“Yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi müzakirə edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) prezidenti Rövşən Nəcəf ilə "Fortescue Metals Group”un sədri və təsisçisi Endrü Forestin görüşündə "yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi müzakirə edilib. Bu barədə SOCAR məlumat yayıb.
Avqustun 17-də Azərbaycanda baş tutan görüşdə Endrü Forest "Fortescue Metals Group”un törəmə müəssisəsi olan "Fortescue Future İndustries”(FFİ) şirkətinin bərpaolunan enerji, yaşıl hidrogen, ammonyak və sintetik metan kimi dayanıqlı yanacaq sahələrindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Rövşən Nəcəf SOCAR-ın dekarbonizasiya və bərpaolunan enerji sahələrindəki hədəflərindən və bu istiqamətdə atılan addımlardan məlumat verib.
Söhbət zamanı tərəflər arasında mövcud neft-qaz və neft-kimya əməliyyatlarının dekarbonizasiyası, Azərbaycanda "yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi məqsədilə FFI-nin SOCAR-ın mövcud obyektlərindən və infrastrukturundan istifadəsi, həmçinin digər istiqamətlərdə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Ermənistan işğaldan azad edilmiş ərazilərində "Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tapşırıqların icrası, həmçinin işğaldan azad olunmuş ərazilərdə "Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar Konsepsiyanın və Baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi istiqamətində Energetika Nazirliyi ilə Yaponiyanın "TEPSCO” şirkəti arasında müqavilə imzalanmışdır. Həmin ildə qəbul edilmiş "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və "Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb.
2030-cu il üçün isə bərpa olunan enerjinin ümumi enerji istehsalındakı payının 30 %-ə çatdırılması hədəfə alınıb.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonu daha əlverişili sayılır. Bununla yanaşı, Qarabağ bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir . İlkin qiymətləndirməyə görə, bölgənin günəş enerjisi potensialı 4000 MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər. Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.
Yaşıl enerji günəş işığı, külək, yağış, gelgit, bitki, yosun və geotermal istilik kimi təbii mənbələrdən gəlir. Bu enerji mənbələri yenilənə bilər, yəni təbii olaraq yenilənir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox