİD lideri Əbubəkr əl-Bağdadinin sağ olduğunu deyib. "99 faiz ehtimalla deyə bilərəm ki, Bağdadi sağdır və Rakkada yaşayır. Onun sağ olması ilə bağlı bizdə kəşfiyyat məlumatı var”, - Təlabani bildirib.
"Moskvada İŞİD lideri Əbubəkr əl-Bağdadinin taleyi haqqında dəqiq informasiya yoxdur”.Bu haqda Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Bağdadinin taleyi ilə bağlı dövriyyədə olan bütün məlumatlar yoxlanılır.
"Bizdə hansısa daha dəqiq məlumat yoxdur. Həqiqətən, bir-birinə zidd informasiyalar hərəkət edir. Bu informasiyalar bizim müvafiq xidmətlərimiz tərəfindən yoxlanılacaq”, - Peskov əlavə edib.
Amerika Birləşmiş Ştatları İŞİD terror qruplaşmasının daxilinə sızdırdığı kəşfiyyat üzvlərini geri çağırıb.Keçən həftə Deyrezzor ərazisindəki agentlərini geri götürən ABŞ federal agentliyi dünən də İraqın Havis qəsəbəsindəki üzvlərini təhlükəsiz bölgələrə daşıyıb.
Amerika agentlərini havadan apardığı əməliyyatlar sayəsində təhlükəsiz şəkildə toplayır.
ABŞ-ın kəşfiyyat məqsədilə agent göndərdiyi daha bir bölgə isə Mosul şəhəri idi. Mosul terrorçulardan təmizləndikdən sonra ABŞ hərbi helikopterlərinin şəhərə gəldiyi və İŞİD əsgərlərindən bir neçəsini apardığı bildirilmişdi. Şəhər azad edildikdən sonra həmin əsgərlərin əslində, ABŞ kəşfiyyat agentləri olduğu ortaya çıxarıldı.
Qeyd edək ki, ABŞ rəhbərliyi altında Suriya və İraqda agentlik fəaliyyəti göstərənlər Tunis, Küveyt kimi ölkələrdən gələn miqrantlardır. Həmin gizli agentlər sayəsində koalisiya qüvvələri İŞİD-in onlarla hərbi əməliyyatının qarşısını alaraq ona qalib gəlib.
İsrail hökuməti yaşı 50-dən aşağı olan müsəlmanlara məscidə girməyi qadağan edib. İsrail polisinin verdiyi açıqlamaya görə, qadağa növbəti əmr verilənə qədər davam edəcək.
Müsəlmanların ilk qibləsi olan Məscidi-Aksanın İsrail tərəfindən ibadətə bağlanılmasına Türkiyədə sərt reaksiya verilib. İstanbul və Ankara şəhərləri başda olmaqla, Türkiyənin 81 əyalətində etiraz nümayişləri təşkil edilib.
Publika.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər