Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb

"Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 investor tərəfindən alınıb. Hərrac prosesi yüksək aktivliklə müşahidə olunub. Dollar istiqrazlarının alıcıları siyahısında yerli fiziki və hüquqi şəxslərlər yanaşı, xarici investorlar da var. Emissiyanın əsas hissəsini fiziki şəxslər əldə edib.
Bu isə fiziki şəxslərin qiymətli kağızlar bazarına və "Unibank”a artan marağının göstəricisidir. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. Bu qiymətli kağızlar hazırda ölkə bazarında dollar valyutasında təqdim olunan ən yüksək gəlirli istiqrazlardır. Emissiyanın təşkilatçısı və anderrayteri "Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
"Unibank”ın bütün qiymətli kağızları Bakı Fond Birjasının listinqinə daxil edilib. Bütün səhm və istiqrazların listinqə daxil edilməsi mövcud normativlərə və qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, bankın dayanıqlı maliyyə, müasir korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir.
Unibank-Sənin Bankın!
www.anews.az