Magistraturaya qəbul qaydaları dəyişir - Tələbələr nə düşünür?

Magistr olmaq istəyənlərin xarici dil üzrə yazı və danışıq bacarıqları 2024-cü ildən yoxlanılacaq, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Magistr" xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı ön sözdə bildirib.
Onun sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq.
"Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur”, - deyə o bildirib.
Bəs hazırda bakalavr olan və magistr pilləsini Azərbaycanda oxuyacaq tələbələr bu qərarı necə qiymətləndirir?
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsi Sənan İsmayılın sözlərinə görə, əgər tələblər artırılır və imtahanlar çətinləşdirilirsə, paralel olaraq orta və ali təhsilin keyfiyyəti də artırılmalıdır.
"İmtahanlar ilə bağlı qarşımıza qoyulan tələblər bizə verilən təhsilin səviyyəsi ilə düz mütənasib olmalıdır. Ancaq görünür ki, keyfiyyət heç kəsi maraqlandırmır. Mövcud olan bir çox çatışmazlıqların fonunda demək olar ki, bu cür tələblər tədrisdə öz əksini tapmadıqca yersizdir. Hazırda Azərbaycan orta məktəblərdə kurikulum, ali məktəblərdə isə bolonya sisteminə keçib. Ancaq reallıq fərqlidir. Çünki bu təhsil sistemləri düzgün tətbiq olunmur. Olunması da hazırkı vəziyyətdə mümkün deyil. Bunlar Avropa ölkələrinə aiddir. Azərbaycan isə Avropa deyil. Bizim Avropa ölkələrindəki kimi məktəblərimiz və universitetlərimiz yoxdur. Yəni real şərait burada həmin təhsil sistemlərinin lazımi səviyyədə tətbiq olunmasına imkan vermir. Nəticədə bolonya səviyyəsində təhsil ala bilməyən tələbə bolonya səviyyəsində imtahan verir. Bu da imtahanda göstəricilərin aşağı olmasına gətirib çıxarır. Ən sonda isə keçid balları aşağı salınmaqla məsələ "həll edilir"", - deyə tələbə vurğuladı.
Həmin fakültənin ingilis bölməsində təhsil alan Çimnaz Qəzənfərli qoyulan yeni tələbləri müsbət qiymətləndirir.
"Düşünürəm ki, yerində verilən qərardır. Çünki, xarici dil üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması tələbələrin məsuliyyətini daha da artıracaq və bu sahə üzrə daha bilikli olmağa səbəb olacaq.Fikrimcə, ali təhsil müəssisələrinin bakalavriat pilləsini bitirmiş tələbələr seçdiyi xarici dil üzrə fikirlərini sərbəst şəkildə yazılı və şifahi ifadə etməyi bacarmalıdır. Bu qərarı da prosesin inkişafı və sürətlənməsi üçün atılan uğurlu addım kimi qiymətləndirirəm",- deyə Çimnaz Qəzənfərli bildirdi.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuyan Nərgiz Sultanovanın (şərti ad red.) sözlərinə görə, bu şərtlər tələbələrin magistraturada seçəcəyi ixtisasa görə dəyişməlidir. Onun fikrincə, şərtləri qoyarkən universitetlərdə xarici dilin öyrədilməsi səviyyəsi, həmin fənlərin tədrisi ilə bağlı monitorinq keçirmək vacibdir.
"Dövlət İmtahan Mərkəzi xarici ölkələrin magistratura qaydalarına əsasən, belə bir sistem qurur. Əvvəlcə, onu deyim ki, belə sistem qurulursa universitetdə bakalavr pilləsində oxuyanda tələbələrə ingilis dilini yaxşı öyrətmək lazımdır. Dil biliyi yuxarı olan müəllimlərin tələbkarlığı ilə buna nail olmaq olar. Daha sonra tələbənin magistratura üzrə oxumaq istədiyi ixtisasa görə dil ilə bağlı şərtlər tətbiq edilə bilər. Elə ixtisaslar var ki, onlarda ingilis dili önəm daşımır. Ümumiyyətlə, mən magistratura imtahanlarına Azərbaycan dilinin salınmasını da istəyirəm. Xarici təcrübədə beynəlxalq dil ingilis dili olduğu üçün İELTS sertifikatı tələb edilə, ingilis dili səviyyəsi yoxlanıla bilər. Amma Azərbaycanda əvvəlcə öz doğma dilimizdə sərbəst yazı, danışıq qabiliyyətinə malik olmaq lazımdır. Məsələnin digər gülməli tərəfi universitetə qəbul imtahanında da ingilis dilində dinləmə bacarığı yoxlanılır, lakin ölkədə abituriyent büdcəsinə uyğun bunu öyrədən müəllimlər azdır. Eyni şeyi bizi magistraturaya qəbul imtahanında da gözləyəcək. Ya gərək imkanlı olub yaxşı müəllim yanına gedəsən, ya bəlkə püşkünə yaxşı müəllim düşər ondan yararlanasan, ya da ki var-gücümüz ilə özümüz öyrənib nəsə nəticə əldə edə bilək", - deyə tələbə əlavə etdi.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, həmin şərtlər yalnız xarici dilə yox, Azərbaycan dili ilə bağlı da tətbiq edilməlidir.
