Azexport.az vasitəsilə sifarişlər 3% azalıb

Azərbaycan ixracatçıları 9 ayda Azexport.az vasitəsilə 356 milyon dollarlıq sifariş alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
"2022-ci ilin yanvar-sentyabrının yekunlarına əsasən, Azərbaycan istehsalçıları Azexport.az portalı vasitəsilə ümumi məbləği 356,3 milyon ABŞ dolları məbləğində məhsul ixracına dair sifarişlər alıb", - məlumatda deyilir.
2021-ci ilin 9 ayı ərzində Azexport.az vasitəsilə sahibkarlara 367,6 milyon ABŞ dolları məbləğində sifarişlər daxil olub.
Yanvarda sifarişlərin həcmi 45,2 milyon dollar, fevralda 38,7 milyon dollar, martda 48,7 milyon dollar, apreldə 30,1 milyon dollar, mayda 52,3 milyon dollar, iyunda - 33,4 milyon dollar, iyulda - 40 milyon, avqustda - 32,8 milyon, sentyabrda - 35,1 milyon dollar olub.
2021-ci ildə Azexport.az portalı vasitəsilə məhsulların ixracına daxil olan sifarişlər 496,1 milyon ABŞ dolları təşkil edib və 2020-ci illə müqayisədə 18,8% azalıb.
Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabrında Azexport.az portalını istifadəyə verib. Bütün fəaliyyət dövründə Azərbaycan istehsalçıları portal vasitəsilə ümumi məbləği 3 milyard 5 milyon ABŞ dolları məbləğində məhsul ixracına dair sifarişlər alıb.
N.Təbrizli
www.anews.az