• $
  • £

Çin və Azərbaycan liderləri arasında məktub mübadiləsi olub

Çin və Azərbaycan liderləri arasında məktub mübadiləsi olub
02.04.2022 21:00
Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında məktub mübadiləsi olub.

"Anews.az" hər iki ölkənin liderlərinin məktublarını təqdim edir.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı Sizə və Sizin simanızda dost Azərbaycan xalqına çatdırmaqdan şərəf duyuram.
Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi tərəfdaşlarıdırlar. Çin-Azərbaycan münasibətləri 30 il ərzində inkişafın sağlam və sabit dinamikasını saxlayır, siyasi qarşılıqlı etimad davamlı surətdə dərinləşir və bütün sahələrdə əməkdaşlıq fəal şəkildə irəliləyir, hər iki ölkə regional və beynəlxalq səviyyələrdə sıx qarşılıqlı fəaliyyət göstərir. COVID-19 pandemiyasının yaranmasından sonra Çin və Azərbaycan bir-birinə kömək edir və bir-birini dəstəkləyir, çətinliklərin öhdəsindən gəlmək üçün səylərini birləşdirir ki, bu da bizim xalqlar arasında ənənəvi dostluğu nümayiş etdirir.

Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana firavanlıq, tərəqqi, onun xalqına xoşbəxtlik və əmin-amanlıq arzu edirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Bu il biz Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və Sizin simanızda dost Çin xalqına ən səmimi arzularımı çatdırıram.

Qədim və zəngin dostluq ənənələrinə malik olan Azərbaycan və Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək Yolu birləşdirirdi. Bu gün isə biz artıq yeni formatda bərpa olunmuş bu ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət göstəririk.

Xalqlarımız arasında təşəkkül tapmış əlaqələr dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Sevindirici haldır ki, ötən otuz il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf etmiş, əməkdaşlığımızın yeni istiqamətləri müəyyən edilmişdir. Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, iqtisadiyyat, nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan tərəfinizdən irəli sürülmüş "Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Ölkəmizdə nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün böyük imkanlar açır.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratmışdır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik.

Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur. Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər.

Hörmətli cənab Sədr,

Bu illər ərzində dost Çin Xalq Respublikasına həyata keçirdiyim səfərləri, Sizinlə görüşlərimizi, apardığımız ətraflı fikir mübadilələrini ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, sağlam təməl üzərində qurulmuş Azərbaycan-Çin ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan MDB iclasında 2 bəyanatı imzalamaqdan imtina edib
Siyasət 09:13
Ermənistan MDB iclasında 2 bəyanatı imzalamaqdan imtina edib
Putin Paşinyanla görüşmək barəsidə razılığa gəlib
Siyasət 13:17
Putin Paşinyanla görüşmək barəsidə razılığa gəlib
ABŞ səfirliyi Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib
Siyasət 12:01
ABŞ səfirliyi Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib
Hindistan XİN İlham Əliyevin silahla bağlı açıqlamasına münasibət bildirib
Siyasət 16:41
Hindistan XİN İlham Əliyevin silahla bağlı açıqlamasına münasibət bildirib
Paşinyan məhkum edilmiş azərbaycanlılardan danışıb
Siyasət 15:49
Paşinyan məhkum edilmiş azərbaycanlılardan danışıb
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İrana gedir
Siyasət 12:43
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi İrana gedir
Qazaxıstanda qar yağıb -FOTOLAR
Siyasət 20:58
Qazaxıstanda qar yağıb -FOTOLAR
Luis Bonu gələn həftə Qafqazın 3 ölkəsinə səfər edəcək - Dövlət Departamenti
Siyasət 10:10
Luis Bonu gələn həftə Qafqazın 3 ölkəsinə səfər edəcək - Dövlət Departamenti
Türkiyədə fövqəladə vəziyyət elan olunub
Siyasət 16:33
Türkiyədə fövqəladə vəziyyət elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol