Orta tibbi personalın 2023-cü ildə maaşı arta bilər - Zaur Əliyev

İcbari Tibbi Siğorta Dövlət Agentliyi gələn il orta tibb personalının əmək haqqlarının artırılması məsələsinə baxa bilər. Bunu agentliyin İdarə heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib.
"Büdcə vəsaitləri artdıqca biz yenidən maaşlara baxırıq. Hal hazırda 2022-ci ilin iyununda 19 min həkimin maaşı artırıldı. Növbəti ildə biz orta tibbi personalın əmək haqqını artıra bilərik. Vəsait uyğun olursa biz bunu edirik", - Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, 2023-cü il üçün İcbari Tibbi Sığorta Agentliyinin büdcəsi 2,4 milyard manat təşkil edəcək. Bu isə hər vətəndaşa 240 manat vəsaitin düşməsi deməkdir.
Zaur Əliyev həmçinin qeyd edib ki, gələn ilin zərfinə əlavə tibbi xidmətlər də əlavə ediləcək.
"Təkliflər zərfinə əlavələr edərkən biz prioritetlərə fikir veririk. Əsasən ölüm hallarının səbəblərini araşdırırıq. Statistika göstərir ki, Azərbaycanda ölüm hallarının əsas səbəbi ürək və qan damar xəstəlikləridir. Odur ki, biz zərfə bütün ürək və qan-damar xəstəlikləri üzrə əməliyyatları daxil etmişik", - Əliyev deyib.
Onun sözlərinə görə, bundan başqa bir qism göz üzərində əməliyyatlar, o cümlədən protezlərin hazırlanması da gələn ilin icbari sığorta zərfinə əlavə ediləcək.
Hazırda 700 adda xidmət icbari tibbi sığortaya cəlb olunur. İcbari tibbi sığorta Azərbaycanda 2021-ci ildən tətbiq edilir.
Gülnar Nazimqızı
www.anews.az