Azərbaycan Bolqarıstana nə qədər qaz ixrac edəcək?

Azərbaycan 2022-ci ildə Bolqarıstana 600 milyon kubmetr qaz ixrac etməyi planlaşdırır. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə görüşdən sonra Tvitter hesabında yazıb.
"Biz TAP-ın genişləndirilməsi çərçivəsində IGB-nin kommersiya istismarına verilməsini və Bolqarıstana qaz ixracını müzakirə etdik. Proqnozlara görə, 2022-ci ilin sonuna qədər Bolqarıstana təxminən 600 milyon kubmetr qaz ixrac ediləcək", - nazir yazıb.
Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-dən başlanılıb. Lakin interkonnektor (İGB) olmadığından Azərbaycan qazının Bolqarıstana ixrac həcmi nəzərdə tutulduğundan bir neçə dəfə az olub. İldə 1 milyard kubmetr əvəzinə bu ölkəyə 250-300 milyon kubmetr qaz ixrac edilib.
Energetika Nazirliyinin məlumatına görə, hazırda Bolqarıstana verilən qazın gündəlik həcmi 2,6 milyon kubmetr təşkil edir.
2021-ci ildə Azərbaycan qazının ixracı 22 milyard kubmetr qaz təşkil edib, 2022-ci ildə ixracın həcminin 24 milyard kubmetrə qədər artırılması nəzərd tutulub.
2022-ci il martın sonunda operator IGB elan etdi ki, IGB artıq Bolqarıstana ilk dəfə Azərbaycandan qaz əldə etmək imkanı verəcək Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub.
IGB-nin istismara verilməsi ilə birlik ilkin olaraq Bolqarıstanı ildə 1 milyard kubmetr qazla təmin edəcək, daha sonra isə layihə gücü ildə 3 milyard kubmetr qaza kimi artırılacaq.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i İtaliya ərazisindən keçir. TAP Cənub qaz dəhlizi layihəsinin sonuncu komponenti - Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturdur.
Qaz kəməri "Şahdəniz” yatağının işlənməsinin "Mərhələ-2” çərçivəsində Yunanıstan və Albaniya ərazisindən keçməklə Qərbi Avropaya ildə 10 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onu iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 