Türkmənistan Transxəzər layihəsində maraqlı olduğunu bildirib

Transxəzər layihəsi gündəmdən çıxarılmayıb, bunu Türkmənistan baş nazirinin müavini Şahım Abdrahmanov ADIPEC konfransında bildirib.
O, deyib ki, bu layihə Azərbaycan ərazisindən Gürcüstana və daha sonra Şərqi Avropa ölkələrinə qaz kəmərinin çəkilməsini nəzərdə tutur.
Baş nazirin müavininin sözlərinə görə, Türkmənistanın potensial ehtiyatları 71,2 milyard ton neft ekvivalentindədir ki, bunun da 53 milyard tonu quruda, 18,2 milyard tonu dənizdədədir. Türkmənistanda 190-dan çox neft və qaz yatağı aşkar edilib.
Ən böyük Qalkinış yatağının bitişik strukturları ilə ehtiyatları 27,4 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
2015-ci ildə Azərbaycan,Türkiyə və Türkmənistanın Avropa İttifaqı ilə enerji sahəsində uzun müddətli əməkdaşlıqla bağlı bəyannamə imzalamasına və Türkmənistanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarında iştirak etməsinə baxmayaraq Transxəzər qaz kəmərinin tikintisi iə bağlı real nəticə əldə olunmayıb.
Kəmərinin reallaşmasının qarşısında duran əngəllər əsasən geosiyasi səbəblərdir. Rusiya və İran enerji bazarlarını qorumaq məqsədi ilə, Xəzər akvatoriyasının çirklənməsi ehtimalını əsas gətirərək, layihənin reallaşmasına etiraz edir. Bu dövlətlər 2003-cü ildə Xəzər Dənizinin Ətraf Mühitinin Qorunması ilə bağlı Tehran Konvensiyasına əməl olunmasını tələb edirlər. Konvensiyaya əsasən, ətraf mühit və enerji resurslarının nəqli ilə bağlı məsələlər region ölkələrinin iştirakı ilə tənzimlənməlidir.
Zəngin qaz resurslarına sahib olan Türkmənistan da qaz layihələrinin diversifikasiyasında maraqlı olduğunu bildirib.
2008-ci ilədək Türkmənistanın nəql etdiyi 80 milyard kubmetr qazın 50 milyard kubmetri Rusiyaya ixrac edilirdi. Son dövrlərdə Türkmənistanın Mərkəzi Asiya-Çin Qaz kəməri (CACG) vasitəsi ilə Çinə nəql etdiyi təbii qazın həcmində artım müşahidə olunmaqdadır. 2018-ci ildə Türkmənistanın ixrac etdiyi təbii qazın 78%-nin (təxminən 33.3 milydiard kubmetr) Mərkəzi Asiya-Çin qaz kəməri vasitəsi ilə Çin Xalq Respublikasına nəql edilməsi, Çinin Türkmənistan qazı üçün əsas enerji bazarına çevrilməsinə sübutdur. Nəticədə, Türkmənistanın karbohidrogen gəlirlərinin əhəmiyyətli hissəsi tək alıcı – Çindən asılıdır.
Mərkəzi Asiya-Çin Qaz kəmərinin (CACG) tikintisi də Çindən alınan kreditlər hesabına reallaşdırıldığından Türkmənistan qaz satışından əldə etdiyi gəlirlərin böyük hissəsini kreditlərin qaytarılmasına xərcləyir. Enerji qiymətlərinin enməsi fonunda bu tendensiya təhlükəli xarakter aldığı üçün, Türkmənistan enerji bazarlarını şaxələndirilməkdə maraqlıdır.
N.Təbrizli
www.anews.az