Azərbaycan Bakı-Tbilisi-İrəvan formatında danışıqlara razıdır
Azərbaycan Bakı-Tbilisi-İrəvan formatında üçtərəfli məsləhətləşmələr keçirməyə hazırdır, bu barədə Prezident İlham Əliyev bildirib.
"Bu gün Gürcüstanın baş naziri ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında məsləhətləşmələrlə bağlı fikir mübadiləsi apardıq. Əgər Ermənistan razılaşarsa, biz də buna hazırıq”, - Əliyev bazar ertəsi Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata açıqlama verərkən deyib.
Əliyev həmçinin qeyd edib ki, Gürcüstanla strateji münasibətlər müttəfiqlik münasibətləri səviyyəsinə çatıb.
"Bu gün bir çox sahələrdə sıx əməkdaşlıq etdiyimiz üçün strateji münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləmək olar. Eyni zamanda, ikitərəfli əməkdaşlıq formatı təkcə ölkələrimiz üçün deyil, bütövlükdə region və Avropa üçün vacibdir”, - deyə Əliyev bildirib.
Öz növbəsində Gürcüstanın baş naziri bildirib ki, danışıqlar zamanı regiondakı vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub.
"Mən və Gürcüstan hökuməti sülh siyasəti üçün mümkün olan hər şeyi edəcəyik. Regiondakı xoşməramlı münasibətlər əməkdaşlığın heç bir formasına zidd deyil, bu, yalnız onları gücləndirəcək və əminəm ki, biz birlikdə çox şey edə bilərik”, - Qaribaşvili bildirib.
O əlavə edib ki, Tbilisi Azərbaycan Prezidentinin Cənubi Qafqaz ölkələri arasında üçtərəfli formatda əməkdaşlıq haqqında oktyabrın 6-da Praqada təklif etdiyi təşəbbüsü dəstəkləyir.
Əliyev oktyabrın 6-da Praqada "Avropa Siyasi Birliyi” sammiti çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan-Gürcüstan-Ermənistan vahid platformasının yaradılmasının vacibliyini bildirib. Onun fikrincə, belə bir platforma çərçivəsində enerji, rabitə və digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə oluna bilər.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox