Cəbhədə yaşanan gərginlik müharibəyə səbəb ola bilərmi?
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.
Bəs cəbhədə yaşanan gərginlik yenidən geniş miqyaslı müharibəyə səbəb ola bilərmi?
Politoloq Fikrət Sadiqov Azərbaycanın geniş miqyaslı müharibə tərəfdarı olmadığını bildirib.
"Biz yeni və geniş miqyaslı müharibənin tərəfdarı deyilik. Biz öz torpaqlarımızı azad etmişik. Hal-hazırda baş vermiş bu toqquşmalarda da öz suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə edirik. Bundan sonra da belə bir təxribatlara lazımi adekvat cavabımızı verəcəyik. Münaqişəni Ermənistan istəyir. Biz əslində onlara bir sıra təkliflər irəli sürmüşük və onları sülh müqaviləsinə imza atmağa çağırırıq.Onlar isə bunu dərk etmirlər və yaxud kiminsə tərəfindən idarə olunurlar”, - politoloq deyib.
O, baş vermiş təxribatların yeni müharibəyə çevrilməsi ilə bağlı qərarsızdır.
"Bu geniş miqyaslı müharibəyə çevrilməsinin real olub olmayacağını deyə bilmərəm. Amma biz onların hər bir addımlarına, təxribatlarına cavab verəcəyik. Geniş miqyaslı müharibə ermənilərin özlərinə də ziyandır. Çünki bu, onların həm iqtisadiyyatına, həm hərbi potensialına, həm də imicinə zərbədir”, - Fikrət Sadiqov deyib.
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan tərəfi birgə bəyanatla üzərinə götürdükləri öhdəliklərini pozur.
"Bir neçə dəfə həmin istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin kəşviyyat-diversiya qruplarının fəaliyyəti müşahidə olunurdu. Bu, sonda Azərbaycan tərəfinin səbrinin daşmasına gətirib çıxartdı. Görünən odur ki, Ermənistan qətiyyətlə birgə bəyanatla üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək niyyətində deyil”, - hərbi ekspert deyib.
O, Azərbaycan və Ermənistan arasında bufer zonanın yaradılmasının artıq mütləq bir zərurətə çevrildiyini deyib.
"Baş verən bu proseslər onu göstərir ki, Azərbaycan ilə Ermənistan arasında bufer zonanın yaradılması artıq mütləq bir zərurətdir. Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etmək və Ermənistanda baş qaldıran revanşist ideyaların məhv edilməsi üçün əlində olan bütün qüvvə və vasitələrdən bundan sonra da istifadə edəcək. Azərbaycan ordusu düşmən təxribatlarının qarşısını alması üçün kifayət qədər təsirli və effektiv tədbirlər görməkdə davam edir. Yaranmış bu gərgin vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - Ədalət Verdiyev əlavə edib.
Politoloq Altay Göyüşov isə bu gün Qarabağda yaşanan gərginliyin Azərbaycanın dünyaya təcavüzkar dövlət kimi qəbul edilməsinə səbəb ola bilər.
"Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil. Mənim görüşümə lazım olan əlavə torpaq, ərazi, yekəlmək istəklərini kənara ataraq elə indiki oturduğumuz yerlərdə ədalətli sistem quraraq ləyaqətlə yaşamağımızdır. Tərəqinin də yolu budur. Çoxluq belə düşünməsə, nə özü, nə uşaqları bir gün görəcək"Ə - Altay Göyüşov Facebook hesabında yazıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda yaşanan bu günkü gərginlik nəticəsində Ermənistan 49 hərbiçi itirib. Azərbaycan tərəfin itkiləri barədə rəsmi məlumat yoxdur.
Sadiq Cavadov
www.anews.az
Son xəbərlər
Daha çox