Azərbaycanda startapları maliyyələşdirəcək fond yaradılıb

Azərbaycanda startapların maliyyələşdirilməsi üçün 11,3 milyon manat (indiki məzənnə ilə 6,65 milyon ABŞ dolları) investisiya ilə vençur fondu yaradılıb.
Fondun yaradıcıları "Caucasus Ventures” Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "PAŞA Holdinq”dir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sözlərinə görə, fondun yaradılmasına yatırılan investisiyaların həcmi 11,3 milyon manatdır. Bunun 5 milyon manatı nazirlik, 5 milyon manatı PAŞA Holdinq, 1,3 milyon manat özəl sektorun payına düşür.
Paşa Holdinqin rəhbəri Cəlal Qasımovun sözlərinə görə, venture fondun yaradılması Azərbaycanın imicinə müsbət təsir edəcək.
"Dünyada ölkələr 3 yerə bölünür. Birincilər infrastruktira investisiya qoymuş ölkələrdir. Bura ABŞ, ÇİN, Yaponiya kimi ölkələr daxildir. İkinci qrup ölkələr dünyada baş verən yeni ideyaları öz ölkələrinə gətirərək innovasiyalara yol açanlardır. Üçüncü qrup ölkələr isə innovasiyalardan qorxanlardır. Biz əlimizdən gələni etməliyik ki Azərbaycan üçüncü qrup ölkələr sırasından çıxıb ən azı ikinci qrup ölkələr sırasına daxil olsun. Bu gün dövlətlə birlikdə Azərbaycan investorları bu fondu açır. Pahsa Holding olaraq əlimizdən gələni edəcəyik ki bu fond uğurlu olsun və iqtisadiyyatın güclənməsinə təkan versin", - Cəlal Qasımov bildirib.
Fondun rəhbəri Məmməd Kərimin sözlərinə görə, fond həm yerli, həm də regional startapları maliyyələşdirəcək.
"Biz əsasən toxum mərhələsində olan startaplara yatırım edəcəyik. Bunlar maliyyə, tibb, təhsil, süni intelekt tərkibli mobil təcrübəsi yaxşı olan, bulud texnologiyaları kimi sahələri əhatə edən startaplar olacaq. Fond yaxın 5-7 il ərzində 50 startapa investisiya qoymaq niyyətindəyik. Həm Azərbaycan, həm də regional startaplara yatırımlar edəcəyik. Fondun üçdə ikisi Azərbaycan, üçdə biri isə bölgədə olan startap layihələrinə yönəldiləcək", - Məmməd Kərim bildirib.
Kərim həmçinin bildirib ki, ilkifondun yatırım fondu 10 milyon manat təşkil edəcək,1,3 milyon manatı müəyyən təşkilatı işlərə xərclənəcək. 3 ilərzində bütün vəsait yerləşdirildikdən sonra ikinci və üçüncü fonda ehtiyac ola bilər.
"Venture fondlar riskli sərmayə sayılır. Texnoloji və innovativ xarakterli layihələrə yatırım edilir. bunlar uğursuz layihələr də ola bilərlər. Fondun məqsədi talantlı adamları yeni layihələrə təşfiq etməkdir", - Kərim bildirib.
Məmməd Kərimin sözlərinə görə, fondun 44% dövlət, 56% isə özəl sektor hesabına formalaşacaq. Dövlətlə yanaşı bu fonda 7 özəl sahibkar qoşulub.
"Fondun gəlirləri ənənəvi biznesdə olan gəlirlilikdən az olmayacaq. Əsasən maliyyə texnologiyaları , elektron ticarət , oyun sahəsində daha çox startapların olacağını proqnozlaşdırırıq", - o söyləyib.
Fond xaricdə yaşayan Azərbaycan və Azərbaycandan kənarda yaşayan vətəndaşlar üçün də nəzərdə tutulub.
"Diaspora üzvlərinin hər hansı startapı varsa onlar da iştirak edə biləcəklər. Startapçılara təkcə maliyyə deyil həmçinin ilk müştərilərini tapmaqda, dövlət datalarına çıxışda da yardım ediləcək", - Kərim deyib.
10 milyon manat investisiya az deyilmi sualına cavab da isə fond rəhbəri dedi ki, ilk mərhələ üçün nəzərdə tutulan 10 milyon manat pilot xarakteri daşıyır. Fond planladığı kimi işləri qura bilsə daha böyük məbləğdə olan fondlar aça biləcək.
Kərimin sözlərinə görə, fond Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiyada startapların maliyyələşdirilməsində də maraqlıdır.
N.Təbrizli
www.anews.az