Azərbaycan ətə olan tələbatının 85% öz hesabına ödəyir

Azərbaycan ölkənin ərzaq məhsullarına olan tələbatının çox hissəsini ölkə daxili istehsal hesabına ödəməyə nail olub. Bu barədə Anews.az-a Nazirlər Kabinetindən məlumat verilib.
"Keçən il Azərbaycan ölkənin ət məhsullarına olan tələbatının 85%-i, kartofa - 91%-i, tərəvəzə - 110%-i, meyvəyə - 116%-i, üzümə - 96%-i, yumurtaya - 100%-i daxili istehsal hesabına ödəyib", - hökumətdən bildirilib.
Azərbaycan bu nəticələrə istehsalçıların subsidiyalaşdırılması, güzəştli kreditlərin verilməsi, gömrük və vergi güzəştlərinin tətbiqi hesabına nail olub.
O cümlədən, ötən il 1 milyon 274,2 min hektar əkin sahəsini becərən və çoxillik bitkilər yetişdirən 401.600 fermerə ümumilikdə 247 milyon 279,7 min manat subsidiya verilib. 223 ting və toxum istehsalçısına isə 6 milyon 658,4 min manat subsidiya ayrılıb.
Bundan əlavə, 47,1 min fermerə süni mayalanma yolu ilə əldə etdikləri 90,7 min baş iribuynuzlu mal-qaraya görə, 9 milyon 67,4 min manat, 22,2 min arıçıya 5 milyon 313,25 min manat subsidiya verilib.
2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri və İnkişafı Agentliyi tərəfindən aqrar sahədə çalışan 4,5 min hüquqi və fiziki şəxsə 71,5 milyon manat güzəştli kredit verilib.
Eyni zamanda, fermerlər tender və ya lizinq yolu ilə götürdükləri 8,2 min ədəd kənd təsərrüfatı texnikasının alınmasına görə güzəştlər, o cümlədən kredit faizləri üzrə 80 milyon manat subsidiya alıblar.
Həmçinin 7,3 min baş damazlıq heyvanın alınması üçün 200 sahibkarlıq subyektinə 17 milyon manat güzəştli kredit verilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər