• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Azərbaycanın yerli startaplarına edilən investisiyalar - Rəqəmlər

Azərbaycanın yerli startaplarına edilən investisiyalar - Rəqəmlər
26.08.2022 19:25
Son illər Azərbaycanda startap ekosisteminin formalaşdırılması istiqamətində həm dövlət, həm də özəl sektor tərəfindən yeni təşəbbüslər həyata keçirilir. Əvvəllər investorlar yatırım etmək istəyəndə əl ilə toxuna bilib, gözlə görə bildikləri sahələrə pullarını xərcləyirdilərsə, indi bu siyahıya beyin məhsulu- ideyalar və ideyalardan doğan innovativ layihələr də daxil olub.

Ekspertlərin rəyinə görə, Azərbaycan cəmiyyəti yeniliklərə gec adaptasiya olan ölkələr siyahısındadır. Bu, özünü texnologiyaya yanaşmada daha aydın göstərir. Texnologiyanın tüğyan edib ölkələrin iqtisadiyyatına milyonlarla gəlir gətirdiyi dövrdə Azərbaycan addım atmaqda gecikmişdi. Daha doğrusu müşahidələrə əsasən onu deyə bilərik ki, Azərbaycan bu sahəni öncə kənardan izlədi, risklərini də nəzərə alaraq daha tez addım atmaqdan çəkindi və illərlə addım atmaq üçün tərəddüd etdi. Lakin dünyada baş verən "texnologiya partlayışı” ölkəmizi bu sahəyə dərhal reaksiya verməyə vadar etdi.
 
Startap anlayışı da Azərbaycanda 2010-cu ildən sonra populyarlaşmağa başladı. Facebook kimi layihələr uğurlu olduqdan sonra ideyaların əslində mövcud problemləri həll etməsinə inam artdı. Facebook, Google, Youtube kimi məşhur platformaların da əslində ilk vaxtlar sadə bir ideyadan doğduğu təbliğ edildikcə startap termini də genişlənməyə başladı.

Azərbaycanda da 10 ildən çoxdur ki, bu termin qəbul edilməyə çalışılır.
 
Anews.az saytında tez-tez startaplarla bağlı mövzulara toxunacağıq. Bu dəfə maraqlı bir məlumatı, rəqəmləri bölüşmək istədik.
 
Qlobal miqyasda Azərbaycanın startapları ilə bağlı paylaşılan rəqəmlər nəhayət bu sahəyə ümidləri artırır.
 
Müxtəlif ölkələrin startap ekosistemi ilə bağlı araşdırmalar edib təhlil yazılar, məqalələr və müsahibələr hazırlayan Failory.com platforması ölkəmiz barədə də bəzi rəqəmlər açıqlayıb. Failory-in hazırladığı hesabatda Azərbaycanın ən yaxşı 18 startapı yer alıb.

Maraqlısı odur ki, siyahıda olan startapların əldə etdiyi investisiya rəqəmləri də açıqlanıb.

Öncə bir investisiyanın, yəni bu sahəyə pul yatırımanın önəmindən qısaca danışaq və bir startap üçün niyə investisiya vacibdir ona toxunaq.
 
Startaplar adətən yüksək qeyri-müəyyənliklə qarşılaşırlar və bu səbəbdən, uğursuz olma ehtimalları yüksəkdir. Buna baxmayaraq, uğur yolunu qət etməkdə davam edən az sayda şirkətlərin böyük və nüfuzlu olmaq potensialı var. Bəzən startapların dəyəri 1 milyard dolları keçə bilir və o zaman onlar "yunikorn” adlanmağa başlayır.

Startaplara investisiya marağı, dəstəyi layihənin növbəti mərhələlərdə inkişafını təmin edir. Bəzən layihə hələ ideya olaraq investora təqdim edilir və dəstək aldıqdan sonra real işə başlayır. Yəni, əgər əlinizdə büdcəniz yoxdursa, sizin layihənin doğması investora bağlıdır. Bu formada sistem çalışırsa, deməli həmin ölkədə startap ekosistemi formalaşır. Startap ekosisteminin formalaşmasında investorlar və maliyyə fondları, vençur şirkətlər xüsusi rol oynayır. Bunlardan biri olmayanda sektorun inkişafı ləngiyir.
 
Xatırladaq ki, ABŞ-da Böyük Böhran baş verəndən sonra, qanun tərəfdən tənzimlənməyən kiçik şirkətlərə spekulyativ investisiyaların artmasını əsas səbəb kimi günahlandırdılar. Ona görə, startap investisiyası əvvəllər həmtəsisçilər və ailələri, dostlar, biznes mələkləri və Vençur Kapital fondları arasında gəzən və rəsmi sayılmayan bir söz idi. Bu, ABŞ-da 1933-cü ildə Qiymətli Kağızlar Qanununun tətbiqindən sonra bu halı almışdır. Bir çox ölkələr, startap şirkətlərinin təklif etdiyi səhmlər də daxil olmaqla qeydiyyata alınmamış qiymətli kağızları qadağan etmək üçün oxşar qanunvericiliyi tətbiq etdi. 2005-ci ildə, Y Combinator tərəfindən yeni Akselerasiya investisiyası modeli təqdim olundu. Bu model, sabit şərtlərlə investisiya modelini və sürətli bootcamp üslubunda təlim proqramını birləşdirir. Bu cür təlimlər, startap yaradıcılara şirkətlərini sistematik böyüməyini təmin etməyə kömək edir.

Bir sözlə, investisiya startap üçün hava, su kimi vacibdir.  Əvvəllər yerli startaplarımıza yatırım edilməsi ilə bağlı nadir hallarda rastlaşırdıq.
Baxmayaraq ki, illərdir ekspertlər Azərbaycanda investor, maliyyə fondları məsələsində ciddi irəliləyiş əldə edə bilmədiyindən, hələ də sektorda investor mühiti formalaşmadığından gileylənir.Ona görə Failory-un açıqladığı hesabatdakı rəqəmlər bizim üçün də yeni və maraqlı oldu.
 
Failory yazır ki, Azərbaycanın "Eleven Kings” startapı 210 min dollar investisiya alıb.
 
Qeyd edək ki, "Eleven Kings” startapı azərbaycanlı gənc, sosial media üzrə mütəxəssis kimi tanınan Orxan Rzayev tərəfindən yaradılıb.
"Eleven Kings” pulsuz futbol meneceri oyunudur. Yəni, bu platformada klubları idarə edə, taktika qura , oyunçu transfer edə, turnirlərə qoşula bilərsiniz. Startap bu sahə ilə maraqlananlara futbol meneceri kimi bacarıqlarını göstərməyə və dünyada tanınmağa imkan yaradır.
 
Onu da xatırladaq ki, ötən il layihə rəhbəri məşhur futbolçu Ronaldinyo ilə  görüşərək birgə əməkdaşlıqla bağlı razılığa gəlib. Tərəflər arasında bağlanan müqaviləyə görə, braziliyalı futbolçu "Eleven Kings" oyununun təbliğində iştirak edir. O, sosial media hesablarında layihə barədə məlumatlar paylaşır.
 
Həmçinin reklam və marketinq məqsədlərində də Ronaldinyo iştirak edir. Bu əməkdaşlıq startap layihəsinə həm imic olaraq, həm də biznesin qlobal miqyasda yayılması olaraq təkan verir.
 
Layihə rəhbərliyindən əldə etdiyimiz məlumata görə, artıq bu investisiya rəqəmi 300 min dollar keçib. Layihəyə yatırım edən investorlar isə Azərbaycan və Kandandandır.

Siyahıda "Runner” startapının 35 min dollar investisiya aldığı qeyd edilib. Bu layihə  kuryer xidmətlərini təqdim edir. Müasir texnoloji imkanlardan istifadə edərək həm hüquqi şəxslərə (şirkət, təşkilat, dövlət qurumları və s.), həm də fərdi qaydada istənilən şəxslərə operativ və etibarlı xidmət göstərirlər.
 
Yerli startapımız "Owbike” isə 361 min dollar yatırım əldə edib. "Owbike” təklif edir ki, öz saytınızı özünüz yaradın. Bunun üçün artıq proqramçı ilə danışıb, pul ödəməyə ehtiyac yoxdur. Birbaşa bu startapın yaratdığı imkanlarla özünüz də  sayt yarada bilərsiniz. Asanlıqla qeydiyyatdan keçdikdən sonra sayt və onu idarə etmək üçün admin panel əldə edirsiniz. Admin panel öz görüntüsü ilə desktop Əməliyyat sistemlərini xatırladır və bu geniş imkanlı panel vasitəsilə saytınızın istənilən hissəsində lazımi yenilənmələr aparara bilərsiniz.

Alkredit.az startap layihəsi 12 min dollar investisiya alıb. Alkredit.az saytı kredit məhsullarının axtarışı, muqayisəsi və onlayn müraciəti üçün yaradılmış layihədir.

Alkredit.az, kreditlər arasında müqayisə edərək sizə ən uyğun olanını seçməyinizə koməklik göstərir. Kreditləri faiz miqdarına görə, məbləğin həcminə görə, alınan komissiyaya görə və digər bütün şərtlərinə görə sıralaya bilər, sizə ən sərfəli olanını seçə bilərsiniz. alkredit.az saytı hal hazırda kredit kartları, istehlak kreditləri, avto kreditlər, mikrokreditlər, biznes kreditləri və ipoteka krediti üzrə ixtisaslaşıb.
 
Failory-un hesabatında "MyBostan” startapının da yatırım miqdarı açıqlanıb. Layihəyə 5 min dollar yatırım edilib.

"MyBostan” kiçik və ailə fermerlərinə, təchizatçı zəncirində vasitəçini aradan qaldıraraq, məhsullarını birbaşa yerli istehlakçılara satmağa imkan verən bir platformadır. Bu, yerli fermerlərə əziyyətlərinə qarşı daha ədalətli gəlir qazanmaq və ailə təsərrüfatını davam etdirmək üçün kömək edir. 
 
Tam siyahı ilə buradan tanış ola bilərsiniz.



 Məltəm Şahbazova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
İqtisadiyyat 17:39
DSX və FHN-də hərbi qulluqçuların maaşları artırılıb
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
İqtisadiyyat 16:08
Ötən il əsas kapitala yatırılan investisiyaların həcmi azalıb
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
İqtisadiyyat 12:45
2024-cü ildə ÜDM-in həcmi 4,1% artıb
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
İqtisadiyyat 16:33
Britaniyada yerli anbarlarda cəmi bir həftəlik qaz qalıb
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
İqtisadiyyat 14:35
Azərbaycanda kreditlərlə bağlı yenilik: Sosial şəbəkələrdə fəaliyyət də izlənəcək
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol