Ərdoğan Azərbaycana gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana səfər edəcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı məlumat verib.
Ərdoğanın Bakı səfərinin məqsədi dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in Azərbaycan mərhələsini ziyarət etməkdir.
"Teknofest Azərbaycan” tədbirinin 2022-ci ilin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılır. Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.
"Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, "Smart Qarabağ” Hakatonu, "Take Off” Azərbaycan Startap Sammiti və "Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.
Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin "Türk Ulduzları” və "Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s daxildir.
Festival ilk dəfə 2018-ci ildə Türkiyədə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır. "Texnofest-2021" ötən il Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festival idi. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ilin avqustunda dövlət başçısı seçildikdən bu günə qədər 175 dəfə xarici ölkələrə səfər edib. Ərdoğan son 8 ildə ümumilikdə 81 ölkəyə səfər edib. O, 11 dəfə Azərbaycana səfər edib. Bu müddət ərzində isə Türkiyə Prezidenti ən çox Rusiyaya (13 dəfə) gedib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox