“Azərkosmos”un peyk istismarından əldə etdiyi gəlirlər 44% azalıb

2022-ci ilin yanvar-oktyabrında "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir keçən ilki $39 milyondan $21,7 milyona kimi azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
Şirkətin ümumi gəlirinin 81%-i telekommunikasiya və optik peyk xidmətlərinin ixracından əldə olunub. Hesabat dövründə şirkətin xidmətlərinin əsas hissəsi Böyük Britaniya (5,5 milyon dollar), Fransa (4,6 milyon dollar), Lüksemburq (3,6 milyon dollar), BƏƏ (1,9 milyon dollar) və Pakistanın (1,2 milyon dollar) payına düşüb.
Oktyabrda "Azərkosmos” 2,4 milyon ABŞ dolları məbləğində olan bu xidmətləri 36 ölkəyə ixrac edib.
2021-ci ildə "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 45,3 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 0,4% çoxdur.
"Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasında yerləşir, - red) orbitə buraxılıb.
2014-cü ilin dekabrında "Azərkosmos” və Fransanın "Airbus Defence and Space” şirkəti "Azersky” peykinin "Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalayıb. Peyk 2014-cü ilin iyununda orbitə çıxarılıb və 12 il orbitdə qalacaq.
2018-ci ilin sentyabrında Azərbaycan Kuru kosmodromundan "Azerspace-2” telekommunikasiya peykini orbitə çıxarıb.
"Azərkosmos” 2010-cu ildə təsis edilib. Onun funksiyalarına peyklərin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlərin alınması üçün sığorta şirkətlərinin seçilməsi, kosmik (peyk) operatorları ilə əməkdaşlığın qurulması və bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
N.Təbrizli
www.anews.az