Rusiya Laçın dəhlizini Azərbaycana qaytardı - Bu ermənilər üçün nə deməkdir?
Bu günlərdə BBC rus xidmətinin jurnalisti Olqa Prosvirova Laçın dəhlizi və onun ətrafında baş verənlərlə bağlı reportaj dərc edib. Onu diqqətinizə təqdim edirik.
Rusiya sülhməramlıları bütün region üçün mühüm əhəmiyyət kəsb edən və Ermənistanla Dağlıq Qarabağı birləşdirən altı kilometrlik Laçın dəhlizinə nəzarəti Azərbaycana təhvil veriblər.
44 gün davam edən İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da başa çatıb. Həmin gün Azərbaycan prezidenti və Ermənistanın baş naziri Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə birgə bəyanat imzalayıblar. Əslində bu, Ermənistanın kapitulyasiyası idi. Atəşkəsin elan olunmasından və 1994-cü ildən Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycana qaytarılmasından başqa İlham Əliyev və Nikol Paşinyan Ermnistanı qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı Xankəndi (Stepanakert) ilə birləşdirən Laçın dəhlizi barədə də razılıq əldə ediblər.
Müharibə nəticəsində Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən Laçın təxminən 30 ildən sonra Azərbaycana qayıtdı. Şəhərə və Ermənistandan Dağlıq Qarabağa gedən yola beş illik mandatı olan Rusiya sülhməramlıları nəzarət edirdi.
Formal olaraq bu ərazi Azərbaycana aid olsa da bura gəlmək elə də asan deyildi. "Keçid dövründə” yalnız Ermənistan pasportu olanlar Laçına icazəsiz daxil ola bilirdilər və Azərbaycan hərbçiləri dəhlizə daxil olmaq üçün hər addımlarını Rusiya sülhməramlıları ilə razılaşdırmalı idilər.
"Onlar əvvəlcə narazılıq edirdi. Amma biz onlara izah etdik ki, bu, sülh müqaviləsinin şərtləridir. Bu müqavilənin altında prezidentin imzası var. Odur ki, zəhmət olmasa qaydalara riayət edin. Adətən, bu sözlərdən sonra bütün mübahisələrə son qoyulurdu", - rus sülhməramlısı 2021-ci ilin martında BBC-yə bildirib.
Cəmi bir neçə kilometr uzunluğu olan bu dağ yolunda münaqişələr tez-tez baş verirdi. Oradan keçən azərbaycanlılar avtomobillərin şüşələrindən dövlət bayrağı asaraq buranın onların ərazisi olduğunu nümayiş etdirirdilər. Azərbaycan qrafikasını görən ermənilər isə orta barmaqlarını göstərərək özünəməxsus şəkildə cavab verirdilər. Artıq 2021-ci ilin payızında şəxsi avtomobillər üçün Laçın dəhlizi ilə keçid açıldı. Lakin dəhliz boyu hərəkətə hələ də sülhməramlılar ciddi nəzarət edir.
Müharibənin bitməsindən sonrakı bir il yarımlıq dövrü xarakterizə edərkən deyirlər ki, "nə sülh oldu, nə müharibə". Yerli gərginliklər mütəmadi olaraq baş verirdi. Eskalasiyada isə bu ilin martında münaqişə zonasında daha bir yaşayış məntəqəsi və yüksəkliyi nəzarətə götürən Azərbaycanı günahlandırırlar.
Amma iyulun sonunda Qarabağda vəziyyət xeyli pisləşdi. Əvvəlcə tanınmamış Dağlıq Qarabağ Respublikasının hakimiyyət orqanları azərbaycanlıların təmas xəttini keçməyə çalışdıqlarını bəyan etdilər. Daha sonra Rusiya sülhməramlıları Azərbaycan tərəfindən "atəşkəs rejiminin üç dəfə pozulması” barədə məlumat verib. Bundan sonra tərəflər bir-birini top atəşinə tutmaqda ittiham etməyə başlayıblar. Atışmalarda bir neçə əsgər həlak olub.
Daha sonra bəzi müstəqil ekspertlər qarşıdurmanın yeni mərhələsinin İlham Əliyevin İrəvanı mübahisəli məsələləri mümkün qədər tez həll etməyə sövq etmək istəməsi ilə əlaqələndirdilər. Rusiya Ukraynada müharibə ilə məşğul olduğu və bütün dünya baş verənləri seyr etdiyi bir vaxtda azərbaycanlılar sülhməramlılara baxmadan daha aqressiv hərəkət etmək qərarına gəldilər. Azərbaycan Laçən dəhlizinə nəzarəti daha tez bərpa etməyə çalışırdı.
Müharibənin başa çatması ilə bağlı müqavilələrə əsasən, Ermənistan və Azərbaycan Laçından yan keçən yeni yol çəkməli idilər. Rusiya sülhməramlılarına yeni yola keçmək üçün 3 il vaxt verilib. .
Avqustun 3-də vəziyyətin gərginləşməsindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakının Laçın dəhlizi ilə bağlı tələblərini qanunsuz adlandırıb. O, Ermənistanın hələ də yeni yolun tikintisi ilə bağlı hər hansı planla razılaşmadığını iddia edib.
Azərbaycanı bu narahat etmirdi. Bu vaxta kimi Azərbaycan yolun öz ərazisindən keçən hissəsini çəkib bitirmək üzrə idi. Bu yol Laçın rayonunun Ermənistanla olan sərhədindən başlayaraq Şuşa şossesindən keçir və Xankəndinə qədər uzanır. Rəsmi Bakı artıq yolun tam hazır olduğunu bəyan edib.
Azərbaycan hesab edir ki, Ermənistan bütün bu müddət ərzində planın təsdiqini və yolun Ermənistandan keçən hissəsinin tikintisini qəsdən gecikdirir. İrəvan üç ilin bitməsini gözləmək lazım olduğunu təkid edir. Amma iyulun sonu - avqustun əvvəlində vəziyyətin kəskinləşməsindən sonra proses sürətlənib. Tanınmamış Dağlıq Qarabağ Respublikası bəyan edib ki, Azərbaycan avqustun 5-dək Laçın şəhəri və Zabux kəndinin azad edilməsini tələb edib. Bir az sonra tarix avqustun 25-nə keçirilib.
"Qafqazskiy uzel” dərgisi hara gedəcəklərini, onları nə gözlədiyini bilməyən yerli sakinlərlə söhbət edib. Avqustun əvvəlində tanınmamış Dağlıq Qarabağ Respublikasının hakimiyyət orqanları Laçın, Sus və Zabux kəndlərinin erməni sakinlərinə avqustun 25-dək evlərini tərk etməli olduqlarını bildiriblər.
İkinci Qarabağ müharibəsi zamanı oradan qaçan insanların çoxu evlərinə həyatlarını davam edə biləcəkləri ümidi ilə qayıdıb. Avqustun 6-da jurnalist Lilit Şahverdyan yazır ki, "DQR" hakimiyyəti insanlara əşyalarını yığmağı tapşırıb. Laçını qoruyan rus sülhməramlıları jurnalistə şəhərdə çəkiliş aparmağa icazə vermirdilər.
İnsanlar məişət texnikasını çıxarıb, lazımsız kağızları yandırıblar. İnternetdə bəzi sakinlərin azərbaycanlıların almaması üçün evlərini necə yandırdığını əks etdirən videolar yayılıb. Düzdür, tanınmamış respublikanın hakimiyyət orqanları xəbərdarlıq edirdilər ki, bu halda insanlar təzminat almayacaqlar. Lilit Şahverdyan BBC-yə deyib ki, Zabuxa görə yerli sakinlər tanınmamış "DQR” hakimiyyəti günahlandırır, lakin onlar başa düşürlər ki, Azərbaycan yəqin ki, başqa seçim qoymayıb.
Azərbaycan prezidenti İlham Əliyev isə bunda maraqlı deyil.
"Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış insanlar geri çəkilməlidir. Təbiidir. Onların orada olması əslində müharibə cinayətidir, çünki Cenevrə Konvensiyasının qaydalarına ziddir. İşğalçı ölkə işğal etdiyi torpaqlarda qanunsuz məskunlaşma həyata keçirə bilməz”, - deyə o bildirib.
Laçın dəhlizinin təhvil verilməsi ərəfəsində belə bir sual yarandı. Əgər yol Azərbaycanın nəzarətinə keçirsə, "DQR" Ermənistanla necə əlaqə saxlayacaq?
Regiona səfər edən Lilit Şahverdyan deyir ki, alternativ yol var. Dəhlizin köçürülməsinə az qalmış "DQR" hakimiyyəti eyni marşrutdan istifadə etməyi təklif edib.
İnsanlar Şuşasının yaxınlığından keçən və Rusiya sülhməramlılarının nəzarətində olan yoldan istifadə edə biləcəklər.
Amma Ermənistan və "DQR" hələ də elektrik dirəklərini və rabitə kabellərini yeni müvəqqəti dəhlizə köçürməlidir. Qarabağ sakinləri üçün isə əsas problem qaz kəməri olaraq qalır. O, qismən Azərbaycanın nəzarətində olan ərazilərdən keçir və bu problem hələ də həllini tapmayıb.
Məhluqə Tağıyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox