ƏDV-nin qaytarılan məbləği 15%-dən 17,5%-ə kimi artırılacaq

Azərbaycan hökuməti 2023-cü ildən etibarən nağd və nağdsız əməliyyatlar üzrə əhaliyə qaytarılan ƏDV-nin məbləğinə yenidən baxmağı təklif edib. Bu barədə parlamentə təqdim olunan "Vergi Məcəlləsinə dəyişiklik layihəsi"ndə bildirilib.
Dəyişikliklərə əsasən, ticarət və xidmət obyektlərində nağdsız ödənişlər üzrə ƏDV-nin qaytarılması məbləğinin 15% 17,5%-ə qaldırılması təklif olunub.
Eyni zamanda, ƏDV-nin qaytarılmalı olan məbləği nağd şəkildə ödənildikdə 10%-dən 5%-ə endirilib.
"Bu təklif nağdsız ödənişlərin stimullaşdırılmasına yönəlib", - qanunda göstərilib.
Azərbaycanda ƏDV dərəcəsi hazırda 18% təşkil edir.
2020-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyev "ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiqləyib. Mexanizmə əsasən, Azərbaycan vətəndaşları ticarət və ya iaşə obyektlərində ödəniş edərkən ƏDV-nin bir hissəsini 30 gün ərzində ala bilərlər.
Mexanizmə əsasən, ƏDV-nin qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı satın alarkən satıcıdan nəzarət-kassa aparatının çekini və terminal nəzarət-kassa aparatına qoşulmadıqda POS terminaldan çıxarışı tələb etməlidir.
Portal 2020-ci ilin mayından istifadəyə verildiyi gündən indiyədək sistemdə 1,9 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.
Portal fəaliyyətə başlayandan indiyədək 771 milyon çekə görə ƏDV-nin qaytarılmış hissəsinin məbləği 319,9 milyon manat təşkil edib.
N.Təbrizli
www.anews.az