Azərbaycan Qazaxıstandan zəmanətli neft gözləyir

Azərbaycan və Qazaxıstan neftin Bakı-Supsa neft kəməri ilə nəqli şərtləri ilə bağlı danışıqları davam etdirir. Bu barədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.
"Danışıqlar davam edir, ümid edirəm ki, Qazaxıstandan neft olacaq, amma nə vaxt bilmirəm. Hesab edirəm ki, ən vacibi proqnozlaşdırıla biləndir. Biz bilməliyik ki, hansı həcmlərdən danışırıq ki, müəyyən sabitlik olsun. Bu məsələ ilə bağlı danışıqlar davam edir", - Elnur Soltanov bildirib.
Yayda "KazMunayQaz"ın (KMG) İqtisadiyyat və Maliyyə üzrə İdarə Heyətinin sədr müavini Dauren Karabaev bildirmişdi ki, Qazaxıstan neftin Azərbaycan ərazisindən nəqli ilə bağlı danışıqlar aparır.
"Azərbaycanın iki neft kəməri var - Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa, potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər", - o qeyd edib.
Hazırda istismar olunmayan Bakı-Supsa kəmərinin ötürmə qabiliyyəti ildə 7 milyon tondan çox neftə nəzərdə tutulub. Onunla neftin nəqlinin dayandırılması səbəbi Qara DƏniz limanlarında Rusiyanın Ukraynaya qarşı başladığı savaş nəticəsində yaranmış mürəkkəb durumdur. Belə ki, 2022-ci ilin mayından BP bu kəmərlə neft nəqlini durdurub və bütün neft həcmləri hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ixrac edilir.
N.Təbrizli
www.anews.az