Laçına alternativ yol üçün Ermənistan 20.7 milyon dollar pul ayırıb
Laçına daxil olmadan yeni alternativ yolun çəkilməsi üçün Ermənistan öz tərəfinə düşən yol hissə üçün 8.5 milyard dram ( 20.7 milyon dollar) pul ayırıb.
Bu barədə "Sputnik Armenia" məlumat verib. Agentlik yazır ki, bu barədə qərar avqustun 25-də qəbul edilib.
Qərar layihəsinə əsasən 8.5 milyard dram tikinti işlərinə, texniki nəzarətə və yolun nəzarətinə ayrılacaq.
25 avqustda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib ki, Azərbaycan hökumətinin inşasını yekunlaşdırdığı Laçın dəhlizinə alternativ avtomobil yolu ilə hərəkət yaxın bir həftədə mümkün olacaq.
"10 ay ərzində Laçın şəhərinə daxil olmadan 22 kilometri Azərbaycan ərazisindən, 10 kilometri Ermənistan ərazisindən keçməklə alternativ yol çəkilib.
Avqustun 15-də alternativ yol Azərbaycan ərazisindən kecmək şərtilə hazırdır. Lakin Ermənistan tərəfi üzərinə düşən 10 kilometri hələ də başa çatdırmadığı üçün Qarabağda yaşayan erməni icmasının xahişi ilə Azərbaycan tərəfi yeni yola birləşən 4,8 kilometr uzunluğunda birləşdirici yolun tikintisini də həyata keçirib. Yaxın bir həftə ərzində Laçın şəhərinə daxil olmadan yeni yoldan istifadə etməklə erməni icması Xankəndi və başqa rayonlara hərəkət edə biləcək",- deyə o, əlavə edib.
Laçına daxil olmadan yeni alternativ yolun tikilməsinə 2021-ci ilin iyulunda başlanılıb. Yolun uzunluğu əvvəl 23 km nəzərdə tutulsa da sonradan 32 km-ə qədər uzadılıb. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2,5 (5 m) metr təşkil edəcək. Podratçı şirkət "37 №-li Yİ" MMC, subpodratçı isə Polad şirkətidir. Bu yolda işlərin başa çatması 2022-ci ilin sentyabrında nəzərdə tutulub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox