Ceyhun Bayramov Ararat Mirzoyanla görüşdü
Bu gün Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub.
XİN-dən Anews.az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə mövcud olan münaqişə sonrası vəziyyət və iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini səsləndirib.
Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğumuz ifadə edilib.
Bu xüsusda, Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov azad edilmiş ərazilərdə insan həyatına birbaşa təhdid olan mina təhlükəsi mövzusunu qeyd edərək, bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsinin zəruriliyini bildirib.
www.anews.az