Eyfel qülləsi təmir olunmalıdır
Fransada yerləşən Eyfel qülləsi paslanıb və əsaslı təmirə ehtiyacı var. Lakin təmir edilmir, 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün yenidən rənglənir. Bu barədə Fransanın "Marianne" jurnalı öz mənbələrinə istinadən yazıb.
Jurnalın əldə etdiyi hesabatlardakı iddialara görə, Eyfel qülləsində çatlar və paslar 2014-cü ildə aşkar edilib. 2016-cı ildə isə qüllədə 884, o cümlədən ciddi narahatlığa səbəb olacaq 68 zədə qeydə alınıb.
Qüllənin adının açıqlanmasını istəməyən meneceri jurnala deyib ki, əgər qüllə mühəndisi Qustav Eyfel bu yeri ziyarət etsəydi, infarkt keçirərdi.
Qüllə indi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə 20-ci dəfə rənglənir. Abidənin kosmetik təmirinin dəyəri 60 milyon avrodur. Ehtimallara görə, qüllənin üçdə birindəki boya soyulacaq, bundan sonra ona iki yeni qat çəkiləcək.
Jurnala danışan ekspertlərin fikrincə, qüllədən köhnə boya tamamilə silinməlidir.
"Yalnız bundan sonra yenidən rənglənməlidir. Köhnənin üzərinə yeni boya vurulması korroziyanı daha da gücləndirir. Qülləni idarə edən və 99 faiz Paris meriyasına məxsus şirkət turizm gəlirlərini itirdiyi üçün abidəni uzun müddət bağlamaq istəmir. Hündürlüyü 324 metr, çəkisi 7 min 300 ton olan bu dəmir qüllə 1889-cu il Dünya Sərgisi üçün tikilmişdi. Açılışdan əvvəl dörd qat sülügən (tərkibində qurğuşun olan mineral) ilə örtülmüşdü. İndi o qadağandır, lakin o dönəmdə korroziyaya qarşı ən yaxşı maddə hesab edilirdi. Eyfel özü hesab edirdi ki, boya qüllənin davamlılığına zəmanət verir və "ən əsası pasın qarşısını alacaq. Qüllə 20 il dayanmalı, bundan sonra sökülməli idi. Lakin diqqətli qulluq sayəsində qüllə hələ də ayaqdadır və Fransanın simvollarından biri hesab edilir", - jurnalda yazılıb.
Hər il təxminən 6 milyon turist bu qülləni ziyarət edir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox