Zəngilan qızıl yatağının kəşfiyyatına başlanılıb

Böyük Britaniyanın Anglo Asian Mining PLC şirkəti (AAM) Azərbaycanın Zəngilan rayonunda (Şərqi Zəngəzur, ölkənin cənub-qərbi) Vejnəli qızıl yatağında intensiv kəşfiyyat işlərinə başlayıb, - bunu AAM Azərbaycanın maliyyə direktoru İlham Xəlilov bildirib.
"Zəngilan rayonu erməni işğalından azad edildikdən sonra biz Vejnəli yatağında kəşfiyyat işlərinə başladıq. Düşərgə artıq quraşdırılıb. Biz də artıq dörd illik kəşfiyyat proqramını Azərbaycan hökumətinə təqdim etmişik”, - Xəlilov bildirib.
Onun sözlərinə görə, ərazinin minalardan təmizlənməsi ilə paralel olaraq intensiv kəşfiyyat işləri aparılacaq. Bunu nəzərə alaraq, Xəlilov qeyd edib ki, şirkətin hələlik yatağın böyük bir hissəsinə çıxışı yoxdur.
Direktor onu da qeyd edib ki, şirkətin Qarabağdakı Qızılbulaq və Dəmirli yataqları üzrə müqavilələri var, lakin hələlik Rusiya sülhməramlılarının bu ərazilərdə müvəqqəti olması səbəbindən onlara çıxış məhduddur.
Eyni zamanda o qeyd edib ki, 2023-cü ildə Gədəbəy rayonunda Zyafər faydalı qazıntı yatağının istifadəyə verilməsi nəzərdə tutulur.
Vejnəli müqavilə sahəsi Əmirxanlı və Ağbən kəndlərinin yaxınlığında yerləşir, sahəsi 300 kvadrat kilometrə yaxındır. Yatağın ehtiyatları sovet dövründə aparılan kəşfiyyat işlərinin nəticələrinə görə, 6,5 ton qızıl (C1+C2) və 2,3 ton qızıl (P1) və 3 min ton mis təşkil edir.
Bu yataqların istismarı üzrə PSA müqaviləsi 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir.
2021-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, AAM sərəncamında üç yeni müqavilə bloku aıb və birində qalmaq hüquqlarından imtina edib. Beləliklə, hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.
Gədəbəy yatağından ilk qızılın hasilatı 2009-cu ildə, gümüşün çıxarılması isə 2010-cu ildə başlanıb. 2013-cü ilin sentyabrında şirkət Qoşa müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda Anglo Asian Mining Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 