"Hazırda magistraturaya qəbul olan şəxslərin əksəriyyəti sərbəst yazı qabiliyyətinə, fikir ifadə etmə bacarığına malik deyillər. Onların əldə etdikləri informasiyalar əzbərçilik üzərində qurulub. Ona görə bu gün ən ciddi problemimiz onlarda yazı, fikir ifadə etmə vərdişlərinin formalaşdırmaqdır. Bu prizmadan qəbul edilən qərarı yüksək qiymətləndirirəm. Nəzərə alaq ki, bizim magistratura pilləsində təhsil alan gənclərimiz elmi məqalələrini xaricdə dərc etdirməlidir. Onlar yalnız hər hansısa qrammatik qaydanı, sözləri əzbərləməklə buna nail ola bilməzlər. Yazı vərdişləri onlarda yeni bacarıqları ortaya çıxaracaq. Beləcə bizim magistraturaya və gələcəkdə doktorantura qəbul olacaq ,eyni zamanda, elmlə məşğul olacaq peşəkar gəclərimizin prosesə qoşulmağına imkan verəcək", - deyə Kamran Əsədov bildirdi.
"Hazırda magistraturaya qəbul olan şəxslərin əksəriyyəti sərbəst yazı qabiliyyətinə, fikir ifadə etmə bacarığına malik deyillər. Onların əldə etdikləri informasiyalar əzbərçilik üzərində qurulub. Ona görə bu gün ən ciddi problemimiz onlarda yazı, fikir ifadə etmə vərdişlərinin formalaşdırmaqdır. Bu prizmadan qəbul edilən qərarı yüksək qiymətləndirirəm. Nəzərə alaq ki, bizim magistratura pilləsində təhsil alan gənclərimiz elmi məqalələrini xaricdə dərc etdirməlidir. Onlar yalnız hər hansısa qrammatik qaydanı, sözləri əzbərləməklə buna nail ola bilməzlər. Yazı vərdişləri onlarda yeni bacarıqları ortaya çıxaracaq. Beləcə bizim magistraturaya və gələcəkdə doktorantura qəbul olacaq ,eyni zamanda, elmlə məşğul olacaq peşəkar gəclərimizin prosesə qoşulmağına imkan verəcək", - deyə Kamran Əsədov bildirdi.
Dövlət İmtahan Mərkəzinin təhlilinə görə, ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak edən bakalavrların sayı isə 2020-ci il ilə müqayisədə iki dəfədən artıq, yəni 18 748 nəfər çox olub.
Bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət edib. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə ediblər. 2021-ci ildə ərizə qəbulunda iştirak etmiş şəxslərin sayı 2020-ci il ilə müqayisədə 32 261 nəfər (13.8%) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslərin sayı isə 4 091 nəfər (5.4%) çox olub.
Magistraturaya qəbul imtahanının 2022-ci ildə də son iki ildə olduğu kimi, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada beynəlxalq təcrübəyə uyğun yalnız bir mərhələdə keçirilməsi və imtahanda məntiqi təfəkkürün, informatika və xarici dil üzrə biliklərin yoxlanılması nəzərdə tutulub. Növbəti imtahanda da bakalavrların bu sahələr üzrə biliklərinin yoxlanılması üçün qiymətləndirmə aləti olaraq test üsulundan istifadə olunacaqdır. DİM 2022/2023-cü tədris ili üçün də test imtahanını iki dəfə - bir dəfə fevral və ya mart ayında*, ikinci dəfə isə may və ya iyun ayında təşkil etməyi planlaşdırır. Magistratura səviyyəsinə qəbul imtahanında məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq. Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarını və jurnalistika üzrə magistratura ixtisaslaşmalarını qəbul imtahanını verdikdən sonra DİM-in elan etdiyi müddətdə Mərkəzin rəsmi internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanından "məqbul” qiymət alan bakalavrlar seçə biləcək.
Magistraturaya qəbul imtahanının 1-ci cəhdi fevralın 20-də keçiriləcək.
Yeni qəbul olunan qərarın isə magistratura pilləsində təhsilin keyfiyyətini necə dəyişəcəyini yalnız həmin qayda tətbiq olunmağa başladıqdan sonra görmək olacaq.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər