Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

2022-ci ilin yanvar-mayında muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 18,6% artıraraq 1 milyard 815 milyon 822,4 min manat təşkil edib. Bu barədə Dövlət Vergi Xidmətinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, daxilolmalar üzrə proqnoz 157 milyon 656,6 min manat artıq icra edilib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% artaraq 62 milyon 641,7 min manat olub, proqnoz 115,1 faiz icra edilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 20,5% artaraq 46,2 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 125,6% icra olunub.
Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
2022-ci il aprelin 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 779476 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 239554 vahid çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 