Abid Qafarov həbs olundu
"Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, "Youtube”dakı "KimTV” kanalının aparıcısı Abid Qafarov 1 il azadlıqdan məhrum edilib.
Meydan TV xəbər verir ki, iyulun 13-də Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyilə çıxarılan hökmə əsasən, Abid Qafarov Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib.
Abid Qafarova qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran 7 nəfər müharibə veteranından 4-ü sonradan şikayətini geri götürüb. Digərləri isə ərizədə iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları "müti” adlandırıb.
Abid Qafarov isə bu iddianı əsassız sayır. O, həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib. O hesab edir ki, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırılır və bu məqsədlə qazilərdən istifadə olunur.
"Bunu edənlər də Tərtər cinayətlərində əli olan məmurlardır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər