• $ 1.7
  • € 1.8053
  • ₽ 1.8942
  • ₺ 0.0466
  • £ 2.174

Rusiyalı mütəxəssislərin Ermənistana köçü Azərbaycana hansı təhdidlər yaradır?

Rusiyalı mütəxəssislərin Ermənistana köçü Azərbaycana hansı təhdidlər yaradır?
03.09.2022 17:32
Fevraldan davam edən Rusiya-Ukrayna müharibəsinin təsirləri İnformasiya Texnologiyaları (İT) sektorundan da təsirsiz ötüşmür və bu sahə ilə bağlı baş verənlər artıq Azərbaycanı da düşündürməyə başlayıb.
 
Ermənistan İqtisadiyyat Nazirliyinin qısa bir dövr ərzində 50 min İnformasiya Texnologiyaları (İT) mütəxəssisinin Rusiyadan Ermənistana köç etməsi barədə açıqlaması geniş rezonans doğurub.

Ötən gün ölkənin baş naziri Nikol Paşinyan da Rusiya prezidentinin iştirakı ilə keçirilən bir tədbirdə bu haqda danışıb.

Əslində məsələyə kənardan baxsaq, deyəcəyik ki, köçüb, köçüb, burada nə var ki? Və təəssüf ki, Azərbaycanda da əksər insanlar bu məlumatı elə ciddiyə almadan üzərindən keçdi.
 
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz hələ Rusiya-Ukrayna müharibəsinin ilk vaxtlarından həyacan təbili çalır ki, bu ölkələrdən xaricə xeyli sayda İT mütəxəssis gedəcək və Azərbaycan onlara qapı açaraq iqtisadiyyatına dəyər qatmaqla yanaşı, hazır İT mütəxəssis bazasına sahib ola bilər.

Son dövrlər isə Rusiyadan İT mütəxəssislərin kütləvi formada Ermənistana köç etməsi bizim üçün nəinki iqtisadi, artıq milli təhlükəsizlik məsələsinə çevrilir.
Xüsusi diqqət etməli olduğumuz məqam odur ki, bu mütəxəssislər Ermənistanda işə düzəlmək üçün getməyiblər. Rusiya İT şirkətləri Ermənistanda ofis açıb və ya "remote” (məsafədən) iş üçün köçüblər.

Osman Gündüzün də qeyd etdiyi kimi, artıq söhbət, Ermənistanın və Azərbaycanın biznes mühitinə qiymət verməkdən getmir. Məsələ tamamilə başqadır.
Ekspert də vurğulayır ki, Ermənistan uzun illər boyu əldə etməyi yalnız arzulaya biləcəyi, heç xəyalına belə gətirə bilməyəcəyi strateji resursu bir anda əldə edib. Qısa zamanda 50 minlik yüksək ixtisaslı İT mütəxəssis ordusu əldə edib. Bir anda hazır İT şirkətlər, sahibkarlar qazanıblar.

Bu isə o deməkdir ki, Ermənistan bu insan reasurslarından yetərincə bəhrələnməyə, dərhal regionda və qlobal məkanlarda üstünlük qazanmağa çalışacaq.
 
Sektorda nə baş verir?  
 
Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən İKT sektorunu böhran bürüdü.
 
"Amazon”, TikTok”, "Spotify”, "Samsung” kimi  məşhur xarici İT şirkətlərin böyük əksəriyyəti Rusiyanı tərk etdi. Rusiyanın işsiz qalan yüz minlərlə İT mütəxəssislərinin kütləvi relokasiya prosesləri başladı.

Statistikalar göstərir ki, Rusiyadan baş götürüb gedən İT mütəxəssis və şirkətlər əsasən Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistana üz tutur.
Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan da 50 mindən çox rusiyalı İT mütəxəssisin, xüsusən də proqramçıların Ermənistana relokasiya etdiyini açıqladı. O, Rusiyadan son zamanlarda yalnız İT mütəxəssislərin deyil, 20 -dən çox İT şirkətin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb.
 
Nazir hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib.

Osman Gündüz qeyd edir ki, relokasiya proseslərində Azərbaycan yer almayıb. Məlumata görə, bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri, İT komandalarla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması baxımından danışıqlar uğurlu yekunlaşmayıb.
 
Bir neçə gün öncə Rusiya bazarından çıxan tanınmış Amerika şirkəti "NVİDİA” da İrəvanda ofis açıb. Bundan öncə "Yandex” də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı.

Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir.
 
Azərbaycan niyə buna görə narahat olmalıdır?

Ekspertlərin təxminlərinə görə, Ermənistanın İT bazarına bu qlobal maraq ölkənin qısa bir zamanda dövlət büdcələrini kəskin artırmağa, çevik və effektiv rəqəmsal sahibkarlıq infrastrukturu qurmaq, özlərinin nəhəng kadr korpusu hazırlamalarına və milyardlarla gətirən rəqəmsal startaplar yaratmaqlarına imkan verəcək.
 
Proqnozlara görə, bu qədər mütəxəssis ordusunun, sahibkarlar və şirkətlərin qısa zaman kəsiyində Ermənistanda toplaşması Azərbaycan və region üçün artıq milli təhlükəsizlik məsələsinə çevrilir. Onlar bu resurslardan, əllərinə düşən bu imkandan istifadə edib, türk dünyasına problemlər yaratmağa davam edəcəklər.
 
Söhbət hansı təhlükədən gedir?
 
2-ci Qarabağ Müharibəsi zamanı ön cəbhədə davam edən fiziki döyüşlərə kiber dünyada gedən informasiya savaşı da dəstək göstərdi və müharibənin gedişatına təsir etdi. Müharibə başladığı 27 sentyabr axşam saatlarında azərbaycan hakerləri tərəfindən erməni saytlarına, məşhur xəbər saytlarına başlayan hücumlarla birlikdə Ermənistanın dövlət strukturlarına məxsus çox sayda məxfi sənədlər azərbaycanlı hakerlər tərəfindən ələ keçirildi. Bu sənədlər arasında Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinə, Ermənistan Prezidentinə, Ermənistanın Xarici İşlər Nazirliyinə aid xeyli məlumatlar var idi. 29 sentyabr tarixində "Anti-armenia Team” haker qrupu tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus 10 GB həcmində məxfi sənədlər ələ keçirildi.  3 oktyabr tarixində Anti-armenia Team haker qrupunun hakerləri tərəfindən keçirilən kiber əməliyyat nəticəsində Ermənistanın Yüksək Texnologiyalar naziri Hakob Arshakyana məxsus kompüter ələ keçirildi.  Karabakh Hacking Team qrupundan olan bir neçə haker Ermənistan hökumətinin elektron sənəd dövriyyəsi sistemini sındırıb. Nəticədə 50 TB həcmində sənədlər əldə edilib.

Hazırda milli təhlükəsizliyin qorunması kiber dünyada daha da çətinləşib və ixtisaslı mütəxssislərin köməyi ilə bu sahədə uğur qazanmaq və ölkəni qorumaq mümkündür. Müharibə olmadığı vaxtlarda da informasiya təhlükəsizliyi güclü olan ölkələrə müdaxilə etmək o qədər də asan olmur.
 
Bundan əlavə, söhbət yalnız Ermənistanın rusiyalı mütəxəssislərə maaş verməsindən və ya verə biləcəyindən getmir. Məlumdur ki, İT mütəxəssislər olduqları məkandan asılı olmayaraq öz gəlirlərini təmin edə bilir. Ekspertlər bu köçün Azərbaycan üçün bir çox mövzuda təhdid olacağını proqnozlaşdırır. Gözləntilərə götə, rusiyalı İT mütəxəssislər zaman keçdikcə işlərini genişləndirəcək və daha ucuz işçi qüvvəsi üçün yerli mütəxəssisləri cəlb edəcək.

Yerli mütəxəssisləri cəlb etmək üçün onları öyrətmək, hazırlamaq və praktik bilikləri ötürmək üçün müəyyən platforma təqdim edəcəklər ki, bu da yerli mütəxəssislər üçün böyük dəstək və məktəb rolunu oynacaq.
 
Bu da yeni mütəxəssis dəstəsinin, startap və kiberordu üçün bazar rolunda əlverişli olacaq. Ən əsas bu mütəxəssislər qazandıqlarını Ermənistan bazarında xərcləyəcək, vergini bu dövlətə ödəyib dövlət büdcəsinə dəstək verəcək.
 
Bu baxımdan ekspertlər də bildirir ki, hazırda ölkəmizin  milli təhlükəsizliyinin qorunması üçün dövlət bu sahədə baş verənləri yaxından izləməli, təhlil edib fəaliyyətlərə başlamalıdır.
 
Mütəxəssislər niyə Azərbaycanı yox, Ermənistanı seçir?
 
Ermənistanın informasiya texnologiyaları üzrə qlobal dəyər zəncirlərində iştirakını artırmağa davam edir. Beynəlxalq Ticarət Mərkəzinin (ITC)  məlumatına görə, Ermənistan 2009-2017-ci illər arasında İKT ixracı iki dəfə artırıb və ixrac həcmi təxminən 94 milyon ABŞ dolları ilə 212 milyon ABŞ dolları arasındadır. Bu ixraca daha çox proqramlaşdırma xidmətləri daxildir.  Ermənistanda yaradılan startaplar isə milyonlarla investisiya qazanaraq dünyada rəqabət bazarında uğurla fəaliyyət göstərir.
 
Hazırda Azərbaycanda da istifadə edilən məşhur foto redaktə və sosial şəbəkə proqramı "PicsArt” ermənilər tərəfindən yaradılıb və dəyəri 250 milyon dolları keçib. Mobil tətbiq 600 milyondan çox yüklənib. Proqramlaşdırmanı öyrədən "SoloLearn” mobil tətbiqi də Ermənistanda yaradılıb və aylıq 1 milyon aktiv qlobal istifadəçisi var.

Hesabatda qeyd edilir ki, hazırda Ermənistanda proqram təminatı, veb dizayn, İT xidmətləri və konsaltinq, mobil proqramların hazırlanması, çip dizaynı və testi, kompüter qrafikası, multimedia, oyunlar, süni intellekt, kvant hesablamaları və elektron dizaynın avtomatlaşdırılması daxil olmaqla bir çox İKT biznes sahələri aktiv inkişaf edir.
 
Nədir bu uğurun sirri?

Beynəlxalq Ticarət Mərkəzinin (ITC) hesabatında qeyd edilir ki, Ermənistan hökuməti İKT sənayesinin inkişafına dəstək verməkdə fəal rol oynayır. Hökumət qlobal bazarda erməni İKT firmalarının rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq donorlarla, o cümlədən ABŞ ilə sıx əməkdaşlıq edir.
 
Xatırladaq ki, Ermənistanda 2019-cu ildən etibarən Yüksək Texnologiyalar Sənayesi Nazirliyi İKT və əlaqəli sənayelərlə bağlı hökumətin siyasət və strategiyalarının hazırlanması və həyata keçirilməsinə nəzarəti həyata keçirir.

Ermənistanda zəngin yüksək ixtisaslı mütəxəssislər yetişdirmək üçün bir sıra yerli universitetlər və tədqiqat institutları İKT sektoruna aid proqramların təkliflərini artırıblar. Bəziləri beynəlxalq tərəfdaşlar, yerli sənaye assosiasiyaları və "Microsoft”, "IBM” və "National Instruments” daxil olmaqla, ABŞ-ın aparıcı transmilli şirkətləri ilə əməkdaşlıq edərək tədqiqat laboratoriyaları və istehsal məkanları açıblar. Bu müəssisələr adətən İrəvanda yaradılır, lakin Gümrü və Vanadzor da daxil olmaqla ikinci dərəcəli şəhərlərdə də mövcuddur. Bu qurumlarla ABŞ universitetləri və tədqiqat institutları arasında əlaqələr getdikcə artır.
Son hesabatlarına görə, Ermənistanda İKT sektorunda fəaliyyət göstərən xarici firmaların yarıdan çoxu Amerika şirkətləridir. 
 
 
Ermənistan hökuməti uzun müddətdir ki, bu sektoru prioritet kimi müəyyənləşdirib və xarici hökumətlər, transmilli şirkətlərlə əməkdaşlıq memorandumları və sazişlər imzalayır. Hökumət Ermənistanın getdikcə daha çox rəqəmsal cəmiyyətə keçməsini diqqətdə saxlayır. Ermənistan hökuməti 2021-ci ilin fevralında ölkənin "Rəqəmsallaşma Strategiyasını” təsdiqləyib. Strategiya innovativ texnologiyaların tətbiqi və inkişafı, kibertəhlükəsizlik, məlumat siyasəti, elektron hökumət sistemləri, rəqəmsallaşma proseslərinin əlaqələndirilməsi vasitəsilə hökumətin, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasını nəzərdə tutur.

Vergi güzəştləri də startapları həvəsləndirmək üçün bir vasitə kimi istifadə olunur. Hökumət yüksək texnologiyalı müəssisələri dəstəkləmək üçün qrantlar, təhsil səfərləri, təhsil proqramları və yeni yaranmaqda olan investisiya fondunun formalaşdırılması da daxil olmaqla digər alətləri tətbiq edir.

Son illər Ermənistan beynəlxalq diqqəti cəlb edən bir sıra iri sənaye tədbirlərinə ev sahibliyi edib. Məsələn, 2019-cu il "Dünya İnformasiya Texnologiyaları Konqresi”nə 70-dən çox ölkədən təxminən 2500 iştirakçı qatılıb. Erməni Elm və Texnologiya Fondu əsas məruzəçiləri cəlb edən illik "Qlobal İnnovasiya Forumu”na ev sahibliyi edib. Son illərdə Ermənistanda İKT sənayesinin mühəndislik və sənaye komponentini inkişaf etdirmək üçün "Mühəndislik Həftəsi” keçirilib.

Ermənistan istedadlı mütəxəssislər yetişdirmək üçün yalnız paytaxtda yox, digər rayonlarda da təhsil müəssisələri və innovasiya mərkəzləri yaradaraq ekosistem formalaşdırır. İrəvanın kənarında "Mühəndislik şəhəri”nin inkişafı istiqamətində işlər aparılır. Bu milyon dollarlıq müəssisə yerli firmaları qəbul etməyə, startapların inkubasiyasını asanlaşdırmağa və ən müasir alət və texnologiyalara çıxışı təmin etmək üçün xidmət etməyi hədəfləyir.
Əlbəttə ki, Ermənistanın bu sahəyə dövlət səviyyəsində diqqəti və səyləri xarici şirkətləri, mütəxəssisləri də cəlb edir.
 
Bəs Azərbaycanda vəziyyət necədir?
 
Uzun müddət davam edən dava qırğından sonra nəhayət gələn ildən İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatika fənni üzrə qəbul imtahanı verəcəklər.

Yadıma gəlir, 2014-2015-ci illərdə "Azərpoçt”a dronlarla bağlı sorğu ünvalamışdıq, qurumun rəsmisi dronun nə olduğunu bizdən soruşmuşdu. Halbuki həmin vaxt dünyada "Amazon” kimi şirkətlər artıq dronlarla poçt daşımaları üzərində işləməyə başlamışdır.
 
Azərbaycanda hələ ötən ildən startaplar üçün vergi güzəştləri tətbiq edilməyə başlayıb. "Startap şəhadətnaməsi”ni alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
 
Artıq 20 ilə yaxındır ki, Azərbaycanın İKT sektorunda tənzimləyici qurum məsələsi müzakirə mövzusudur. Ölkəmizdə bu sektorda tənzimləmə, nəzarət, uçot, idarəetmə və kommersiya səlahiyyətləri bir dövlət qurumunda cəmləşib. Qonşu ölkələrin əksərində bu tip problemlər uzun illər öncə öz həllini tapıb. Yəni, onlarda tənzimləməni ayrı qurum edir, siyasəti başqası formalaşdırır, kommersiya ilə özəllər məşğul olur.
 
Bizdə də belə bir qurumun yaradılmasının vacibliyi və fomalaşdırılması uzun illər bir çox dövlət proqramlarında, strategiyalarda nəzərdə tutulub, amma reallaşmayıb.
 
Nəhayət, bir il bundan öncə rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirlməsi ilə bağlı Prezident fərmanı qəbul edildi. Bu fərman əsasında ilk dəfə olaraq sektorda tənzimləyici qurumun- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin yaradılması nəzərdə tutuldu.  Eyni zamanda bu fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradıldı.
Hər iki qurum uyğun sahələrdə uçot, nəzarət və tənzimləməni həyata keçirməlidir.

Amma üstündən bir il keçməyinə və adı çəkilən Agentliklərin müvafiq hüquqi sənədlərinin, Nizamnamələrin hazırlanmasına 2-3 ay nəzərdə tutulmasına baxmayaraq hələ də bu Agentliklərdən xəbər yoxdur.

RİNN bu tip sənədlərin hazır olduğunu açıqlasa da görünən odur ki, qurumların formalaşması başa çatmayıb. RİNN-in hazırladığı digər konseptual sənədlər kimi bu hüquqi sənədlərin də təsdiqlənməsi indiyədək reallaşmayıb. Sektordakı problemlər isə çoxdur və getdikcə də artmaqda davam edir.
 
Sektorun bir çox sahələrində ciddi ləngimələr var. Ekepertlər də vurğulayır ki, Azərbaycanda xüsusən İKT sektorunda daha münbit şəraitin yaradılması və tənzimləmə sahəsində, xidmətlərin keyfiyyətinə nəzarət sahəsində, operatorlar və provayderlər arasındakı münasibətlər və dövlətə məxsus rabitə resurslarından effektiv istifadə sahəsində uzun illərin yığılımış problemlərinin həllini sürətləndirmək üçün RİNN səylərini gücləndirməlidir.
 
Hazırda Azərbaycan nəinki xarici İT mütəxəssisləri, öz İT mütəxəssislərini belə ölkədə saxlayıb imkanlarından yararlana bilmir. Son illərdə xüsusən İT sahəsində ölkəmizdən xaricə xeyli sayda beyin axını oldu. Bu mütəxəssislər "Google”, "Samsung”, "İnstagram”, "Twitter” kimi məşhur şirkətlərdə çalışaraq onlara  gəlir qazandırmağa davam edir.
 
Bu sahədə çalışan mütəxəssislər də qeyd edir ki, Azərbaycanda İT şirkətlər üçün imtiyazlar demək olar ki mövcud deyil. Startaplar üçün hansı investisya proqramları yoxdur. Doğrudur, "Startap şəhadətnaməsi” gəlir vergisindən azad edir. Amma bu imtiyazı əldə etmək üçün mütləq işə başlamaq tələb edilir ki, vergidən də azad olasan. Startapçılar da qeyd edir ki, banklar investisyanı hələ kənara qoyaq, onlayn ödəniş platformalarına qoşulmaq üçün nə qədər faiz tələb edilir. Bu şərtlərdə İT şirkətləri və mütəxəssisləri bazara cəlb etmək mümkün deyil.
 
Biz isə öz savadlı və bacarıqlı İT kadrlarımızın xarici şirkətlərə qatdıqları dəyərləri kənardan  izləməklə kifayətlənməyə davam edirik. Amerika Birləşmiş Ştatlarında Masaçusets Texnologiya İnstitutunun məzunu olan həmyerlimiz Tural  Bədirxanlı "Namo Media” interaktiv reklam proqramını yaratdı və "Twitter” tərəfindən 50 milyona satın alındı. Biz isə kənardan yalnızca bunu deyə bildik ki, "Tural azərbaycanlıdır”. Amma Turalın beyninin yaratdığı məhsul Amerikanındır, Amerika adınadır, dadını da, gəlirini də Amerika görür.
 
İSTİQAMƏT: 5.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 
 

Məltəm Talıbova 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol