Leyla Əliyeva Bakı Kitab Mərkəzində
Mayın 8-də Bakı Kitab Mərkəzində "Yolum keçir Qarabağdan” adlı rəsm sərgisi açılıb və eyniadlı kataloqun təqdimat mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimi Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq bildirib ki, sərgi Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalının 27-ci ildönümünə təsadüf edir.
G.Rzayeva qeyd edib ki, Kitab Mərkəzi ilə "My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin müştərək layihəsi olan "Yolum keçir Qarabağdan” adlı sərgidə 40-a yaxın əsər nümayiş etdirilir. Buradakı rəsmlər yaşı 12-18 arasında olan gənc rəssamlar tərəfindən çəkilib. Bu gənclər ABŞ vətəndaşlarıdır və onlardan heç biri Qarabağda olmayıb.
Yaradıcılıq Mərkəzi qeyri-kommersiya təşkilatının təsisçisi və direktoru Alyona Bədəlova layihə barədə məlumat verib. Bildirib ki, təmsil etdiyi təşkilat Nyu-Yorkda beş ildir fəaliyyət göstərir və incəsənət, rəqs, musiqi, idman və mədəni irsin öyrənilməsi vasitəsilə icmaları bir araya gətirir. Təşkilatda çalışan uşaqlar ABŞ vətəndaşlarıdır. Artıq dördüncü sərgidir ki, keçiririk.
www.anews.az