Artıq iki aydır şəkər xəstələri vaxtında pulsuz dərman ala bilmir

Binəqədi rayonunda yaşayan şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar imtiyazlı aptekdən artıq iki aydır pulsuz dərman ala bilmədiklərini deyir, - bu barədə anews.az-a müraciət edən vətəndaş bildirib.
"Necə müddətdir şəkərli xəstələr üçün ayrılan "Amaril" və "Levemir" dərmanlarını 9 nömrəli poliknikaya aid olan imtiyazlı aptekdən əldə edə bilmirik. Hər dəfə deyirlər dərman bitib. Nə zaman zəng edirik deyirlər dərman gətirilməyib ya da az olub, paylanıb və qalmayıb. Biz nə zaman müraciət etməliyik ki, dərman ala bilək? "Amaril" adlı dərman uzun zamandır gətirilmir. Bahalı dərmanlar olduğu üçün hər dəfə almaq imkanımız olmur. Təqaüdə baxan adam bu dərmanları hansı pulla almalıdır?", - adının anonim saxlanmasını istəyən vətəndaş söyləyib.
Məsələ ilə bağlı 9 nömrəli poliknikaya aid olan imtiyazlı apteklə əlaqə saxladıq.
"Amaril" adlı dərman uzun zamandır gəlmir. Amma digər dərmanlar gələn kimi bitdiyi üçün vətəndaşlar vaxtında ala bilmir. Dərman almaq istəyən xəstələr mütəmadi əlaqə saxlamalıdır və dərman olan zaman gəlib aparmalıdırlar", - aptekdən bildirilib.
Azərbaycanda 2021-ci ilin yanvarına kimi şəkərli diabet xəstələrinə dərmanlar Səhiyə Nazirliyi tərəfindən verilirdi. Belə ki, xəstələr aidiyyatı üzrə poliklinikada endekrinoloq həkimdə resept yazdırır və daha sonra imtiyazlı aptekdən onları əldə edirdilər. 2022-ci ilin yanvarında bu iş İcbari Tibbi Sığorta Afentliyin tapşırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında şəkərli diabet xəstələrinin dərmanları anbarda olan qalıq hesabına ödənilib. Mart ayından isə bu dərmanların tədarükü ilə İcbari Sığorta məşğul olur.
Dərmanların şəkərli diabet xəstələrinə hansı qaydada verilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agetliyinə sorğu ünvanladıq.
Oradan bildirdilər ki, "Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin
qeydiyyatında olan şəkərli diabet xəstələrinin müvafiq dərman preparatları ilə
təmin olunmasını 2022-ci ilin martından etibarən icra edir.
TƏBİB tərəfindən tibb müəssisələrindən qeydiyyatda olan
şəkərli diabet xəstələrinin sayı ilə bağlı məlumat toplanılıb. Agentliyin keçirdiyi açıq tenderin qalibi "Avromed
Company” QSC ilə 42,9 milyon manat məbləğində "Şəkərli
Diabet üzrə Dövlət Proqramı üçün inyeksion şəkərsalıcı və hipoqlikemik dərman
vasitələri”nin satın alınması üzrə müqavilə imzalanıb. Müqavilənin bağlandığı
tarixdən etibarən tibb müəssisələrinin dərman preparatları ilə təchizatı həyata
keçirilir.
Agentlik tərəfindən 9 saylı Şəhər Poliklinikası 18 mart və 28 mart 2022-ci il tarixlərində 10.731 sayda şəkərli diabetə qarşı dərman vasitəsi, 14 aprel 2022-ci il tarixində isə 8370 sayda dərman vasitəsi ilə təchiz edilib.
9 saylı Şəhər Poliklinikasından Agentliyə verilən məlumata əsasən tibb müəssisəsində şəkərli diabet tip 1 üzrə 28 nəfər, şəkərli diabet tip 2 üzrə 1133 nəfər qeydiyyatdadır.
Tibb müəssisələrinə və ya imtiyazlı apteklərə təhvil verilən şəkərsalıcı dərman preparatları Nazirlər Kabinetinin 2005-ci il 13 may 87 nömrəli qərarı ilə tənzimlənir. Qərarla hər bir xəstə üçün vahid norma müəyyənləşib. Belə ki, şəkərli diabet xəstəsinə sutkalıq 40 vahid insulin təyin olunur və dərmanlar xəstələrə şəkərli diabet tipinə əsasən verilir.
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (0 cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası" ilə https://e-qanun.az/framework/9895 linkinə daxil olaraq tanış ola bilərsiniz", - agentlikdən bildirilib.
Agentlik rəsmilərinin fikrincə, tibb müəssisələrində şəkərsalıcı dərman preparatlarının və ləvazimatların
çatışmazlığı yarandığı halda müvafiq dərman preparatının adı və sayı haqqında tibb
müəssisəsinin rəhbərliyi tərəfindən rəsmi şəkildə TƏBİB-ə müraciət edilməlidir.
Amma poliklinikadan verilən məlumata görə, onlarda qeydiyyatda 1500 Lantus insulini alan xəstə varsa onlara cəmi 20 ədəd bu insulindn verilib.
Bu məsələni gündəmdə saxlayacaq və araşdırmalarımızı diqqətinizə çatdıracağıq.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox 