Son iki ildə sahibkarlara verilən subsidiyanın həcmi açıqlandı

Azərbaycanda 2020-2022-ci illərdə sahibkarlara 68 milyon manat subsidiya verilib. Bu barədə Sahibkarlara dəstək fondu məlumat yayıb.
"Fonddan Azərbaycanda sahibkarlar COVID-19-a dəstək çərçivəsində 2020-2022-ci illərdə ümumilikdə 67,9 milyon manat subsidiya alıblar", - məlumatda deyilir.
Fonddan verilən məlumata görə, ümumilikdə, subsidiyaların verilməsi üçün sahibkarlardan 6333 müraciət daxil olub, onlardan 5047-si təmin edilib.
Təmin edilən subsidiyaların məbləği 71,4 milyon manat təşkil edib.
Azərbaycan hökuməti sahibkarlara 1 milyard manatlıq kreditlər üzrə subsidiyaların ödənilməsi üçün 100 milyon manat ayırmağı planlaşdırırdı.
Azərbaycan Nazirlər Kabineti 2020-ci il iyulun 9-da "Sahibkarlara verilən kreditlər üzrə faizlərin dövlət zəmanəti və subsidiyalaşdırılması Qaydalarını” təsdiq edib. Qaydalara əsasən, COVID-19 pandemiyasından zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara zəmanət və subsidiyalar verilir.
Faiz subsidiyaları dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə hesablanır və ödənilir.
Sahibkarların fəaliyyət sahəsi zərərçəkmiş şəxslərə aid olmadıqda, 10 mart 2020-ci il tarixinə sahibkarın ödənişində 60 gündən çox gecikmə olduqda və vəsaitin geri alınması ilə bağlı məhkəmə qərarı olduqda zəmanət verilmir.
Zəmanət həmçinin banka bağlı şəxslərə, dövlətin payı 50%-dən çox olan sahibkarlıq subyektlərinə, habelə riskli vergi ödəyiciləri qrupuna aid olan sahibkarlara verilmir.
Şərtlərə görə, hər bir kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır.
N.Təbrizli
www.anews.az