STM-nin mətbuat katibi Şuşadan yazdı - 4 saata sığan bir ömrün ziyarəti
Sentyabrın 11-i Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) təmsilçiləri və bir qrup juranlist işğaldan azad edilən Şuşa şəhərinə səfəri edib. Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi Əziz Əlibəyli ilk dəfə olduğu Şuşa haqqında gördükləri və yaşadıqları barədə bunları yazıb:
a) Füzulinin bağ-bağatlı kəndləri arxada qalır, yolboyu evlərin sayı yavaş-yavaş azalır, təbiət üzünü bozardır, ağaclar sanki yerin dibinə gömülür, bomboz çöllüklər adamı qəribə bir ruha salır. 10 dəqiqəlik yol qətindən sonra sağda-solda yarıuçuq evlər, insan əməlinin acı nəticəsi kimi daşı daş üstündə qalmayan bir zamanlar kimlərinsə dədə - babalarının yaşayıb, dünyasını dəyişdiyi, kimlərinsə 30 ildir həsrətini çəkdiyi ata ocaqları kül altından boylanır. Sanki bir zamanlar nəfəslərinin isitdiyi divarlar özlərində onların ruhlarını saxlayaraq, yaşamaq həvəsini uçulmuş evlərin ortasından günəşə boy atan yaşıəl ağacların gövdəsinə köçürüblər.
Yol başını alıb gedir, çoxumuz Bakıdakı Qənimətlər Parkındakı görüntüləri əyani olaraq görüb, beyninizə köçürmüsünüz. Üzü Araza qədər - Əhmədbəyliyə çatmamış Şimaldan -cənuba uzanan, ilk baxışdan üzümlük sahəsini xatırladan daş manelər, plitələr və armaturların əhatə etdiyi tikanlı məftillərin qövsvari rəqsinin şahidi oluruq - İran sərhədinə qədər yanımızdan - 30 il tikanlarını torpağımızın bağrına batıran Ohanyan xətti görünür.Bir insan beyninin dəhşətli ssenarini bu səviyyədə necə düşündüyünü təsəvvür etmək nə qədər çətindirsə, mina tarlaları arasından, maneələri yarıb keçən ordunun hərbi qüdrətini sadəcə təsəvvür etmək imkansızdır.
Əhmədbəyli, Zobucuq, Şükürbəyli kəndlərinin sadəcə adlarını google map-da tapmaq mümkündür, özləri isə kösöv kimi qapqara, bağrına güllə saplanmış, erməni ayaqğının dəyməsi ilə otu qurumuş və bizim inancımızdakı kimi 7 il boyunca yerində bir ot belə bitməyəcək hala gəlmiş...
Qüssəli tablonun təəssüratları çox ağırdır, maşının içərisindəki ab-hava sanki hamıya qəflətən bəd xəbər verilibmiş kimi dövran edir.
Ərazidə - ucsuz -bucaqsız xarabalıq fonunda yalnız üzərində avtomobilimizin şütüdüyü yeni çəkilmiş "Zəfər yolu"dur, 12 ay əvvəl qəhərman əsgərimiz bu yolla ya zəfərə ulaşıb, ya da şəhidlik zirvəsinə...
Daha sonra məlum olur ki, yanından keçdiyimiz xarabalıqlar boyunca ərazilərdə ehtimal edilir ki, hələ də döyüşdən sağ çıxmayan və tapılmayan erməni əsgərlərinin sümüklərinə rast gəlinir.
Haşiyə: 14 noyabr 2020-ci ildən bu vaxta qədər aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1618-ə çatıb.
Füzuli şəhəri yolun xarakterinə görə artıq sol tərəfimizə düşür, göz ayarı da görmək olar ki, burda haçansa şəhər olub və 17 oktyabr günü üzərinə bayraq sancılıb Ali Baş Komandana "Füzuli azad edildi" raportu verilən binanın ön divarından başqa heç nə görünmür.
Bura çatmamış isə sol zonada uzaqdan bölgədə yeganə həyat əlamətləri daşıyan Füzuli aeroprtu görünür ki, ərazidə böyük işlərin aparıldığı aşkar gözə çarpmaqdadır.
İnsan düşünür, Azıxa çatmamış bütün yolboyu - Azərbaycanlılar yaşayan kəndlər darmadağın edilib, yer üzərindən silinib, özləri yaşayan Qarabağın Dağlıq hissəsinə aid kəndlər - lap elə Füzulini çıxan kimi Xocavəndə atılan ilk addımdan cənnət mənzərəsi açılır.
Azərişığın Füzulidən Şuşaya çəkdiyi xətt isə sadəcə ağıl ediləcək həddə deyil, ziqzaqlar, fərqli təbiət və uçurum, dağ, dərələr boyunca hündür dirəkləri cəmi 8 ayda inşa etmək böyük bir güc tələb edir və adama elə gəlir ki, bütün Azərbaycan buraya yığışıb, Xocavəndin amansız təbiəti var: yolları qorxunc, sərt və təhlükəli yoxuşları, enişləri, dolayları, bütün bunlara rəğmən isə xüsusi bir istedadla çəkilmiş asfalt yol, sürücümüzün əlahiddə təcübəsi öz sözünü deyir, təbiətlə ilk dəfə baş-başa qalan şəhərli qonaqlar üçün pəncərədən ətrafa boylanmaq əsəb testi təsiri göstərir. Dibsiz uçurumların üzərində qaynayan həyat başqa bir ekstrim yaratmaqdır.
Şuşanın dibində - qolunun altında məşhur Daşaltı kəndinə daxil oluruq - ətim çimçəşir - 92-nin qanlı Daşaltı əməliyyatını düşünmədən keçə bilmirəm - uğursuz gün və 90 əsgərimizin şəhid edildiyi, Şuşanın itiriləcəyinə səbəb olacaq məşum yanvar gecəsi...
Qırmızı hərflərlə yazılmış "ŞUŞA" bizi həsrətimizin ocağına götürür.
Asta - asta Şuşanın girəcəyindən sağa-sola boylanırıq. Müharibə günlərində bloqunu izləyib, şoka düşdüyüm şoumen rus blogger Semyon Peqovun görüntülərini qeydə aldığı yerə çatırıq - aşağıdan yuxarı XTD-miz çıxır, indi bizim hərəkət etdiyimiz yerdə dayanan erməni əsgərləri yuxarıdan aşağıya doğru dəşhşətlə, panika içərisində atəş açırlar. Burdan salamat çıxmaq mümkün deyil əsla, amma müzəffər əsgərimiz imkansızı bacarır.
"Şuşaya təşrif buyuran turistlərin sevimli yerlərindən biri də əvəzsiz və əsrarəngiz təbiətə malik əfsanəvi Cıdır düzüdür. Cıdır düzünün qərb tərəfi bir-birinin arxasında yerləşən üç hündürlükdən ibarətdir. Bu yüksəkliklərə "Üçmıx" adı verilib".
Əvvəllər Cıdır düzündə hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilir, ötən əsrin əvvəllərində Qarabağ xanəndələrinin bir çoxu elə Cıdır düzündəki ifalarından sonra məşhurluq qazanırmış.
Haşiyə: Şuşanın qərb hissəsi 1800 metr, şərq hissəsi dəniz səviyyəsindən 1400 metr qalxır. Cıdır düzü Şuşanın cənub nisbətən düz, lakin daha yüksək hissəsindədir. Bu çəmənlik dərəyə və Daşaltı çayının 200 metr aşağıdan axan Daşaltı dərəsinə baxır. Cıdır düzünün kənarındakı cığır qırx pilləkana, Daşaltı dərəsinə və Xan mağarasına aparır. Xan mağarası 1992-ci ildə ermənilər tərəfindən dağıdılıb.
Daş kitabələrə oxşayan Tanrının memarlıq etdiyi - qayaları sal-sal bir-birinə bitişib, üzüaşağı Daşaltı çayına qədər sallanır.
Bir neçə foto çəkdirdikdən sonra düzün aşağı hissəsinə tərəf yol alıram, Təmas Xətti kanalı üçün uyğun bir yer tapıb, canlı yayıma çıxıram, 55 min nəfər üçün Şuşa, Qarabağ haqda şərhlərimi təqdim edirəm, dayandığım yerdə - arxa fonda uzaqdan Xankəndi görünür, işarə edirəm, göz ayarı şəhərə nəzər salıram, Xanın kəndi üçün Xanın düzündən şərhlər verirəm,
Qaydırıq, Cıdır düzüdün üst hissinə tərəf -o məşhur videonu xatırlayırsınız, Pşainyan və əhli-əyalı yallı gedir, donuz kababından yeyir, çaxırdan içir və günlüyünü gözünün üstünə salıb, uyuyur, biz müsəlmanların əcəb düşünəsi yadıma düşür - bizim torpaqda donuz arzu edilmir, çünki murdar sayılır, ayaqlarımın altında susuzluqdan yarılan yerin üzərində cəmi iki il əvvəl donuz saxlayanlar, içib sərxoş olanlar torpaqlarımızdan elə qaçıblar ki, özümü də gülmək tutur və qeyri-ixtiyari səslənirəm:
"Noldu, Paşinyan)"
Dürr kimi, sədəf qədər ağ, buludlar kimi məsum, əcəb seyrangahların şairi tarixləri birləşdirib 4 əsrin kimliyi - pasportu kimi sanki təşəkkürünü bildirir. Dəhşət taledir: Öz taleyi Qarabağa bənzəyən Vaqif və, Pənah xan da, İbrahim xan da, lap elə Mehduqlu da...
Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirdi ki, bu indi "Aşağı Gövhər ağa məscidi" adlanır və xarabalığı hal-hazırda Şuşada durur. 1884/1885-cı illərdə isə o, Şuşada vaxtilə ata-babasının tikdirdiyi məscidi təmir və bərpa etdirdi, hansı ki, həmin məscid hal-hazırda da durur və "Yuxarı Gövhərağa məscidi" adı ilə tanınır.
"Məclisi-fəramuşan"ın məşğələləri çox vaxt bu məscidin hücrələrində keçirilərdi. Bəzi mənbələrdə Gövhər ağanın özünün də qəzəl və fəxriyyələrinin olduğu göstərilir. Ədəbi irsindən hələlik, azərbaycanca bir beyt, farsca bir fərd (beyt) məlumdur.
X.Natəvanı tərbiyə edib, böyütmüş, ona musiqini, şeri, rəsmi sevdirmişdir.
Gövhərağa məscidinə daxil oluruq - 2016-cı ilin aprel savaşından sonra qurulan Cocuq Mərcanlı kənd məscidi tikilir və Prezidentin göstərişi ilə O, Gövərhağa məscidinin eynisi kimi inşa edilir.
Sözügedən illərdə müsəlman ölkəsi İran Şuşa məscidinin təmirini üzərinə götürür və təmirdən daha çox fars mədəni-dini elementlərini məscidə yamaq edirlər.
Məscidini həyətində var -gəl edirəm, aradabir həmişə xüsusi bir mistika ilə yanaşdığım uca minarələrə baxıram, birdən gözüm məscidin sol tərəfində dayanan tanış bir simaya rast gəlirəm - bir daha da baxıram: xatırlamağa çalışıram, aha, o deyəsən, Xankəndinin millət vəkili Tural Gəncəliyevdir ki...
Yaxınlaşıram, görüşürük, söhbət başlayır, mövzumuz təbii ki, Xankəndidir.
Müharibə üçün heç olmazsa əhalinin 1 faizi iştirak etməlidir axı.
Bu hesabla Xankəndi və ətraf ərazilər üçün döyüşəcək, savaşacaq və ya sözdə dövlət qurub, müstəqillik elan edəcək fantazyorların cəmi 250 nəfəri var: Şuşada isə təkcə bir bina təmirində və yanındakı işlərdə 250 nəfər işləyir.
Gün qüruba doğru irəliləyir, düşürük Seyidlər məhləsinə, yeni bişmiş çörək qoxusu burnumuzu qıcıqlandırır, içəəri daxil oluruq, hərəyə bir çörək alırıq, təkcə almaqla da yetinmirik, bihuşedici ətrini sinəmizə çəkirik, xüsusi bir ləzzətlə pendirsiz - yağsız yavaç çörəyi gözümüzə təpirik.
Şuşanın bütün binaları güllə izi ilə yaşayır, savaş təkcə insanlara qarşı olmayıb, düşmən təbiətə, ağaclara və dik duran nə varsa, hamısına divan tutub. Ev-ev, otaq - otaq 8 noyabr gecəsinin adsız qəhramanları şəhid komandirlərin, əsgərlərin və doğulduqları rayonların adlarını divarlara tarix olaraq qeyd ediblər.
Qisasin alındı, cənab kapitan və s.
Və o məşhur fraza: hansısa ildə hansısa universitetin tarix fakutləsini bitirmiş hansısa kənddə müharibəyədək müəllim işləmiş bir igidimiz qeyd edib: Vini, vidi, vici..
Şuşa dolayları arxada qalırdı, yorğun, amma xoşbəxt simalarda ziyarətimizin ovsanata keçdiyi aşkar görünürdü...
Pəncərədən yarıyuxulu boylana - boylana təsadüfən qulağıma dəyən nəğmə səsinə aludə olaraq üç əsrlik ağrıları, göz yaşlarını, minlərlə şəhid ağısını birlikdə oxumağa başladıq:
Azad bir quşdum,
Yuvamdan uçdum.Bir bağa düşdüm,
Bu gənc yaşımda...
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət
14:52
Prezident: 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə olunacaq
Siyasət
14:42
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib - Yenilənib
Son xəbərlər
Daha çox