Meymunçiçəyinin qarşısı necə alına bilər? - ÜST rəsmisi danışıb
Meymunçiçəyi virusunun yayılmasının qarşısını alacaq tədbirlər görməklə xəstəliyin miqyasının genişlənməsinin və tamamilə qarşısını almaq mümkündür. Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi xəstəliyi üzrə baş mütəxəssisi Rozomund Lyuis Cenevrədə keçirilən brifinqdəki çıxışında deyib.
ÜST nümayəndəsi deyir ki, meymunçiçəyinə yoluxma rəsmi rəqəmlər 2022-ci il üçün 16 min yoluxma halı qeydə alınsa da, real göstəricinin daha çox olduğu istisna edilmir.
"Bəzi insanların infeksiyanı cüzi simptomlarla keçirdiklərinə baxmayaraq, onlar iki-dörd həftə yoluxucu olaraq qala bilər. Xəstə olanlar özlərini başqalarından təcrid etməli və sağalana qədər bütün səyahətlərini təxirə salmalıdırlar. Onların təmasda olduğu insanlar 9-21 gün ərzində müşahidə altında qalmalıdır. İnsan peyvənd edildikdə qorunmanı dərhal əldə etmir - immun cavabın formalaşmasına bir neçə həftə gedir", - o bildirib.
Lyuis əlavə edib ki, hazırda ÜST üzv ölkələrlə əməkdaşlıq edərək vaksinlərə ədalətli çıxışı təmin etməyə imkan verən mexanizm işləyib hazırlayır. O vurğulayıb ki, meymunçiçəyi xəstəliyinə qarşı kütləvi immunizasiya hələ ki, tələb olunmur, lakin mütəxəssislər yoluxmuş insanlarla təmasda olanlara peyvənd olmağı tövsiyə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülleteninə görə, 2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə rəsmi statistika ilə 3 413 nəfər yoluxub, bir nəfər ölüb.
"2022-ci il yanvarın 1-dən iyunun 22-dək ÜST-ə 50 ölkədə, 5 region ərazisində laborator təsdiqlənmiş 3 413 yoluxma halı və 1 ölüm barədə məlumat daxil olub. Əvvəlki bülletenin dərc edildiyi gündən ( red. iyunun 17-dən) indiyədək 1 310 yeni yoluxma qeydə alınıb. Bundan əlavə, daha səkkiz ölkə yoluxma halları barədə məlumat verib. Laboratoriya tərəfindən təsdiqlənmiş halların 86 %-i Avropada müəyyən edilib. Siyahıda sonrakı yerləri Amerika (11 %), Afrika (2 %), Şərqi Aralıq dənizi (1 %-dən az) və Asiya-Sakit okean (1 %-dən az) regionu tutur", - bülletendə qeyd olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilata üzv ölkələri aşkar edilmiş meymunçiçəyinə yoluxma halları haqqında məlumatları paylaşmağa çağırıb.
"Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən insanlar arasında meymunçiçəyi xəstəliyinə üç yoluxma halından ibarət klaster barədə bildiriş alıb. Hələ iyunun 24-nə kimi Nigeriya da daxil olmaqla 48 ölkədən ÜST-ə meymunçiçəyinə yoluxma barədə təsdiqlənmiş 3, mindən çox fakt daxil olub", - deyə təşkilatın baş direktoru qeyd edib.
Cari ilin iyunun 23-də Dünya Səhiyyə Təşkilatı meymunçiçəyini pandemiya elan edib.
Meymunçiçəyi nədir?
Meymun çiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir. Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika. İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.
Epidemiyalar nə qədər yayğındır?
Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb.Q eydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.İ ndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.
Avropada ilk dəfə İngiltərədə təsbit edilən meymun çiçəyi virusu üç həftə ərzində bütün qitələrə yayılmağa başlayıb. Daha sonra İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, Finlandiya, İtalya ve İsveçin ardınca İsveçrə, Avstralya, Gürcüstanda da meymun çiçəyi virusuna yoluxanlar olub. Türkiyə və Rusiyada da ilk yoluxma aşkarlanıb. Azərbaycanda isə rəsmi mənbələrə görə, bu virusa yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq digər ölkələr də daxil olmaqla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana da meymunçiçəyi virusunu təsbit edə biləcək 3000 test göndərib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox