Caspian European Club Elmir Vəlizadənin iştirakı ilə B2B Transport forum təşkil edib
Caspian
European Club Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadənin iştirakı ilə B2B Transport
forum keçirib. Forum çərçivəsində nəqliyyat və logistika şirkətlərinin sual və
təklifləri müzakirə olunub. Bu barədə Caspian European Club və Caspian Energy
qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
İki
saat davam edən onlayn B2B Transport forum çərçivəsində müzakirələrə həmçinin
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini İbrahim Əliyev,
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
Nəqliyyat siyasəti şöbəsinin rəisi Azər Əliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı” QSC-nin baş direktor müavini Əkbər Kərimov, Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin rəisi Fərid Vəliyev, Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin yol vergiləri şöbəsinin rəis müavini
Sultan Hüseynov, Bakı şəhəri üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOB Dostu) sədri Vüsal Qasımov və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən
dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.
"Ölkə
rəhbərliyi tərəfindən qarşıya Azərbaycanı regional nəqliyyat habına çevirmək məqsədi
qoyulub. Azərbaycanın tranzit imkanları və mövcud infrastruktur yerli, o cümlədən
xarici nəqliyyat və logistika şirkətlərinə bütün istiqamətlər üzrə
yükdaşımaları həyata keçirməyə imkan verir”, - deyə Elmir Vəlizadə qeyd edib.
Forumda
həmçinin kadr resurslarının qorunub saxlanılmasının zəruriliyi qeyd olunub,
COVİD-19 pandemiyasının nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini
azaltmaq məqsədilə həyata keçirilən dövlət dəstəyi barədə məlumat təqdim
edilib.
Caspian
European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev Caspian European
Club-un üzv şirkətlərinin top-menecerləri adından COVİD-19 koronavirus
pandemiyası dövründə sahibkarlara göstərilən fəal mövqeyə və dəstəyə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Hökumətinin iqtisadi
bloku təmsil edən bütün nümayəndələrinə minnətdarlığını ifadə edib.
Caspian
European Club tərəfindən yaradılmış B2B forum beynəlxalq biznes-netvorkinq üçün
unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri qısa təqdimatlar
keçirir, öz fəaliyyətləri barədə danışır, sahənin problemləri ilə bölüşür və
onların həlli yollrını təklif edirlər.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqu stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.
www.anews.az